Axtarış...

Borclu olduğu 150 min dolları qaytarmamaq üçün “torba tikdi”… – HƏBSXANADAN ŞOK MƏKTUB


Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Məmmədov Ədalət Məhərrəm oğlu tərəfindən "Hürriyyət" qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə, Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror Kamran Əliyevə, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edir. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Möhtərəm Prezident!

Diqqətinizə çatdırım ki, 07.03.2019-cu il tarixindən hal-hazıradək günahsız olaraq həbsdə saxlanılıram. Belə ki, özüm zərərçəkən olduğum halda, mənə borclu olan şəxslərdən alınan rüşvət hesabına qanunsuz olaraq azadlıqdan məhrum edilmişəm. Çox təəssüf ki, aidiyyəti orqanlara yazdığım ərizə-şikayət-müraciətlərə indiyədək heç bir cavab verilməyib.

Bildirmək istəyirəm ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş icraçı müstəntiqi, polis polkovnik-leytenantı Fəxri Babazadə mənə qarşı dələduzluq edib külli miqdarda vəsaitimi mənimsəmiş şəxslərdən rüşvət alaraq, barəmdə saxta cinayət işi açıb.

Cənab Prezident!

Sizin məhkəmə-hüquq sistemində apardığınız islahatlar, istintaq orqanlarında səffaflığa riayət edilməsi, neqativ halların aradan qaldırılması, günahsız şəxslərin əsassız ittiham edilməsi barədə kəskin çıxış və göstərişləriniz ictimaiyyət və mənim kimi günahsız yerə şərlənərək, nahaqdan cəza çəkən vətəndaşlar tərəfindən müsbət qarşılansa da, əfsuslar olsun ki, polis polkovnik-leytenantı Fəxri Babazadə kimi məmurlar tərəfindən neqativ hallara yol verilməklə, Sizin humanizm prinsiplərinizə qara kölgə salınır, ictimaiyyət arasında xoşagəlməz narazılıqlara səbəb olur.

Xüsusilə qeyd etmək istəyirəm ki, ictimaiyyət arasında "Banditizm" kimi tanınan DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müəyyən əməkdaşları qanunlara meydan oxumaqla, istənilən şəxsi həbs etmək gücünə malik olduğunu düşünürlər. Çünki onların bütün qanunazidd hərəkətlərinə hüquq-mühafizə orqanları tərəfindən göz yumulur, heç bir qanuni tədbir görülmür. Elə bunun nəticəsidir ki, özüm zərərçəkmiş olduğum halda, hüquqlarım tapdalanıb, barəmdə baş müstəntiq, polis polkovnik-leytenat Fəxri Babazadə tərəfindən əsassız cinayət işi açılıb. Əldə etdiyim məlumata əsasən, saxta ittihamla təqsirli bilinməm üçün mənə külli miqdarda borclu olan şəxslərdən - Əhmədova Xanımqız Fərəc qızından 25 min manat, Qarayev Nizami Müslüm oğlundan 5 min manat - rüşvət alınıb. Bundan əvvəl baş müstəntiq Fəxri Babazadə mənim özümdən 30 min manat rüşvət istəyib. Mən imtina etdiyim üçün, qarşı tərəflə sövdələşib, haqlı olduğum halda məni haqsız duruma salaraq tamamilə qondarma ittihamla həbs etdirib, hətta məhkəməyə təsir göstərərək, ən ağır cəzanın verilməsinə nail olub.

Hörmətli Prezident!

İbtidai istintaq və məhkəmə proseslərində baş vermis analoqu olmayan qanun və hüquq pozuntularına dair tərəfimdən dəfələrlə sizlərə, eləcə də aidiyyəti üzrə yuxarı instansiyalara etdiyim çoxsaylı əriz-şikayətlərimə etinasız yanaşılaraq cavablandırılmayıb. Hal-hazıradək də heç bir qanuni tədbir görülmədiyinə görə, son ümid yeri kimi Sizə açıq məktubla müraciət etməyə məcbur oldum.

Polkovnik-leytenant Fəxri Babazadə tərəfindən pozulmuş hüquqlarımının, yol verilmiş qanun pozuntularının qısa xülasəsini diqqətinizə çatdırıram. Bildirmək istəyirəm ki, DİN-də hal-hazırda xidmət edən Şahmar Əhmədov tərəfindən 50 min dollar, anası Əhmədova Xanımqız Fərəc qızı tərəfindən isə 100 min ABŞ dolları (ümumilikdə 150 min dollar) həcmində pul vəsaitim dələduzluqla mənimsənilib. Mən qarşı tərəfdən pulumu tələb etdikdə isə, müstəntiq F.Babazadə şantajçı Əhmədova Xanımqız Fərəc qızından 250 min manat rüşvət alaraq, ailə üzvlərini (həyat yoldaşı Rövşən Əhmədovu (Şahmar Əhmədovun atası), qızı Gülşəni və kürəkəni Cavad Kərimovu) şahid kimi istintaqa cəlb edərək, heç bir mötəbər dəlil, sübut, fakt olmadan ziddiyyətli ifadələrlə cinayət işi açıb(mənə heç bir rəsmi məlumat göndəriş, məktub göndərilmədən və zəng etmədən), iki gün sonra cinayət işinin dayandırılması barədə ardıcıl olaraq iki dəfə qərar qəbul etmişdir.

İlk öncə onu qeyd etmək istəyirəm ki, həyat yoldaşı və oğlu tərəfindən mənə külli miqdarda olan borcu qaytarmamaq üçün ölkənin hüquq-mühafizə orqanlarına etdiyi şikayətlər əsassız olduğu üçün rədd edilmişdir.

Haşiyə olaraq bildirmək istəyirəm ki, həyat yoldaşı Rövşən Əhmədov öz yaxın qohumunu əvvəl ölümlə hədələyib, sonradan 10 kq qızıl-zinət əşyalarını, əmlak və torpaq sahələrini ələ keçirib və bu səbəbdən də AR.CM-nin 132.221.177.178.179-cu maddələri ilə həbs edilib.

18.02.2018-ci il tarixdə Əhmədova Xanımqız Fərəc qızının DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə barəmdə etdiyi şikayət baş müstəntiq Hacı Əfəndiyev tərəfindən araşdırılıb və iddialar təsdiqini tapmadığı üçün rədd edilib. Sonradan - 2018-ci ilin aprelində qarşı tərəfin təkrar şikayətini baş müstəntiq Fəxri Babazadə icraata götürüb. Mən onunla söhbət zamanı artıq bu işlə bağlı bir dəfə izahat verdiyimi, şantajçının ailə üzvlərinin mənə külli miqdarda borclu olduqlarını bildirdim. Məndən təkrarən izahat və sənədlərin sürətini qəbul edən F.Babazadə sərbəst getməyimi bildirdi. Dindirmədən bir ay sonra məni təkrarən idarəyə çağırdı ki, mən cinayət işinin başlanmasını rədd etmişəm, ancaq X.Əhmədova yenə şikayətçidir, sənin onun ərindən aldığın 62 min manat pulu istəyir.

Mən bunun böhtan olduğunu bir daha onun diqqətinə çatdırdıqda, müstəntiq dedi ki, bu işin həlli üçün ya mən 30 min manat verməliyəm. Dedi ki, 30 kin ver, işə birdəfəlik son qoyulsun, ya da həmin pulu qarşı tərəf verməyə hazırdır ki, mənə cinayət işi açılsın. Mən onun təklifini rədd etdikdə, səhər saat 10:00-da təkrar idarəyə gəlməyimi istədi.

Səhərisi gün deyilən vaxtda idarəyə getdim. Məni inzibati binada qəbul edib, dəhlizdə gözləməyimi bildirdi. Hardasa axşam saat 19:00-da idarəyə şantajçı X.F.Əhmədovanı, onun qızı və kürəkənini çağırıb, hamımızı xidməti otağına apardı. Kabinetində mənə bir gün əvvəl verdiyi sualları verib, əvvəl şantajçı, sonra isə onun yanında gətirdiyi yalançı şahidlərlə üzləşdirdi. Heç bir məntiqə, hüquqi normaya sığmayan şəkildə qanunvericiliyin tələbinə zidd olaraq, fakt üzrə cinayət işi açılmadığı halda, belə bir üzləşdirmə aparıb, protokol tərtib etdi. Mən ondan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarını istədikdə, cavab verdi ki, poçtla yaşayış yerinə göndəriləcəkdir.

Bizi qeyri-qanuni olaraq (2018-ci ilin iyun ayının əvvəlində) üzləşdirən F.Babazadə iddiaçı tərəfi sərbəst buraxdıqdan sonra, məni 3 saat dəhlizdə saxlayıb, axşam saat 22:00-da sərbəst buraxdı. Bu dindirilmədən bir həftə sonra mənə zəng etdi ki, istəyirsənsə mən şikayətçini susdurum, sənə deyiləni həll edib gətirməlisən. Mən ona şantajçının ailə üzvünün məndən ələ keçirdikləri pulun qaytarılmasını xahiş etdikdə, sərt cavab verdi ki, sən həmin pulla bağlı məhkəməyə müraciət et.

Mən aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə şikayət edib, ərizənin surətini (icraata qəbul edilmiş) baş müstəntiq F.Babazadəyə verdim ki, onlar mənə 150 min dollar (245 min manat) borclu olduqları halda (və bu pulu təsdiqləyən müvafiq sənəd, etibarnamə, şahid ifadələri, məhkəmə qərarı və şəxsin yazılı izahatı olduğu halda) necə ola bilər ki, mən 62 min manat borclu olum?! Və verdiyim izahatımda şantajçının şikayət ərizəsində qeyd etdiyi hər bir epizodun saxtakarlığını sübuta yetirən şəkildə tam və hərtərəfli izahatını vermişdim. Məndən şikayət ərizəsinin surətini alan F.Babazadə heç bir cavab vermədi. Bütün qanunvericiliyin tələbini pozub, ancaq pul qoparmaq üçün bütün variantlardan istifadə edən F.Babazadə barəmdə cinayət işi və ibtidai-araşdırma olmadığı halda 15.06.2019-cu il tarixdə qeyri-qanuni olaraq ölkədən çıxışıma məhdudiyyət qoydu.

2018-ci ilin iyun ayında məndən sənədi götürən F.Babazadə, məni bir də 09.10.2019-cu il tarixdə zəng vurub idarəyə çağırdı. Bu vaxta kimi bir dəfə də olsun mənə zəng etməmiş, yaşayış yerimə hər hansı bir rəsmi məktub göndərməmişdir. Qanunlara meydan oxuyan F.Babazadənin zənginə uyğun olaraq 30 dəq sonra BMCQMİ-də oldum. Kabinetində məni qəbul edib bildirdi ki, səninlə bu gün vacib üzləşdirmə və dindirilmələr olacaq və sən şübhəli şəxs qismində saxlanılacaqsan. Mənə sözarası vurğuladı ki, vaxtında sənə deyiləndə razılaşıb versəydin, bu hadisə baş verməyəcəkdi. Əlavə etdi ki, “bizə lazım olan məbləğ qarşı tərəfdən ödənilib”.

Açıq-aşkar heç nədən qorxmayan F.Babazadə mənimlə üzləşdirməyə DİN-nin keçmiş əməkdaşı, polis polkovnik-leytenantı, mənə borcu və mənimlə ədavəti olan Qarayev Nizami Müslüm oğlunu çağırıb, barəmdə əvvəlcədən yazılmış, 5 min manat rüşvət alınaraq icraata qəbul edilmiş şikayət ərizəsinə uyğun şəkildə suallar verdi və mənim saxta ittihamlarla həbsə atılmağıma şərait yaratdı.

Möhtərəm Prezident!

Heç bir halda sübuta yetirilə bilməyən, müstəntiqin iç üzünü ifşa edib təsdiqləyən şikayət ərizəsində barəmdə yazılan böhtan xarakterli epizodları və N.M.Qarayevin şikayət ərizəsini olduğu kimi açıqlayıb, hüquqi qiymət verilməsini xahiş edirəm. Onu da xahiş edirəm ki, 1995-2018-ci ilin avqust ayına kimi DİN-də polis nəfəri kimi xidmət edib, sonra polkovnik-leytenat rütbəsi alaraq Nəqliyyatda Baş Polis İdarəsinin Dövlət Dəmiryolu Polis İdarəsi rəisinin müavini olmuş Qarayev Nizami Müslüm oğlunun barəmdə yazmış olduğu böhtan xarakterli şikayət ərizəsini rüşvət alıb araşdırmadan icraata qəbul edən, daxili işlər orqanlarında xidmətdə olan şəxsi bilə-bilə “zərərçəkmiş” kimi tanıyıb, məni əssassız ittiham edən baş müstəntiq F.Babzadə barəsində ciddi tədbir görülsün. Hesab edirəm ki, F.Babazadənin DİN-dən xaric olunaraq cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar olduğu səbəbindən, mənim barəmdə irəli sürülən saxta ittihamlara xitam verilməli, sifarişli çıxarılan hökm və məhkəmə qərarları ləğv edilməlidir”.

Redaksiyadan: Mövzunu davam etdirəcəyik. Yazıda adları qeyd olunan şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq. //hurriyyet.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz