Son günlər Dövlət Təhlükəsizlik Xidmətinin və Baş Prokurorluğun ölkədə korrupsioner məmurlara qarşı sərgilədiyi fəaliyyət geniş əhali kütləsi tərəfindən böyük rəğbət hissi ilə qarşılanmaqdadır. Təbii ki, bütün bu işlərə rəvac verən Prezidentin siyasi iradəsidir ki, son illərdə məhz dövlət başçısının qəti mövqeyidir ki, rüşvət və korrupsiyaya uğramış məmurlara qarşı nəinki barşımaz mövqe tutulur, hətta onlar ağır formada cəzalandırırlar. Burada xüsusi olaraq diqqətçəkəni isə həm DTX və həm də Baş Prokurorluq tərəfindən görülən tədbirlər nəticəsində cəzalandırılan məmurlar barəsində İCTİMAİ QINAĞIN formalaşdırılmasıdır.
Bu isə təqdirəlayiq haldır. Çünki hakimiyyət bu addımı ilə ayrı-ayrı köşələrdə qərarlaşmış korrupsioner məmurların varlığından çəkinmədiyini ifadə etməklə yanaşı, onlara qarşı məhz ali siyasi iradənin təşəbbüsü ilə, Prezidenti siyasətinə uyğun olaraq amansız münasibətin göstərildiyini nümayiş etdirir.
Təbii ki, bütün bu hallar cəmiyyət tərəfindən həm də bir yeni təşəbbüskarlığa meyilliliklə də müşaiyət olunmaqdadır. Artıq insanlarımız bütün narahatçılıq yaradan məmur və dövlət qurumlarında da anoloji prosesin həyata keçirilməsini arzulayır və bu arzularını nümayişkaranə şəkildə ifadə etməkdən də çəkinmirlər.
Belə hədəfə çevrilən dövlət qurumlarından biri də Dövlət Gömrük Komitəsidir. Bununla bağlı Vertikal.Az-a müraciət edən bir qrup sahibkar saytımız vasitəsilə müvafiq dövlət qurumlarından DGK-da araşdırmaların həyata keçirilməsini xahiş edirlər. Vertikal.Az-a daxil olan müraciətdə deyilir:
"Bu gün ölkədə baş verən hadisələr hər bir vətəndaşımız kimi biz sahibkarları da sevindirir. Nəhayətdə cəmiyyətimiz rahat nəfəs almağa başlayıb. Amma proses durmalı deyil, davamlı olmalıdır.
Bu gün biz sahibkarların ən ağrılı yeri Dıvlət Gömrük Komitəsidir. Bu sistemdə çalışanlar nəinki kimsədən çəkinmirlər, əksinə, açıq-aşkar bazarlıq da edirlər. Sanki dövlətin gömrük qapıları bunların ata mülküdür, istədikləri kimi racon kəsib, sahibkarlardan haqq alırlar. Artıq yorulmuşuq və inanırıq ki, qara maskalı, xoş niyyətli DTX və Prokurorluq əməkdaşları günlərin birində Azərbaycanın qarayarasına çevrilmiş gömrük sisteminə də əl gəzdirəcəklər".