Axtarış...

“Mega City”də nə baş verir? - NARAZILIQ VAR!


Paytaxtın Yasamal rayonunda yerləşən “Mega City” yaşayış kompleksinin sakinləri və sahibkarlar “Yeni Sabah”ın redaksiyasına müraciət ediblər.

Bina sakinləri bildiriblər ki, iyul ayının 26-dan yaşadıqları binanın transformatoru partlayıb:

“Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gecə ilə gəlib yanğını söndürdü, amma həmin gündən bəri obyektlərə işıq verilməyib. Bir neçə gündən sonra mənzillər işıqla təmin olundu, lakin obyektlərin heç birinə işıq verilmədi”.

Şikayətçilər söyləyiblər ki, transformator yandığına görə mənzillərdən 100, obyektlərdən isə 200 manat pul yığdılar:

“Obyektlərin də 90%-i pulu versə də, işığı vermirlər. Hər ay komendantlar 40-50 manat da obyektlərdən kommunal ödənişlər yığılır. Biz soruşanda ki, işıqlar niyə verilmir, komendant deyir ki, bu MTK Əliyev Yaşarın balansında olan MTK-dır və transformatoru gətirmək onluqdur. Yəni bunlar pulu yığıblar, sadəcə olaraq onlar güclü transformator gətirməyiblər deyə, obyektlərə işıq verilmir”.

Həmsöhbət olduğumuz sakinlərdən birinin dediyinə görə, burada prinsip söhbəti var:

“Bu bina 2 hissədən ibarətdir. Binanın ümumi adı “Mega City” olsa da, bina “Mega City-1” və “Mega City-2”yə bölünüb. Problem yaradan isə “Mega City 2”dir. Əliyev Yaşarın Taleh adlı köməkçisi var ki, problemi yaradanlar biri məhz odur. Neçə gündür bütün obyektlər işıqsız qalıb, eləsi var artıq çıxıb gedib. İçərisində məhsulu xarab olan nə qədər adam var”.

“Obyektlərin hamısından pul alınıb, sadəcə camaatı aldadırlar ki, məsələnin həlli Yaşar müəllimlikdir. Onlar transformatoru gətirməyiblər deyə, işıq yoxdur. Biz komendantdan soruşanda o Talehlə Yaşarın üstünə atır, Taleh də deyir ki, problem komendantındır.

Bizə dedilər ki, “Azərişıq”ın problemidir, onlar da dedilər ki, bizlik heç nə yoxdur. Gətirib transformatoru qoysunlar, biz də gəlib onu təmir edək. Burada əsas problem yaradan Əliyev Yaşardır. Bu adamlar MTK-nı ondan işlətmək üçün götürsələr də, Əliyev Yaşar MTK-nı transformatorla təmin etmir”, – digər bir sakin qeyd edib.

Sakinlərin şikayəti üzrə Taleh Zərbəliyev ilə əlaqə saxladıq. O qeyd edib ki, problemin onunla əlaqəsi yoxdur və nəzarət etdiyi mənzillərə dünən elektrik verilib. T. Zərbəliyev deyib ki, “Mega City-2”də işıqların verilməməsinin oda aidiyyəti yoxdur. Onun sözlərinə görə həmin binaya Yasamal Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin sədri Araz Səlimov nəzarət edir.

Digər binanın komendantı Araz Səlimovla da əlaqə saxladıq. A. Səlimov bildirib ki, transformator iyulun 26-da axşam saatlarında Taleh Zərbəliyevin nəzarət etdiyi binada partlayış baş verib:

“Onlar gəlib transformatoru düzəltsələr də, orada yanğın baş verdi. Bundan başqa, “İnşaatçı-3” MMC-nin balansında olan transformator 2 kompleksdə xidmət göstərir. Biz 5 ildir ki, cəmiyyət yaradıb həmin şirkəti bu həyətdən uzaqlaşdırmışıq. Biz 5 il ərzində dəfələrlə demişik ki, siz transformator məntəqəsini “Azərişıq”ın balansına verin ki, canımız qurtarsın”.

“Mən 5 il ərzində sakinlərə o qədər xərcləməmişəm, nəinki o transformatora. Onlar bunu etmək istəmirlər. Partlayış baş verəndən sonra da dedilər ki, pul yığın, öz vəsaitiniz hesabına düzəldin. Sağ olsun, “Azərişıq”ın satış müdiri Yalçın müəllim gəldi, evlərin işıqlarını verdilər, amma neçə gündür məni aldadırlar və obyektlərin işığını verməyiblər. Taleh müəllimin özü mənə dedi ki, bizim bina pul yığmır deyə, çalışacaq ki, maksimum bunu gecikdirsin. Yəni transformator 2 kompleksə xidmət göstərirsə, bunlardan biri bizim, digəri də onların ərazisindədir.

İndi ikinci transformatoru quraşdırırlar ki, obyektlər də işıqlandırırsın. Biz 5 ildir deyirik ki, transformator məntəqəsini “Azərişıq”ın balansına keçirin. 5 il ərzində bəlkə də 10 minə yaxın pul xərcləmişəm bu kabellərə. Onsuz da biz elektrik enerjisi pulunu “Azərişıq”a veririk. “İnşaatçı-3” sadəcə körpü rolunu oynayır. Hazırda 300-dən çox mənzil bu şirkətin rəhbərliyindən asılı vəziyyətdədir. Onlar transformatoru öz balanslarından çıxarmaq niyyətləri yoxdur. Hazırda pulu vermişik və quraşdırılma gedir”, – komendant söyləyib.

“Yeni Sabah”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz