Axtarış...

İcra başçısının müavini haqda iddialar... - İTTİHAM

İcra başçısının müavini haqda iddialar... - İTTİHAM

Məhəmməd Qələndərov Beyləqanda başçı müavinindən daha çox, maxinator və “tenderlər kralı” kimi tanınır.

Keçən həftə vətəndaşların Beyləqan Rayon İcra Hakimiyyəti başçısının qəbulu zamanı görüşlə bağlı məhdudiyyətlərdən dolayı yaşadıqları gərginlik barədə “Realmedia.az” saytında verilən xəbər başqa KİV-lərdə də ildırım sürətilə yayıldı. Xatırladaq ki, hadisə yerində olmuş əməkdaşımızın müşahidə və qeydlər aparması RİH başçısının müavini Məhəmməd Qələndərovun diqqətini çəkmişdi. Paradoks budur ki, jurnalist məmurdan nə baş verdiyini öyrənməyə macal tapmamış, əksinə, məmur jurnalisti sorğu-suala tutmuşdu.

Həmin “qəbul” RİH-nin vətəndaşa qayğı əslində dövlətə və dövlətçiliyə xidmət olduğunu əsas götürməsi, rayon İcra hakimiyyəti başçısı aparatında və İnzibati ərazi dairələri üzrə nümayəndəliklərində vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin aparılması daima diqqət mərkəzində saxlanılması, bu işin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qurulması barədə verdiyi hesabatların doğruluğuna şübhə yaradır. Məhz bu səbəbdəndir ki, bir sıra idarə, müəssisə rəhbərləri, ərazi nümayəndəlikləri və bələdiyyələr vətəndaşların qəbulunu, onların müraciətləri ilə işin düzgün təşkil edilməməsi səbəbindən Beyləqan şəhər, Birinci Şahsevən, İkinci Şahsevən, Dünyamalılar, Bünyadlı, Əlinəzərli kənd inzibati ərazi dairələrindən yuxarı orqanlara və rayon İcra hakimiyyətinə daxil olan müraciətlərin sayı artmışdır.

Qeyd edək ki, oxucularımızın diqqətini çəkən məlum xəbərin içində Qələndərovun adının mənfi müstəvidə hallanması yerli məmurların əməllərindən bezmiş Beyləqan sakinlərini necə deyərlər, oyatmışdır. Amma əlbəttə ki, sadə beyləqanlıların məmurların görəvinin xalqı incitmək deyil, məhz xalqa xidmət etmək olduğunu xatırlamalarına ən başlıca səbəb dövlətimizin başçısının bu il fevralın 13-də Beyləqan rayonuna səfəri olmuşdur. Beyləqan əhalisi böyük coşqu ilə qarşıladıqları möhtərəm prezidentimizlə o möhtəşəm görüşün hərarətini uzun zaman unutmayacaqdır. Di gəl, rayon rəhbərliyini təmsil edən bəzi vəzifəli şəxslər dövlət başçısının həmin görüşdə verdiyi tövsiyələri çox tez yaddan çıxarıblar.

Nə isə. Keçirik mətləbə: Dünən axşam və bu gün səhər redaksiyamıza Beyləqanda “tenderlər kralı” kimi tanınan Məhəmməd Qələndərovun rəvac verdiyi, daha doğrusu, sözün hərfi mənasında imza atdığı korrupsiya hüquqpozmaları və maxinasiyalar barədə ciddi məlumatlar daxi olmuşdur. Həmin məlumata görə, Beyləqan şəhərində binaların əsaslı və cari təmirinə 2017-ci ildə 745,0 min, 2018-ci ildə isə 800 min manatdan artıq vəsait ayrılıb ki, bunun da əksər hissəsi təyinatı üzrə xərclənməyib, formal rəqəmlərlə silinərək mənimsənilib. Bildirilir ki, binaları balansda saxlayan Mənzil İstismar Sahəsinin sərəncamına verilməli olan həmin vəsaitləri Məhəmməd Qələndərovla rayon maliyyə idarəsinin rəisi əlbir olaraq “yerbəyer” etmişlər. Şəhərin mənzil təsərrüfatına cavabdeh müəssisənin rəhbəri icra başçısının müavininin korruptiv təkliflərinə qol qoymaqdan imtina etdikdə isə maxinasiya şərikləri pulun təyinatını dəyişərək, onun iştirakı olmadan keçinmək qərarına gəliblər. Qələndərov işlərin görülməsi üçün özünün istədiyi firmanı seçib, maliyyə vəsaitinin buraxılması üçün də məhz özü sənədə qol çəkib. Verilən informasiyadan və hələlik ilkin araşdırmalarımızdan belə qənaətə gəlmək olur ki, sözügedən maliyyə vəsaiti sadəcə silinib, arxasında iş durmur. Təmirinə kifayət qədər böyük pul vəsaiti yönəldilən binalar realda ya mövcud deyil, ya da “pulyeyən” ölçüləri kağız üzərində həddən ziyadə “şişirdilib”. Vəsaitin “təyinatı üzrə və səmərəli” xərcləndiyi haqda Prezidentə yalan məlumat verilmişdir.(“Realmedia.az”)

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Text-to-Speech

DİNLƏ






Şərh yaz