Bakının Suraxanı rayonu, Yeni Günəşli “A-B” massivində yeni inşa edən “Sahil - S İnşaat” MTK ondan mənzil alan sakinləri peşman edib.
Sakinlər aylardır ki, mənzillərinə köçə bilmirlər və tikinti işləri dayandırılıb. Bu barədə Anaxeber.info-ya məlumat verən payçılar qeyd edirlər ki, artıq bütün dövlət orqanlarına müraciət ünvanlayıblar.
Lakin “Sahil - S İnşaat” MTK 15 mərtəbəli binanı təhvil verməkdən imtina edir. Şirkət inşa işlərini binanın sonuncu mərtəbəsində dayandırıb, heç bir səbəb göstərmədən tikintini davam etdirmir.
Sakinlərin sözlərinə görə, MTK cəmi bir dəfə izahat verərək maliyyə çatışmazlığı ilə problemi əlaqələndirib. Bu da ondan xəbər verir ki, binanın tikintisi keyfiyyətsiz, normativlərə uyğun olmayan şəkildə həyata keçirilib. Sakinlər Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət idarəsinin bu məsələni yoxlamalı, araşdırmalı olduğunu hesab edir. Eyni zamanda prokurorluq tərəfindən şirkətin vətəndaşları aldatması, süründürməsi faktı araşdırılmalıdır.
Payçılar bildirirlər ki, aylardır kirayələrə ödəniş edirlər, paralel kredit verirlər, yəni ikiqat xərc çıxır. Lakin ailələrin gözləri intizarda qalıb, MTK binanın tikintisini yekunlaşdırıb mənzilləri təhvil vermir ki, təmirə başlasınlar, sonra köçsünlər.
Halbuki, hələ ötən ilin iyununda binanın təhvil veriləcəyi vəd olunmuşdu. Artıqn bir il keçir və binada daşı daş üstə qoyan yoxdur.
Sakinlər Baş Prokurorluq yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsindən, Fövqəladə Hallar Nazirliyindən, Bakı şəhər İcra Hakimiyyətindən “Sahil - S İnşaat” MTK-nin fəaliyyətini araşdırmağı xahiş edirlər.
Anaxeber.info