Azərbaycan Premyer Liqasının X turunda “Neftçi” ilə qarşılaşacaq “Səbail” çempionatda rəqibini sonuncu dəfə 4 il 8 ay əvvəl məğlub edib.
“Report”un araşdırmasına görə, “dənizçilər” 2019-cu ilin fevralında “ağ-qaralar”a səfərdə qalib gəliblər.
Həmin vaxtdan bəri komandalar arasında 17 qarşılaşma baş tutub ki, bunun 12-də “Neftçi” qələbə qazanıb, 5-də bərabərlik qeydə alınıb. Ümumiyyətlə, “Səbail” tarixi ərzində “Neftçi”ni cəmi 2 dəfə məğlub etməyi bacarıb. Bunun birincisi komandalar arasında 2017-ci ildə keçirilən qarşılaşmaya təsadüf edib. Bu həm də “Səbail”in doğma meydanda güclü rəqibi üzərində ilk və yeganə qalibiyyətidir.
“Səbail” Premyer Liqada mübarizə apardığı 2017-ci ildən bəri 11 dəfə “Neftçi”ni qəbul edib. “Ağ-qaralar” son 10 səfər matçının 7-də 3 xal sevinci yaşayıb, 3 dəfə isə heç-heçə ilə kifayətlənib.
“Səbail”lə “Neftçi” çempionatda 25-ci dəfə qarşılaşacaqlar. İndiyə qədər qeydə alınan nəticələrə baxsaq, “Neftçi”nin böyük üstünlüyə malik olduğunu görərik - 17 qələbə, 5 heç-heçə, 2 məğlubiyyət. Vurulan qollarda da böyük fərq var. “Ağ-qaralar”ın 51 qoluna rəqib cəmi 14 dəfə qarşılıq verib. Digər diqqət çəkən məqam son 14 duelin hamısında “Neftçi”nin qol vurmasıdır.
Qeyd edək ki, oktyabrın 20-də keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.