Axtarış...

““Ağ Şəhər”də məni 327 min xərc qoyduğum obyektimə buraxmırlar” - ÖZBAŞINALIQ!

Sahibkar Ülvi Əliyev “Bakı Ağ Şəhər Ofis Binası” MMC tərəfindən külli miqdarda ziyana məruz qaldığını iddia edir. Onun sözlərinə görə, şirkətlə iaşə obyekti ilə əlaqədar bağladığı icarə müqaviləsinin şərtlərinə əməl olunmayıb. Nəticədə sahibkarın restorana yatırdığı 320 min manatlıq investisiya batıb.

Millitv.az -ın məlumatına görə, “Qafqazinfo”ya müraciət edən Ü.Əliyev bildirib ki, 2018-ci ildə “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə Nobel prospektində yerləşən 422 kv metrlik restoran üçün illik 75 960 manatdan icarə müqaviləsi bağlayıb: “Müqavilənin müddəti 1 sentyabr 2018-ci il tarixdən qüvvəyə minməklə 31 avqust 2028-ci ilədək müəyyən edildi. Restoranın işlək vəziyyətinə gətirilməsi üçün, ümumilikdə 319 112 manat xərc çəkmişəm. Həmin xərcə restorana mənim tərəfimdən alınan avadanlıqlar daxildir. 2020-ci ilin martından etibarən dünyada baş verən COVID-19 virusunun qarşısının alınması məqsədilə tətbiq olunan qapanmalarla əlaqədar, restoranın da fəaliyyətini dayandırmaq məcburiyyətində oldum.

Pandemiya vaxtı onlayn fəaliyyətin davam etdirilməsi mümkün olmadı. Buna baxmayaraq, mülkiyyətçi tərəfindən icarə haqqının ödənilməsi tələb olundu. Pandemiya vaxtı bəzi aylarda icarə haqqını şəxsi vəsaitim hesabına ödəsəm də, restoran fəaliyyət göstərmədiyindən icarə haqqını tam şəkildə ödəyə bilməmişəm. Bundan sonra, mənə icarə müqaviləsinə birtərəfli qaydada xitam verilməsi və restoranı qısa zaman ərzində boşaldaraq təhvil verməli olmağımla bağlı xəbərdarlıq məktubları göndərdilər. Mən icarə müqaviləsinin 10-cu maddəsinə əsasən fors-major hallarının olması (pandemiya) ilə əlaqədar icarə haqqından borcumun yarandığını, ümumiyyətlə qanunvericiliyin və müqavilənin tələblərinə əsasən mənim restoranı təhvil verməyim üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduqlarını bildirirdim. Lakin, buna baxmayaraq restoranı təhvil verməyim üçün təhdidlər edərək hədə-qorxu gəlirdilər”.

Şikayətçi deyir ki, 20 dekabr 2021-ci ildə restorana gələndə MMC rəhbərliyi tərəfindən restoranın qapılarının bağlandığını görüb: “Bundan sonra onlarla əlaqə saxladığımda mənə və işçilərmə restorana girməyin qadağan olunduğunu, onlara olan icarə haqqı borcunu ödədikdən sonra restoranda mənə məxsus olan avadanlıqları mənə təhvil verəcəklərini bildirdilər. Bu günədək dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə qarşı qanunsuz əməllərinə davam edirlər. Artıq mənə məxsus olan avadanlıqların hamısı yararsız vəziyyətə düşüb. Böyük çətinliklə 319 112 manat xərc əsasında yaratdığım restoranın qanunsuz əməlləri nəticəsində yararsız vəziyyətə salaraq mənə külli miqdarda zərər vurmaqla yanaşı, orada işləyənlər də işsiz qoyulub. Restoran bağlanarkən təxminən 8000 manat həcmində ərzaq məhsullarını belə dəfələrlə xəbərdarlıq etsəm də, mənə təhvil verməkdən imtina edirlər”.

Ülvi Əliyev bildirir ki, o, “Baku Food” MMC-nin rəhbəri olaraq bu işdən 327 112 manat ziyan görüb. Sahibkar məsələ ilə bağlı Bakı Kommersiya Məhkəməsinə də müraciət edib. “Bakı Ağ Şəhər Ofis Binası” MMC də məhkəmədə qarşılıqlı iddia qaldıraraq Ü.Əliyevdən ödənilməmiş ayların icarə haqqını istəyir.

Məsələ ilə bağlı “Bakı Ağ Şəhər Ofis Binası” MMC ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Eyni zamanda sorğumuza cavab ala bilmədik.

Hazırda iş məhkəmə araşdırması mərhələsindədir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz