Axtarış...

Ədliyyə Nazirliyində Prezidentə qarşı çıxan “3-cü qüvvə”… - SABİQ NAZİR MÜAVİNİNDƏN SENSASİON İDDİA

Ədliyyə Nazirliyində Prezidentə qarşı çıxan “3-cü qüvvə”… - SABİQ NAZİR MÜAVİNİNDƏN SENSASİON İDDİA

“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin təsisçilərindən biri, müdafiə nazirinin sabiq müavini Mehman Səlimov tərəfindən “Hürriyyət”in redaksiyasına növbəti məktub daxil olub. Qəzetimiz vasitəsilə Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

İlk öncə istərdim ki, özüm barədə qısaca da olsa məlumat verim.

Mən, Azərbaycan Respublikası Müdafiə nazirinin sabiq müavini olmuşam. Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Gəncə şəhərində dövlət çevrilişi cəhdinin qarşısının alınmasına rəhbərlik etmişəm və bununla bağlı H.Əliyevin Fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşam.

1995-ci ilin mart hadisələrinin qarşısının alınmasında fəal iştirak etmişəm və buna görə mənə vaxtından əvvəl polkovnik hərbi rütbəsi verilmiş, həmçinin də Prezidentin Sərəncamı ilə Müdafiə nazirinin müavini vəzifəsinə təyin edilmişəm.

Bütün ömrümü dövlətə, dövlətçiliyə xidmət göstərməyə həsr etmişəm və bu gün də dövlətin, dövlətçiliyin və Sizin, Ali Baş Komandanın yanında olduğumu daim fəaliyyətimlə sübut edirəm.

Cənab Prezident!

Sizin korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizə aparılması, cəmiyyətin bu məsələyə biganə qalmamağa səslənməsi, vətəndaşlara çağırışlar edilməsi və korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün 4 aprel 2022-ci il tarixli Sərəncamınız, bir vətəndaş olaraq, məni bu sahədə də hərəkətə gətirmişdir. Elə bu amalla da çağrışınıza qoşularaq, “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyini təsis etdik və qanunvericiliyin tələblərini əsas götürüb, İctimai Birliyin təsis sənədlərini qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə təqdim etdik. Düşündüm ki, Ədliyyə Nazirliyinin rəhbərliyi mənim cənab Prezidentin, dövlətin, dövlətçiliyin yanında olduğumu, keçmiş xidmətlərimi və əlbəttə, İctimai Birliyin qanunvericiliyin tələblərinə üyğunluğunu nəzərə alıb, İctimai Birliyi qeydiyyatdan keçirəcəklər.

Əfsuslar olsun ki, düşündüklərimizin tam əksi baş vermişdir. Belə ki, Ədliyyə Nazirliyi tərəfindən, nə bu gün Prezidentin çağrışına qoşulmağıma və Sizi dəstəkləməyimə, nə də mənim keçmiş xidmətlərimə qiymət verilməmişdir. Əksinə, Sizi dəstəklədiyimə görə Ədliyyə Nazirliyi tərəfindən aqressivlik nümayiş etdirilərək, müxtəlif bahanələr gətirilərək, İctimai Birliyin təsis sənədləri 5 dəfə geri qaytarılmışdır.

Ədliyyə Nazirliyində Prezidentə qarşı çıxan “3-cü qüvvə”…

Onu da bildirim ki, qarşılaşdığımız bu olaylar bizi amalımızdan döndərə və çəkindirə bilməyəcəkdir.

Hörmətli Prezident!

Məlumat üçün diqqətinizə çatdırım ki, bir ildə 6 dəfə İB-nin təsis sənədlərini qeydiyyatdan keçməsi üçün Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə təqdim etmişik. Qeydiyyat İdarəsi əsassız bəhanələr gətirərək, sənədləri bir ildə 5 dəfə geri qaytarmışdır. Hal-hazırda İB-nin təsis sənədləri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsindədir.

Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, Ədliyyə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən gətirilən bəhanələrə son qoyulması üçün şəxsən Ədliyyə nazirinin müavini Toğrul Musayevin qəbulunda olmuşam. Toğrul Musayev mənim yanımda İB-nin qeydiyyata alınmasına şəxsən göstəriş versə də, bu günə kimi həmin sənədlər yalançı bəhanələrlə geriyə qaytarılmışdır.

Belə çıxır ki, Toğrul Musayev məni yola vermək üçün mənim yanımda tabeçiliyində olan əməkdaşa üzdə bir tapşırıq versə də, arxada başqa cür tapşırıq vermişdir.

Sönuncu dəfə Ədliyyə Nazirliyinin sözçüsünün verdiyi məlumata görə, “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin qeydiyyatdan keçirilməməsinə maneəçilik törədən “3-cü qüvvə”nin olduğu bildirilmişdir. Dediyinə görə, həmin “3-cü qüvvə” İB-nin qeydiyyata alınmasının qarşısını ciddi-cəhdlə almaqdadır.

Cənab Prezident!

Bizi bu gün “Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin qeydiyyatdan keçrilməsi nə qədər maraqlandırırsa, 100 dəfə də bundan artığı bizi maraqlandıran “3-cü qüvvə”dir. Hansı ki, Sizin siyası kursunuzu dəstələdiyimizə görə, bizə qarşı çıxırlar və İB-nin qeydiyyatdan keçməsinin qarşısını alırlar.

Bundan başqa, bizi maraqlandıran başlıca və əsas məsələ odur ki, Ədliyyə Nazirliyində cənab Prezidentin siyasi kursuna qarşı çıxan “3-cü qüvvə” kimlərdir? Bizi maraqlandıran məsələ odur ki, Ədliyyə Nazirliyində Sizə qarşı çıxan, nazir Fikrət Məmmədovun sözünün üstünə söz qoyan “3-cü qüvvə” kimlərdir?

Hörmətli Prezident!

Görünən odur ki, bütün ömrümü dövlətə, dövlətçiliyə xidmətə həsr etdiyim və bu gün dövlətin, dövlətçiliyin və Sizin yanınızda olduğumu, siyasi kursunuzu dəstəklədiyimi hər yerdə bəyan etdiyim üçün Ədliyyə Nazirliyinin rəhbərliyinin qəzəbinə tuş gəlmişəm və hüquqlarımız pozulmaqda davam edir.

Əgər belə deyilsə, onda nəyə görə, addımbaşı bizim hüquqlarımızı pozurlar?

Cənab Prezident!

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Sizdən xahiş edirəm:

“Hüquqları Pozulmuş Məhkumların Müdafiəsi” İctimai Birliyinin qeydiyyatdan keçməsinə, həmçinin, Sizin siyasi kursunuzu dəstəkləyənlərə (bizlərə) qarşı çıxan “3-cü qüvvə”lərin kimliyi və İB-nin təsisçilərinə qarşı Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən həyata keçrilən repressiyaların qarşısının alınması barədə aidiyyəti üzrə göstəriş verməyinizi və bizlərə köməklik göstərməyinizi Sizdən xahiş edir və əvvəlcədən dərin minnətdarlığımızı bildiririk”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz