Ölkəmizdə Prezidentin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sərtləşdirildikcə, korrupsionerlər də tətbiq etdikləri rüşvət, mənimsəmə və talan mexanizmlərini təkmilləşdirirlər. Müşahidə olunmaqdadır ki, indi vəzifə alveri birbaşa nağd şəkildə əlbəəl alınan rüşvət yolu ilə deyil, bir az daha üstüörtülü, maskalanmış şəkildə həyata keçirilir. Məsələn, daha yuxarı mənsəb sahibi olanlar dövlətin müəyyən məbləğdə vəsait ayırdığı, icrasını da onlara tapşırdığı layihələrin xərcini çəkməyi özlərindən aşağı vəzifələrdə qərar tutan məmurlara “yükləyirlər”. Beləliklə, layihə üzrə işlər tədricən görülür, dövlət vəsaiti isə “təyinatı üzrə” silinərək “yuxarıdakı” tərəfindən “həzm-rabedən” keçirilir. Sonda isə xərc çəkən məmur qabaqcadan əldə olunmuş “centlmen sövdələşməsinə” uyğun olaraq göz dikdiyi nisbətən yuxarı, yaxud da daha gəlirli kürsüyə yiyələnir.
RealMedia.az -a verilən məlumatlarda belə bir mexanizmin tam gücü ilə işlədiyi hökumət strukturlarından birinin də Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) olduğu bildirilir. Ötən ilin oktaybr ayının 1-də istifadəyə verilmiş Harut Ailə Sağlamlıq Mərkəzinin (ASM) də belə bir sövdələşmənin “övladı” olduğu deyilir. TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə yaradılmış, 6 otaqdan ibarət, 12 nəfər həkim, orta və kiçik tibb işçisinin 6 min nəfər vətəndaşa xidmət edəcəyi nəzərdə tutulan, bütün zəruri tibbi avadanlıqlar və vasitələrlə, reonomobil ambulansla təmin edilən ASM Hadrut qəsəbəsində dövlət qurumlarında, təmir və tikinti şirkətlərində çalışan vətəndaşlarımıza, bəzi hallarda hərbi xidmət müəssisələrində xidmət keçən hərbçilərimizə və ailələrinə ilkin səhiyyə xidməti göstərən Hadrut Ailə Sağlamlıq Mərkəzi Ağalı Ailə Sağlamlıq Mərkəzindən sonra işğaldan azad olunan ərazilərdə fəaliyyətə başlayan ikinci ilkin səhiyyə xidməti müəssisəsidir. Etibarlı mənbələrdən verilən məlumata görə, sən demə, Vüqar Qurbanov Hadrut Ailə Sağlamlıq Mərkəzini (ASM) tikintisi ilə bağlı bütün xərcləri bölgədə fəaliyyət göstərən mərkəzi rayon xəstəxanalarından birinin direktoruna ödətdirib. Bir sözlə, TƏBİB sədri Ailə Sağlamlıq Mərkəzini həmin o direktora tikdirib və bu barədə prezidentə düzgün məlumat verməyib, həqiqəti dövlət başçısından gizlədib.
Bildirilir ki, TƏBİB sədri Vüqar Qurbanov həmin rayon xəstəxanasının direktoru ilə əvvəlcədən sövdələşib razılaşıblar ki, o, Hadrut Ailə Sağlamlıq Mərkəzini (ASM) tikdirib təhvil versə, onu daha yaxşı yerə (vəzifəyə) təyin edəcək. Qısası, Hadrut Ailə Sağlamlıq Mərkəzinin üzərində həm də bir vəzifə alveri aparılıb. İş orasındadır ki, məsələ bununlada yekunlaşmayıb. Məlumata görə, TƏBİB sədrinin bu yaxınlarda qızına etdiyi möhtəşəm və bahalı toy mərasiminin xərclərinin əhəmiyyətli hissəsini də həmin direktor çəkib. Yalnız bundan sonra Vüqar Qurbanov həmin direktora “yaşıl işıq” yandırıb və onu daha gəlirli yerə direktor təyin edib.
Korrupsiyan sadəcə korrupsionerə qarşı mübarizə aparmaqla azaltmaq mümkün deyil. Bunun üçün korrupsiya şəraitinin aradan qaldırılması və korrupsiya doğuran vəziyyəti dəyişmək lazımdır. Yalnız bu halda korrupsiyanın azalmasına nail olmaq olar. Bunun isə bir neçə üsulu mövcuddur: Bunların biri kadrların yerləşdirilməsində dövlətə və millətə sədaqət prinsipinin rəhbər tutulmasıdır. İkincisi, tayfa şəklində yüksək vəzifələrdə təmsil olunmağın qadağan edilməsi ilə bağlıdır. Bu yöndə atılacaq üçüncü addım deklorasiya ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev vaxtiylə Bakıda tikilən villaların sahiblərinin kim olmasının araşdırılmasını tapşırmışdı. Ölkədə bu qədər bahalı maşın və villalar mövcuddur. Hamı bilir ki, Azərbaycanda heç kim halal yoll bu qədər bahalı villa ala və ya tikə bilməz. Hakimiyyət deklorasiya tələb etməli, məmurlardakı bu qədər vəsaitin mənbəyini soruşmalıdır. Deklarasiyanın tətbiqi, bahalı mülklərə sahib olan şəxslərin bu mülkləri necə, hansı yolla əldə etməsi, Vüqar Qurbanov kimi məmurlardan təmtəraqlı toy-nişan məclislərini necə təşkil etdikləri yoxlanılmalıdır. Əks təqdirdə, təkcə Səhiyyə Nazirliyinin öhdəsindən gələ biləcəyi işləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB kimi qurumlarla bölüşməyin nə əhəmiyyəti var?
Azərbaycan mətbuatında məmurlarla bağlı yazılan məqalələrə ciddi reaksiya verilməlidir. Tibb müəssisələri rəhbərlərinin özbaşınalıqları ilə bağlı qəzet və saytlar dəfələrlə yazıb. Vətəndaşların bununla bağlı şikayətləri yer alıb. Hamı bilir ki, dövlət tibb müəssisələri rəhbərləri işçini pulla işə götürür, icbari tibbi sığorta ilə əhatə olunan dərman preparatları və ləvazimatlarının çoxunu xəstələrdən əsirgəyirlər. Lakin təəssüflər olsun ki, hüquq-mühafizə oranları bu kimi məlumatları işıqlandırdığı üçün ya jurnalisti cəzalandırır, ya da bu məlumatlara reaksiya vermir.
Ramin Məhəmmədoğlu
RealMedia.az