Axtarış...

Nazir oğlunun “Push 30”la bağlantısı - İLGİNC FAKTLAR


Ötən həftə araşdırmaçı Həbib Müntəzirin “Hakim oğlunun idman-fitnes biznesi” adlı araşdırması Meydan TV-də yayımlandıqdan sonra Vəkillər Kollegiyasından iradlar səsləndirilməyə başlandı. Səbəb araşdırmada bu qurumun adının keçməsidir. Araşdırmada siyasi sifarişli hökmlərdə imzası olan hakim Faiq Qasımovun oğlu Adil Qasımova məxsus biznesdən söz açılır.

Adil Qasımov Azərbaycanın idman və fitnes sektorunda böyük payçılardan biri olan “Push30”un şəriklərindən biridir. Araşdırmada Vəkillər Kollegiyasının da bu şirkətlə əməkdaşlıq etdiyi qeyd olunur.

Yazı dərc olunduqdan sonra Vəkillər Kollegiyasının sədri Anar Bağırov Meydan TV əməkdaşlarından biri ilə əlaqə saxlayıb iradlarını bildirsə də, fikirlərinin ictimailəşməsini istəmədi. Ancaq bundan sonra bəzi vəkillər sosial şəbəkələrdə Meydan TV-ni tənqid etməyə başladı. Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Anar Qasımlı ilə Ruslan Mustafazadə isə Meydan TV-yə etiraz məktubu göndərib.

Peşəkar jurnalistin hüquqi bilikləri necə olmalıdır kimi məsləhətvari girişdən sonra vəkillər yazırlar:

“Hər fürsətdə Vəkillər Kollegiyasına qarşı qarayaxma kampaniyası aparan sözdə müstəqil medianın qeyri-peşəkar mövqeyi təəssüf doğurmaya bilməz. İnternetdə kiçik axtarış aparmaq kifayət idi ki, daha obyektiv yazı yazılsın”.

Daha sonra təsdiqləyirlər ki, həqiqətən də Vəkillər Kollegiyası ilə “Push30” şirkəti arasında müqavilə bağlanıb və bu, qurumun rəsmi saytında da qeyd olunub. Vəkillər yazır ki, belə bir müqavilənin bağlanması üçün idmançı vəkillərimizdən biri təşəbbüskar olub, yazılı şəkildə Kollegiyaya müraciət edib. Çünki həmin şirkətlə müqavilə bağlandıqda vəkillər bir sıra üstünlüklər əldə edirlər:

“Buraya idman mərkəzlərindən ay ərzində limitsiz istifadə (Limitsiz giriş); Müxtəlif idman mərkəzlərindən istifadə (Ay ərzində fərqli məkanlardan istifadə); Müxtəlif idman növləri (fitness, üzgüçülük, pilates, yoga, aerobika və s.) məşğul olmaq imkanı; Mobil tətbiqdə (Push30 tətbiqi) yerləşən faydalı video dərslər və məqalələrdən istifadə etmə imkanı; İdman qidalanma mağazaları, idman geyimləri mağazaları, gözəllik mərkəzlərini əhatə edən tərəfdaş məkanlarda endirimlər və s. aiddir. Müqavilə əslində Vəkillər Kollegiyasının üzvləri üçün güzəştlərin tətbiq edilməsi haqqında razılaşmadır”.

Könüllü seçim etdiklərini, tək-tük vəkilin bu şirkətin xidmətindən yararlandığını deyən vəkillər ad çəkməsələr də, araşdırmada Vəkillər Kollegiyasının şirkətlə əməkdaşlığını tənqid edən hüquqşünas Xalid Bağırovun fikirlərindən qəzəbləndiklərini göstəriblər:

“Öz-özünə ritorik suallar verib, onları cavabsız saxlamaq kollegiyaya qara yaxmaq, onun günü-gündən artan nüfuzuna xələl gətirmək, görülən işlərə kölgə salmaq cəhdindən başqa heç nə deyil. Məzmununu, predmetini, şərtlərini bilmədiyin müqavilə haqqında fikir bildirmək, onu şərh etmək nə vaxtdan müstəqillik və obyektivlik hesab olunur?”

“Məgər Vəkillər Kollegiyası hansısa məhsul alır, pul ödəyir ki, tender keçirsin? Məgər Vəkillər Kollegiyası dövlət qurumudur ki, tender keçirsin? Hansı qanunda yazılıb ki, Vəkillər Kollegiyası tender keçirməlidir? Yazı hazırlanmazdan qabaq “Dövlət satınalmaları haqqında” qanunu açıb oxumaq olmazdımı? Hər kəsə bəllidir ki, Vəkillər Kollegiyası qeyri-dövlət təşkilatıdır, onun büdcəsi üzvlərinin ödədiyi üzvlük haqları hesabına formalaşır. Kollegiya öz vəsaitini hara və necə xərcləməsi barədə yalnız üzvləri qarşısında hesabat verir. Bu, onun müstəqilliyinin təminatlarından ən önəmlisidir”, – Anar Qasımlı ilə Ruslan Mustafazadə yazıb.
Meydan TV vəkillərin iradına hüquqşünas Xalid Bağırovdan münasibət öyrənməyə çalışın. Ancaq hüquqşünas iradlara cavab vermək istəməyib.

Meydan TV “Push30” şirkətinin şərikləri ilə bağlı əlavə məlumatlar da əldə edib. Araşdırma zamanı müəyyənləşdirib ki, Adil Qasımovun şəriklərindən biri xarici işlər naziri Ceyhun Bayramovun 27 yaşlı oğlu Rəhim Bayramlıdır. Rəhim Bayramlı müxtəlif sahələrdə yeni şirkətlərin qurulmasına fokuslanan, Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutunun nəzdində 2021-ci ildə yaradılmış “Sabah.lab” MMC-nin icraçı direktorudur. Adil Qasımov isə həmin MMC-nin əməliyyatlar üzrə baş direktordur. “Push30”un digər təsisçisi Rahul D’Mello isə “SABAH.lab”ın İdarə Heyətinin üzvüdür.

Bir müddət öncə “Abzasmedia” nazir Ceyhun Bayramovun ailə sərvətini araşdırıb. //azinforum.az//
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz