Ali Məhkəmənin hakimi Xəqani Məmmədovun Azərbaycanda plastik və alüminium məhsullar istehsal edən böyük şirkətlərdən biri “AZPROF” MMC-nin səhmlərini yaxın adamının adına keçirdiyi iddia edilir.
“Qafqazinfo”ya müraciət edən İran vətəndaşı Hacı Reza Əkbər bildirib ki, o, “Tulu Fəcr Tehran Limited” şirkətinin Azərbaycandakı səlahiyyətli nümayəndəsidir və bu şirkət “AZPROF” MMC-nin 50 faiz payına malikdir.
İddiaya əsasən, milyonlarla dollar dəyərində olan onlara məxsus 50 faiz pay etibarsız əqd əsasında 10 min manata digər şəxslərə satılıb. Lakin bu alqı-satqı müqaviləsi Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ilə etibarsız hesab edilib. Apellyasiya və Ali Məhkəmə bu qərarı qüvvədə saxlayıb.
Şikayətçinin sözlərinə görə, qətnamə qanuni qüvvəsini aldıqdan sonra aylarla icra edilməyib: ““Tulu Fəcr Tehran Limited” şirkəti həmin müəssisədə rəsmi olaraq pay sahibi olsa da, faktiki olaraq fəaliyyət göstərə bilmirik.
Qətnamənin icra olunmamasının və məhkəmə instansiyalarında süründürməçiliyə məruz qalmağımızın səbəbi Ali Məhkəmənin hakimi Xəqani Məmmədovdur. Hazırda bizim şirkətə Xəqani Məmmədovun Xanlar adlı əmisi oğlu rəhbərlik edir.
Amma biz 50 faiz pay sahibi olduğumuz şirkətə girə bilmirik. Digər pay sahibləri də bizə açıq şəkildə deyir ki, qətnaməni ləğv etdirəcəyik, sizə məxsus pay artıq Xəqani Məmmədovundur”.
Hacı Reza Əkbər qeyd edir ki, aidiyyatı dövlət qurumlarına müraciət etdikdən sonra qarşı tərəf də Konstitusiya Məhkəməsinə müraciət edib: “Belə işlər nadir hallarda Konstitusiya Məhkəməsində icraata götürülür. Bu işi də Xəqani Məmmədov Konstitusiya Məhkəməsinə çıxartdı və qərarın ləğv edilərək yenidən apellyasiya instansiyasına göndərilməsinə nail oldu. Hətta bu iş üzrə Ali Məhkəmənin Plenum iclasında yeganə əleyhimizə sual verən hakim də Xəqani Məmmədov idi”.
“Qafqazinfo” iddialara münasibət öyrənmək üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmənin mətbuat katibi Allahverdi Məmmədli saytımıza açıqlamasında bildirib ki, bu məsələnin hakim Xəqani Məmmədova heç bir aidiyyatı yoxdur: “Xəqani Məmmədovun bu işdə hər hansı marağı yoxdur. Əgər iddia olunduğu kimi hansısa marağı olsaydı, elə Ali Məhkəmədə həmin İran vətəndaşının əleyhinə qərar çıxarılardı. Amma Ali Məhkəmədə Xəqani Məmmədovun da tərkibdə olduğu işdə qərar İran vətəndaşının xeyrinə çıxarılıb. Onların əleyhinə qərarı isə Konstitusuya Məhkəməsi verib”.