Axtarış...

Sakinlərdən yığılan işıq və qaz pulu ciblərə axır? - NARAZILIQ!

Sakinlərdən yığılan işıq və qaz pulu ciblərə axır? - NARAZILIQ!

Xəbər verdiyimiz kimi, Xırdalan şəhəri, “Rahat” MTK və “Kənan-Turan” MTK-nın sakinləri Cebhe.info-ya iş adamı “Rahat” MTK və “Kənan-Turan” MTK-nın təsisçisi Rasim Həsənovdan şikayətçi olduqlarını bildirmişdilər.

Sakinlər illərdir yaşadıqların mənzil üçün çıxarış ala bilmədiklərini, binada yük liftlərinin quraşdırılmadığını deyiblər. Binanın özünün su hovuzu və transformator binasının olmadığını, binanın yerləşdiyi ərazinin özəlləşmədiyini deyən sakinlər MTK təsisçisini vergidən yayınmaqda ittiham ediblər. Sakinlərin ittihamlarına cavab verən “Rahat” MTK-nın direktoru Ələddin Məmmədhəsənov bəzi işlərin gecikdiyini və tezliklə həll olunacağını desə də vergidən yayınma hallarının olmadığını bildirib. Ələddin Məmmədhəsənov şikayətin MTK-nın keçmiş sədri Mübariz Vəliyevə məxsus olduğunu deyib. O bildirib ki, Mübariz Vəliyev məsuliyyətsiz hərəkətlərinə görə işindən uzaqlaşdırılıb, ona görə də sakinlərin adından istifadə edərək onlaraböhtan atır. O, əslində, Mübarizin qohum olduğunu, MTK-da ona yaxşılıq edildiyini, çörək verildiyini də əlavə edib.

Ələddin Məmmədhəsənovun adını hallandırdığı keçmiş sədr Mübariz Vəliyev saytımıza müraciət edərək, barəsində səsləndirilən ittihamlara cavab verib: “Mən həmin vaxtlar “Rahat” MTK-da sədr işləmişəm.Ancaq onun dediyi kimi, Rasim mənə çörək verməyib. İşlədiyim müddətdə qanunsuz hərəkətlərə yol verməmişəm. Amma Ələddin qanunsuz işlərlə məşğuldur”.

Mübariz Vəliyev əlində bəzi faktların olduğunu qeyd edib. İddia edib ki, Ələddin Məmmədhəsənov sakinlərin suya və işığa ödədiyi pulları öz şəxsi hesabına keçirib: “Borclar artıb. 6 oktyabr 2021-ci il tarixinə olan sənədə görə, suya olan borc 73.316 manat, işığa olan borc 39.750 manat, əmək haqqından tutulan gəlir vergisinə görə borc 3.363 manat təşkil edir. Cəmi olan borc 116.429 manatdır. Ələddinin əli gəlmir ki, yığdığı bu pulları “Azərişıq”, “Azərsu” və digər qurumlara ödəsin, Vergi Xidmətinin balansına köçürsün. Sakinlərin verdikləri pul ilə özünə təzə maşın alıb və Məhəmmədi qəsəbəsində ev tikdirib. Ələddin aldığı 500 manat əmək haqqı ilə bunları necə edə bilər?”

Mübariz Vəliyev iddia edir ki, Ələddin Məmmədhəsənov işə yeni gəldikdə transformatora müdaxilə edib: “Transformatordan gələn sayğaca müdaxilə ilə işığın sərfiyyatı dəyişdirilib. “Azərişıq” nümayəndələri bu müdaxiləni bilib və “Rahat” MTK-ya 4.000 manat cərimə yazıblar. Həmin pul da sakinlərin borcuna əlavə olunub”.

O, qanunsuz olaraq layihədən kənara çıxma hallarına da toxunub:

“Kim icazə verib ki, layihədən çıxıb zirzəmiyə giriş hissəsi olan pilləkəni balacalaşdırıb, həmin binada yaşayan şəxsə 20.000 manata satasan? Həmin şəxsə müqavilə də verilib. Layihədə nəzərdə tutulan 24 kvmetrin 18 kvmetri satılıb, cəmi 6 kvmetr yer qalıb. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 78.3-cü maddəsində deyilir ki, hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncama verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Ələddinin vergi işinə qarışmağa haqqı yoxdur. Onun problemi sakinlərdən alıb ödəmədiyi 116 429 manatdır. Liftlərə, vergiyə, özbaşına zəbt olunan torpaqlara Rasim və onun komandası cavabdehdir.

Rasim Həsənov iki binada quraşdırılmayan 7 liftə və vergi maxinasiyalarına görə hesabat verməlidir. Şəxsən özü bu barədə açıqlama versin. Yəni hərə öz etdiyi qanunsuz hərəkətlərə görə cavaba verməlidir. Rasimdən soruşmaq lazımdır ki, niyə “Kənan-Turan” MTK-da 2 lift quraşdırılmayıb, yanğın əleyhinə qarşı heç bir tədbir görülməyib və həmin binanın çardaq hissəsində 106 kvmetr yeri mənzil tikintisi üçün satıb. Mən inanıram ki, yaxın vaxtlarda hər bir kəs etdiyi qanunsuz hərəkətlərə görə cavab verəcək. Mən bilirəm ki, “Kənan-Turan” MTK-nın yerləşdiyi sahə icarə müqaviləsi əsasındadır, yer özəlləşdirilməyib. Sakinlərin də tələbi budur ki, yer özəlləşdirilsin. “Rahat” MTK ilə “Kənan-Turan” MTK-da olan qanunsuz hərəkətlər edən şəxslər barəsində tədbirlər görülməlidir”.
Sakinlərdən yığılan işıq və qaz pulu ciblərə axır? - NARAZILIQ!
Sakinlərdən yığılan işıq və qaz pulu ciblərə axır? - NARAZILIQ!
Cebhe.info
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz