Axtarış...

Xızının “acgöz” yolları – 3 ildə yol təmirinə nə qədər vəsait xərclənib?

Xızının “acgöz” yolları – 3 ildə yol təmirinə nə qədər vəsait xərclənib?

Xızı Rayon İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin şəhərdə avtomobil yollarının əsaslı təmiri ilə bağlı keçirdiyi tender yekunlaşıb. 

Qaynarinfo xəbər verir ki, tenderin qalibi “Dream Construction Company” MMC seçilib. Nümayəndəlik avtomobil yollarının əsaslı təmiri üçün şirkətə 395.866,4 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Dream Construction Company” MMC 20 may 2014-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5515 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Heydər Əliyev prospekti, ev 152-də yerləşir. MMC-nin qanuni təmsilçisi İbrahimova Zəhra Musa qızıdır.

Araşdırmalarımız zamanı məlum olub ki, “Dream Construction Company” MMC əvvəllər “Otaxlı” MMC adı ilə fəaliyyət göstərib. 2022-ci ildə isə şirkətin adı dəyişdirilib.
MMC-nin ilk qanuni təmsilçisi Hacıyev Mövlan Nəqşibəndi oğlu olub. Onu Abbasov Xıdır Pirverdi oğlu əvəzləyib. Xıdır Abbasovdan sonra isə şirkətin rəsmi təmsilçiliyi Zəhra İbrahimovaya keçib.

Yeri gəlmişkən, şirkət yarananda nizamnamə kapitalı 15 AZN olub. 2022-ci ildə nizamnamə kapitalına 5500 manat əlavə edilib.

Açıq mənbələrdə nə şirkət, nə də onun qanuni təmsilçisi barədə məlumat yoxdur. Zəhra İbrahimovadan əvvəlki qanuni təmsilçilər haqqında da heç bir məlumata rast gəlinmir.

Dövlət satınalmalarının elektron portalına yerləşdirilən məlumatlardan görünür ki, “Dream Construction Company” MMC 2023-cü ildə haqqında bəhs etdiyimiz tenderdən əlavə 3 satınalma müsabiqəsinin qalibi olub. Bu tenderləri İsmayıllı Suvarma Sistemləri İdarəsi, Mil-Muğan Hidroqovşağı İstismar İdarəsi və Yuxarı Şirvan Kanalı İstismar İdarəsi keçirib. Adıçəkilən qurumlarla bağlanan satınalma müqavilələrinin toplam maliyyə dəyəri 331 886,66 AZN təşkil edir.

Bunun üzərinə Xızı Rayon İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin müqaviləsini gəlsək, o zaman aydın olur ki, barəsində heç bir məlumat olmayan, nə əlaqə telefonu, nə veb-səhifəsi olan “Dream Construction Company” MMC təkcə 2023-cü ilin ilk 6 ayında dövlət qurumlarından 727 753, 06 AZN dəyərində sifariş alıb.

Bu arada qeyd edək ki, Xızı Rayon İcra Hakimiyyəti Başçısının Xızı Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ötən il yolların təmirinə 747 496,96 AZN, 2021-ci ildə 309.634,88 AZN, 2020-ci ildə isə 400 459,67 AZN xərcləyib.

Satınalma müqavilələri isə “Abtoyoltikintiservis” MMC, “Topxana Layihə İnşaat” MMC, “Şabran-D” MMC və “Sona” MMC ilə imzalanıb.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovdur. O, 2012-ci ildə bu vəzifəyə təyin edilib.

Xəzər Aslanovun Xızı şəhər üzrə nümayəndəsi isə Müşfiq İslamovdur.

Qaynarinfo
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz