Bakıda fəaliyyət göstərən "Adress Baku” restoranı ilə keçmiş işçisi Nurlana Qasımova arasında qalmaqal yaşanır.
Nurlana Qasımova baş verənlərin təfərrüatları barədə Qaynarinfo-ya danışarkən bildirib ki, restoranın rəhbərliyi onun əmək hüquqlarını pozub.
"Mən bu ilin yanvar ayında "Adress Baku” restoranında işə düzəlmişəm. Amma mart ayında qeydiyyata alıblar. Yəni, mənimlə əmək müqaviləsi 2 ay sonra imzalanıb. Birinci qanunsuzluq burdan başlayır”, deyə Nurlana Qasımova bildirib.
Onun sözlərinə görə, restoranda bir neçə nəfərin işini görüb. Amma aldığı əmək haqqı gördüyü işin müqabilində çox az olub:
"Ona görə də bir neçə ay sonra işdən çıxmaq istədiyimi restoran rəhbərliyinə bildirdim. Dedim ki, burada bir neçə nəfərin işini görürəm, bunun müqabilində isə az maaş alıram. Məni işdən çıxmağa qoymadılar. Göndərdilər "Sea Breez”ə. Amma orada da eyni vəziyyətlə üzləşdim. Yəni, yenə də artıq işlər və az maaş. Bu dəfə işdən çıxmaq barədə təkid etdim. Amma yenə dedilər ki, çıxma. Yenidən "Adress Baku”ya qaytardılar və dedilər ki, maaşın da artacaq, əlavə işlər də görməyəcəksən. Vədlərinə əməl etmədilər. Əvəzində məndən xəbərsiz müqaviləyə xitam verib, işdən çıxardılar”.
O baş verənlərlə bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət etsə də, nəticəsiz qalıb:
"Oradan mənə cavab gəldi ki, müqavilənizin vaxtı bitib. Bu aydındır. Bəs müraciətimdə sadaladığımı qanunsuzluqlar necə olsun? Əmək haqqımı kəsiblər. Əlavə işlərin pulunu verməyiblər”.
Nurlana Qasımova Azərbaycan Qida Təhlüküəsizliyi Agentliyinə də müraciət edib. "Restorandakı qidalarla bağlı müraciət etmişəm. Antisanitariya olur, qidaların keyfiyyəti aşağıdır və s. Bütün bunları müraciətimdə qeyd etmişəm”, deyə "Adress Baku”nun keçmiş işçisi bildirib.
AQTA-dan gələn cavabda qeyd edilib ki, müraciət əsasında restoranda yoxlama aparılıb və qida təhlükəsizliyi baxımından texniki normativ hüquqi aktların tələblərinin pozulması faktları aşkar edilib və pozuntularla bağlı obyektin rəhbəri inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo Nurlana Qasımovun iddiaları ilə bağlı restoranla əlaqə saxlayıb. Restoranın Orxan adlı mühasibi onun iddialarını əsassız sayıb:
"Həmin şəxsin müqavilə müddəti bitib və biz də işə xitam vermişik. Burada hər hansı qanunsuzluq yoxdur. O adam Dövlət Əmək Müfəttişliyinə də müraciət edib. Amma qurumdan bizə heç bir irad bildirilməyib. Çünki qanunsuz iş görməmişik. Ona da bildirilib ki, müqavilənin müddəti bitib. Əmək haqqı məsələsinə gəlincə, onun maaşı tam olaraq verilib. Bu xanım əvvəl də başqa bir restoranda işləyib. Orada da bu cür qalmaqal yaradıb”.
"Adress Baku” restoranının "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri Rauf Vəliyevə məxsus olduğu iddia edilir. Qaynarinfo bu iddia ilə də maraqlanıb. Restoranın mühasibi əvvəlcə onun kimə məxsus olması barədə məlumatsız olduğunu desə də, sonradan zəng vuraraq obyektin sahibinin Kamran adlı şəxs olduğunu bildirib. Lakin bu şəxsin restoranın sahibi deyil, icarədarı olduğu barədə iddialar var.