Hakim köməkçisi məhkəmə sədri İxtiyar Abuşov haqqında ciddi ittihamlar səsləndirib. O, hakimin qeyri-etik hərəkətlərindən bezdiyini deyib.
Musavat.com xəbər verir ki, Saatlı Rayon Məhkəməsinin işçisi, hakim köməkçisi Rasim Sultanov çalışdığı məhkəmədəki problemlərlə bağlı fikirlərini bölüşüb.
Rasim Sultanov deyir ki, məhkəmə sədri onunla qul kimi davranır: "Məhkəmədə hakim köməkçisi vəzifəsində çalışıram. Məhkəmənin sədri qeyri-etik hərəkətləri ilə artıq məni bezdirib. Özü 4 min manat maaş alır, mən isə 410 manat. Maaş məni qane etsə də, sədr elə düşünür ki, mən ona qul olmalıyam".
Hakim köməkçisi ittihamlara əlavə edir ki, sədr özü işləmir, amma onların da işləməyin bəyənmir:
"Özü axşama qədər yatır, amma bizi bütün günü işləməyə məcbur edir. Onun dediyi işləri görən də yenə də razı deyil. Qədim Roma imperiyasında quldarlıöln olduğunu bilirdim, amma indi quldarlığın olduğunu düşünmürdüm. Biz hüquqşünaslar həmişə kimlərinsə problemini həll edirik. İndi bizim problemimizi kim həll edəcək? Axı, məhkəmə hüququn beşiyidir".
Məsələ ilə bağlı Saatlı Rayon Məhkəməsi ilə əlaqə saxlamaq mümkün olmadı.