Bakı İnzibati Məhkəməsi Ombudsman Aparatını necə və neçəyə aldadır
Yəqin meşəyə odun qırmağa gedən şəxsə əmisi oğlunun ayı ilə qarşılaşacağı halda nə edəcəyi barədə gülməcədən bilgilisiniz. Ayını daşla, bıçaqla, tüfənglə vuracağını deyən şəxsin əmisi oğlu “birdən daş olmadı, bıçaq işə yaramadı, tüfəng açılmadı” deyəndə, “sən kimin əmioğlususan, mənim, yoxsa ayının?” suallı cavabı məsələ dönüb. Lətifəsi Ombudsman Aparatından uzaq, bu gün yox, illərdir vətəndaş məhkəməyə gedəndə, elə bil, döyüşə gedir. Düzdür, məhkəmə işi elə dava-döyüş sayılır, amma bu davada məhkəmənin özü tərəf tutmur, arbitr, obyektiv hakim rolunu oynayır. Bizdə isə, özəlliklə, inzibati məhkəmə davasının iştirakçısı üç “cəbhə” ilə üz-üzədir: qarşı inzibati orqan, Vəkillər Kollegiyası (VK) və ... hakimin özü!(?) İndi, gəl, bu davanı ud görüm, necə udursan! Elə məhkəmə savaşında “əmioğlunun” məhkəməyə, məhkəmənin inzibati-dövlət orqanlarına, vəkillərin məhkəməyə və dövlət orqanlarına “əmioğluluq” etməsi üzə çıxır. İnsan hüquqları üzrə müvəkkilə- ombudsmana müraciət edəndə bəlli olur ki, məhkəməyə, inzibati-dövlət orqanlarına, VK-ya “əmioğluluq edənin” yekəsi elə Ombudsman, Aparatı imiş!
1-ci dərəcəli Qarabağ əlilinin xəstəxanada sistem altında yatanda, qabaqcadan 2 ərizəsinə baxmadan, vəkil ayırmadan, hüquqi yardım göstərmədən Bakı İnzibati Məhkəməsində (h.Bəhlul Cəlalov) iddianın mümkün sayılmaması haqqında 13.09.2023 tarixli birtərəfli qərardad qəbul edilməsindən şikayətini Ombudsman Aparatı , barəsində şikayət edilən məhkəmənin və hakimin özünə göndərib və bütün suçun məhkəməyə müraciət edən əlildə olması cavabını alıb. Bəs məhkəmənin heç bir suçu yoxdur? Belədə deyiblər, ay Ombudsman ( Aparatı) “əmioğlu” , kimin müvəkkili- “əmisi oğlusan”, xəstəxanada ölümlə çarpışan əlilin, yoxsa məhkəmənin, hakimin?
23.10.2023-cü il tarixli məktubla Ombudsman Aparatının (OA) rəhbəri Aydın Səfixanlı bildirib ki, 13.09.2023 tarixli qərardadla vəkillə dövlət hesabına təmin olunma barədə ərizə rədd edilib və qərardad şəxsi kabinetdə yerləşdirildiyindən prosessual qanunvericiliyin tələbinə uyğun olaraq rəsmi qaydada verilmiş sayılır. Buradaca yekə bir “stop” qoyub, soruşaq, hörmətli OA rəhbəri, siz kimin əmioğlususunuz, xəstəxanada sistem altında yatan əlilin, yoxsa elektron məhkəmə sisteminin adından dələduzluq edən məhkəmənin? 13.09.2023-cü ildə iddiaçı əlil xəstəxanada olanda iclas keçirilməsi, özü də bu barədə “elektron məhkəmə” sistemi araçılığı ilə məlumat verilməməsi hansı qanunda, hansı məcəllədə yazılıb? Hanı “elektron məhkəmə” informasiya sistemində vəkillə dövlət hesabına təmin olunma barədə ərizəyə baxış iclasının təyin edilməsi haqqında xəbərdarlıq, məlumat, sms-bildiriş? Öncədən iclas təyin etmədən, xəbər vermədən necə iclas keçirilə bilər? Hələ vəkildən imtinanın vicdansız əsaslandırılmasını demirik. Hakim Bəhlul Cəlalov öncədən iddianın mümkün sayılmayacağı “əsası” ilə 1-ci dərəcəli Qarabağ əlilinin dövlət hesabına vəkillə təminatından imtina edib, Ombudsman (Aparatı) isə bu imtinanı “şəxsi kabinet” “əsası” ilə haqlı sayır.
“Stop”u götürüb, Ombudsman Aparatının Bakı İnzibati Məhkəməsinə “xəstəxanada da “əmioğluluq” etməsinə şahid olaq: “.. xəstəxanada yatdığınız halda məhkəmə iclasının keçirilməsi ilə bağlı qeyd edilir ki, əvvəla, Siz məhkəmənin 02.05.2023-cü il tarixli iclasında iştirak etmiş, Sizə qanunvericliyin tələbləri izah edilsə də, göstərilən nöqsanlar aradan qaldırılmamışdır”. Burada balaca “stop” qoyub , soruşaq, “asqırmağın qulunca nə aidliyi var”, bəyəm 02.05.2023-cü ildə iclasda iştirak etmək 4 ay 10 gün sonra xəstəxanada yatanda iclas keçirməyə haqq verir? Eyni zamanda , bəyəm məhkəmənin özü “elektron məhkəmə” sistemindən yararlanmır, video görüntü yoxdur, yalandan hansı izahdan danışılır, hanı sistemdə, kameranın yaddaşında yerləşdirilən izah, hanı yardım haqqında elektron sistemdə , şəxsi kabinetdə yerləşdirilən məktub, yazışma və s.?
Keçək növbəti “sayıqlamaya”: “ Xəstəxanada müalicə almağınız barədə sənədlərinizi elektron kabinet vasitəsilə TƏQDİM EDƏ BİLƏCƏYİNİZ HALDA, bu barədə hər hansı sübut təqdim etməmisiniz”. “Bərəkallah”, “əmioğlu”, sən kimin əmisioğlusan, xəstəxanada sistem alında “internetsiz müalicə olunan” Qarabağ əlilinin, yoxsa “elektron məhkəmə” sisteminə heç bir məlumat daxil etməyən məhkəmə dələduzlarının? 1-ci dərəcəli əlilə dövlət hesabına vəkil ayrılmasından imtina edən məhkəmə qarşı tərəfi- DSMF-in 39 saylı vəkil bürosunun vəkili, böyük mütəxəssisi Emil İsgəndərlini hüquqverici sənəd olmadan işə necə buraxıb? Onu da vurğulayaq ki, VK da 1-ci dərəcəli Qarabağ əlilinə vəkil ayrılmasını təmin etməyib, Hüquqi Yardım və Tədris Mərkəzi 5 saylı hüquq məsləhətxanasından vəkil (Nurəddin Kantayev) ayırsa da, sonuncu ödənişsiz olduğundan xidmətdən imtina edib.
Üç tərəflə savaşan 1-ci dərəcəli Qarabağ əlilinin müdafiə, hüquqi yardım hüququna qadağa qoyan dördüncü tərəfin – Ombudsmanın, Aparatının “müvəkkillik diqqəti”nə xəstəxanadan çatdırırıq ki, dövlət hesabına vəkillə təminatla bağlı ərizənin təmin edilməməsi haqqında qərardaddan şikayət müddəti bitməmiş iş üzrə yekun məhkəmə aktı çıxarıla bilməz. Sözügedən qərardaddan şikayət isə hələ də İPM-in tələbinə uyğun apellyasiya instansiyasına göndərilmir. Bu göndərilməmənin də suçu xəstəxanadakı müalicə sistemindədir, yoxsa, “elektron məhkəmə” sistemində?
Məğrur Bədəlsoy
Teref.az olaraq iddalarla bağlı qarşı tərəfin mövqeyini dərc edə bilərik!
Teref.az