Axtarış...

"Nazirliklər öz QHT-ləri vasitəsilə büdcədən milyonları talayırlar" - İTTİHAM

"Nazirliklər öz QHT-ləri vasitəsilə büdcədən milyonları talayırlar" - İTTİHAM

Hazırda dünyada 10 milyona qədər QHT mövcuddur. Azərbaycanda 3200-dən çox QHT var və onların hamısı fəal deyil.

QHT-lər yoxsulluğun azaldılması, yeni imkanların yaradılması, insan hüquqlarının qorunması və bu kimi məqsədlər üçün yaradılır. QHT-lərin ilk dəfə yarandığı ABŞ-da, eləcə də Avropada bu təşkilatların Mərkəzi Kəşfiyyat İdarəsi, ABŞ Dövlət Departamenti və ya hər hansı transmilli korporasiyalara gizli formada bağlılığı olur, əsas məqsəd xeyriyyəçilik adı altında casusluq, ictimai təfəkkürə təsir və Qərbin maraqlarına xidmətdir. 2014-cü ildə Azərbaycan belə meylləri olan bir çox QHT-ləri ləğv etdi, yeni qanunlar tərtib olundu. Lakin ölkəmizdə adı olub özü olmayan, dövlətdən maliyyə alan ictimai təşkilatlar az deyil. Bu gün vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi sayılan QHT-lərimizin fəaliyyəti qənaətbəxsdirmi? Müasir İnkişaf İctimai Birliyinin sədri Mübariz Göyüşlü Bizimyol.info-nun suallarını cavablandırarkən nöqsanlarımızdan və görülməli olan işlərdən danışıb.

- QHT sektoru hazırda çox passiv durumdadır. İctimai aktivlik çox zəifdir. Cəmiyyətin bu qədər problemlərinin mövcudluğuna rəğmən QHT-lərin adekvat aktivliyini görə bilmirik. Bir neçə ictimai təşkilatı çıxmaq şərtilə aktivlik demək olar ki, yox dərəcəsindədir. Bunun obyektiv və subyektiv səbəbləri var. Əsas səbəb təbii ki, maliyyə ilə bağlıdır. Xarici donorlardan qrant alınmasında çətinliklər var. 2014-cü ildə qanuna edilən dəyişikliklər bunu mümkünsüz hala gətirib. Daxili donor məsələsi də o qədər ürəkaçan deyil. Əsas donor QHT Şurası idi, ləğv olundu və QHT Agentliyi yaradıldı. Şura zamanında bu sektorda müəyyən işlər gördü, çalışmalar həyata keçirdi. Lakin problemləri tam həll edə bilmədi. İndi QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaradılıb. Agentliyin Müşahidə Şurasının üzvləri aktivlik göstərirlər, QHT təmsilçilərilə görüşlər, müzakirələr keçirilir. Görüşlərin birində mən də iştirak etdim və ümid edirəm ki, səslənən təkliflər, irəli sürülən məsələlər nəzərə alınacaq. Eyni zamanda Agentliyin fəal, dövlətçi, təcrübəli, bacarıqlı QHT təmsilçilərilə əməkdaşlıq edəcəyini gözləyirəm. Mən buna ümidliyəm. Əks təqdirdə problemlər olduğu kimi qalacaq. Onların həllində bizim təşkilat fəal iştirak etməyə, dəstək göstərməyə hazırdır.

- QHT-lərin maliyyələşməsində hansı problemlər var?

- Daxili donorların əksəriyyəti, xüsusən nazirliklər qrant verilməsi məsələsində qeyri-şəffaf fəaliyyət göstərirlər. Nazirliklər və dövlət komitələrinin əksəriyyəti yaxın adamlarına, yaxud özlərinin yaratdıqları QHT-lərə milyonlarla manat məbləğində vəsaiti verməklə dövlət büdcəsini talayırlar. Faktiki olaraq bu yolla pulu bir ciblərindən digər ciblərinə qoymuş olurlar. Bu da rəqabətli çalışmanın, ictimai aktivliyin, sanballı işlərin görülməsinin qarşısını alır. Ortada mənimsəmə faktı varsa, hansı normal işdən danışmaq mümkündür?

- QHT-lərin qeydiyyatı ilə bağlı durum nə yerdədir?

- Bununla bağlı qanunun dəyişdirilməsinə böyük ehtiyac var. Mən müşahidə edirəm ki, Prezidentin köməkçisi, Prezident Admnistrasiyasının şöbə müdiri Hikmət Hacıyev bu istiqamətdə çalışmalar həyata keçirmək üçün QHT-lərlə, o cümlədən bu sahənin mütəxəssisləri ilə aktiv şəkildə görüşlər və müzakirələr aparır. Qanunvericilikdə dəyişikliyin həyata keçirilməsi də gündəmdə olan məsələdir. Mən 5-6 il bundan əvvəl dediyim fikri təkrarlamaq istəyirəm. QHT-lərin qeydiyyat prosesi elektronlaşmalıdır. Məmur vətəndaş ünsiyyəti minimuma endirilməlidir. Yalnız bu halda buradakı problem aradan qalxa bilər. QHT-lərin qeydiyyatı istiqamətində qarşıda duran süni maneələri aradan qaldırmaq lazımdır. Nə qədər çox QHT qeydiyyatdan keçərsə, o qədər çox ictimai aktivlik olar ki, bu da vətəndaş fəallığı deməkdir. Bu da təbii ki, özlüyündə müsbət haldır.

- İctimai şuralara keçirilən seçkiləri necə müşahidə edirsiniz?

- Mən bu barədə daha əvvəl dediyim fikirlərimi təkrarlamaq istəyirəm. Açığı deyim ki, bu istiqamətdə çalışmalar və proseslər başlayanda çox ümidliydim. Amma prosesin gedişatında çox məyus oldum. Bir sıra qurumlarda seçkilərin saxtalaşdırılması, QHT-lərin bir-birinə qarşı qəbuledilməz davranışları, bir şəxsin bir neçə şurada təmsilçilik üçün dəridən-qabıqdan çıxması və s. kimi iyrənc hallar bu işi gözdən saldı və mahiyyətindən uzaqlaşdırdı. Bir şəxsin bir neçə yerdə təmsilçiliyi qanunla qadağan deyil. Amma axı bir adam misal üçün həm iqtisadiyyatdan, həm nəqliyyatdan, həm miqrasiyadan, həm də səhiyyədən necə töhfə verə bilər. Həm də bəzi şura üzvləri oraya yalnız öz şəxsi işlərinin həlli üçün seçilirlər. Tək-tük İctimai Şura tapmaq olar ki, doğurdan da çalışır və o sahə üzrə problemləri həll edə bilir, vətəndaşlarla qurum arasında vasitəçi olur. Ümumilikdə isə proses mahiyyətindən uzaqlaşıb və durum çox bərbaddır.

- QHT sektorunun inkişafı ilə bağlı təklifiniz nədən ibarətdir?

- QHT-lərin maliyyələşməsi üçün prosedurlar sadələşdirilməli və genişləndirilməlidir. QHT həm xarici, həm də daxili donordan təqdim etdiyi layihənin sanbalına görə qrant ala bilməlidir. QHT özəl sektor əməkdaşlığı üçün dövlət qurumlarının həvəsləndirici qaydalar tətbiq etməsi lazımdır. İctimai təşkilatların qeydiyyatı asanlaşdırılmalıdır. QHT sektorunda canını qoymuş adamların dövlət tərəfindən qiymətləndirilməsi, faydalı təşkilatların dövlət tərəfindən ofislə, maliyyə ilə təmin edilməsi üçün ciddi proqramlar və işlər görülməlidir. Doğurdan da ciddi çalışmalar həyata keçirən QHT-lərin yaşaması dövlətin ancaq faydasına ola bilər. Ona görə də bu sektorda illərdir yığılıb qalmış problemlərin həlli üçün bacarıqlı QHT təmsilçilərilə birgə çalışmaqla əsl islahatların həyata keçirilməsinə ehtiyac var.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz