Dəyərli dostlar,
Müstəqil Azərbaycanın vətəndaş cəmiyyəti sektorunda ən önəmli hadisələrdən biri və qazanılmış ən böyük nailiyyət Nazirlər Kabineti tərəfindən ötən ay təsdiq olunmuş QHT Agentliyinin qrant qaydalarıdır. Həqiqətən verilən açıqlamalardan, tezislər əsasında maraqlı açıqlamaların verilməsində bu qənaətə gəlmişəm.
Tam səmimi deyirəm, mənim qaydalarla işim yoxdur, dövlətimiz bu cür sənəd təsdiq edib, biz ona əməl etməliyik.
Zamanla həmin sənəd təkmilləşə və ya dəyişikliklər edilə bilər. Amma mən həmin sənədi tərifləmək uğrunda yaxa cıranlara məəttəl qalmışam.
Fevral ayında həmin vicdan yoxsullarını görəcəyik. Təbii ki, onların ətrafı ən çox bu qrantlardan yararlananlar olacaq.
Bu gün QHT Agentliyində 5 aydır davam edən özbaşınalığı, QHT sektorunun məhvə doğru getməsini sevinclə və həvəslə seyr edən qüvvələr var.
Onlar dünən də və bu gün də pusqudadırlar.
Onların adamları bu gün həm QHT Agentliyində, həm də QHT sektorunda yer alıblar.
İstənilən vaxt çömçələrini işə salıb bu sektoru necə lazımdır qarışdıra bilirlər. Özləri də yaxşı bilir ki, dedikləri səhvdir, amma Agentliyi uçuruma aparmaq üçün bilərəkdən təriflər yağdırırlar.
Şan şöhrətə həvəsli adamlar həmişə saxta tərifi xoşlayırlar. Ona görə hələ ki təriflərdən baş gicəllənmə mərhələsindəyik, bir az zaman lazımdır ki, daşlar yerinə otursun.
Artıq QHT-lərə mesaj verilir ki, cəmi 200 və ya bir az artıq QHT-yə pul ayrılacaq. Əvvəllər 400-500 QHT-yə qrant verilməsi yanlış yanaşma idi. Həmin qərarı o vaxt bir nəfər verirdi, bundan sonra hər şey kollegial olacaq.
Necə ki, 2023-cü il qrantlarını da elə “kollegial” verdilər.
Saxtakarlıq sanki bizim canımızdadır, nə vaxta qədər görüntü yaradacaqlar anlamıram.
QHT Agentliyinin yeni nəzarətçisi də QHT-lərə qarşı çox səxavətlidir. Keçmişdə “Qulp” verilişinin aparıcısı Mübariz Əsgərova bu il yüz minə yaxın pul verdirib.
Ancaq film və roliklərə üstünlük verir. Hazırda Zəfər Günü ilə bağlı video hazırlanması üçün də QHT-lər axtarırlar.
Görünən odur ki, bundan sonra prodakşn açmaq, “nadir hallarda efirə getmək şansı olacaq” filmlər layihəsi hazırlamaq lazımdır.
Agentlik bu qədər film çəkib, 1-2 nəfərin filmindən başqa qarşıma çıxan olmayıb.
Nə isə. Hər şey kənardan açıq aydın görünür.
Oyunu quranlar da, oyunu oynayanlar da, məttahlar da. Biz də pulsuz tamaşaya baxırıq.
Samir Adigozelli
Teref.az