Axtarış...

“SANKİ ÖLKƏDƏ HAKİMLİK TƏYİNATI “ATADAN OĞULA” PRİNSİPİ İLƏ APARILIR” - Tanınmış vəkildən sensasiyalı açıqlamalar


Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 aprel 2019-cu il tarixdə imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının ardınca məhkəmələrin hakimlərinin ümumi sayı 200 nəfər artırılması məsələsi ictimaiyyətin gündəminə gəlmişdi. Fərmanın imzalanmasının üzərindən artıq 4 ildən uzun müddət keçmişdir. Həmin bu dövrdə Hakimlərin Seçki Komitəsinin fəaliyyəti və ölkədə keçirilən hüquq islahatlarının yeni hakim təyinatları ilə qarşılıqlı əlaqəsi ilə bağlı tanınmış vəkil Ceyhun Yusifovun fikirlərini öyrəndik

Ceyhun Yusifov “AzPolitika.info”-ya açıqlamasında ölkədə hakimlərinin ümumi sayının xeyli az olmasının ən aktual problemlərdən biri olduğunu qeyd etdi: “Hazırda məhkəmələrin fəaliyyətindəki ən mühüm və həll olunmağı gözləyən problemlərdən biri məhz iş yükünün həddindən artıq çox olması ilə bağlıdır. Sözsüz ki, son illərdəki yeni hakim təyinatlarının və mövcud fəaliyyət göstərən hakimlərin sayını nəzərə aldıqda bu hal o qədər də təəccüb doğurmur. Belə ki, ən son 2019-cu ildə ictimaiyyətə açıqlanan məlumatda Ali Məhkəmədə 41, apellyasiya məhkəmələrində 132, inzibati-iqtisadi məhkəmələrində 39, hərbi məhkəmələrdə 23, ağır cinayətlər üzrə məhkəmələrdə 50 və rayon (şəhər) məhkəmələrində isə 277 hakim fəaliyyət göstərdiyi qeyd olunub. Yəni, son rəsmi statistikada ümümilikdə ölkə üzrə 562 hakimin fəaliyyət göstərdiyi bildirilib. Son illərdə isə bu rəqəmdə elə də ciddi dəyişiklik baş verməyib. Rəsmi statistika açıqlanmasa da, court.gov.az ümumi məhkəmə sistemi portalına əsaslanaraq hazırda hakimlərin ümumi sayının cəmi 582 nəfər olduğunu söyləyə bilərik”.

Ceyhun Yusifovun sözlərinə görə, bu da Azırbaycan kimi bir ölkə həddən artıq kiçik rəqəmdir: “Təsəvvür edin ki, bəzi böyük rayonlarımızda yalnız bir hakim fəaliyyət göstərir. Məsələn, İsmayıllı kimi böyük bir rayonda cəmi bir hakim xidmət edir. Göycay, Ucar və digər bir sıra rayonlarımızda da cəmi bir hakim mövcuddur. Bu isə həmin rayonlarda məhkəmələtrdə əhaliyə keyfiyyətli xidmət göstərilməsini sadəcə mümkünsüz edir. Əgər bu hakim xəstələnərsə və ya hansısa başqa səbəbdən işə müyyən müddət işə çıxa bilməzsə hansı vəziyyətin yarandığını təsəvvür etmək çətin deyil. Məhkəmələrə müraciətlərin son illər getdikcə artdığını nəzərə alsaq, rayonlarımızda nəinki bir, hətta iki hakimin olması belə əhaliyə keyfiyyətli hüquqi xidmət göstərilməsinə təminat verə bilməz”.

Ceyhun Yusifov qeyd edir ki, ölkə Prezidenti İlham Əliyev də məhz bunu nəzərə alaraq hakimlərinin ümumi sayının artırılmasına dair fərman imzalamışdı: "3 aprel 2019-cu il tarixli fərmanda da qeyd olunduğu kimi hakimlərin saylarının artırılmasındakı əsas məqsədlər məhkəmələrin fəaliyyətinin daha optimal şəkildə qurulması, ədalət mühakiməsinin keyfiyyətinin yüksəldilməsi, məhkəmələrdə işlərə baxılma müddətlərinin qısaldılmas və mövcud iş yükünün düzgün planlaşdırılaraq bölgüsünün aparılmasıdır. Məhkəmə iclaslarının təyin olunduğu vaxtdan gec başlaması, prosessual sənədlərin vaxtında tərtib olunub tərəflərə çatdırılması, hakimlərin bütün işlərə tam diqqət və nəzərlərini ayıra bilməməsi kimi həll edilməli olan bir çox problemlər mövcuddur.

Bütünlükdə məhkəmə-hüquq sisteminin yeni hakim təyinatlarına ehtiyacı olduğu, hətta ölkə başçısının fərmanında belə bu məsələyə xüsusi diqqət göstərildiyi bir vaxtda hakimlərin seçki komitəsinin fəaliyyəti bu problemlərin həllinə istiqamətlənməmişdir”.

Tanınmış vəkil bunun səbəbinin də subyektiv amillərlə bağlı olduğu qənaətindədir: “Belə ki, həddindən artıq çətin, əlçatanlığı aşağı və olduqca uzun müddət davam edən imtahan prosesləri perspektivli hüquqşünasların və hakimliyə namizədlərin qarşısında əngəl yaratmaqdadır. Həmçinin keçirilən imtahanların olduqca mürəkkəb mərhələliliyi qeyri-prosessual münasibətlərin yaradılması cəhdlərinə və neqativ hallara şərait yaradır. İmtahan mərhələsinin tam şəffaflığı üçün yoxlama metodlarındakı insan faktoru faizini minimal dərəcəyə salmaq lazımdır. Bundan əlavə bu qədər uzun müddət çəkən imtahan mərhələləri həm də əlavə xərc olmaqla yanaşı zəruri olmayan iş yükü və vaxt itkisini də özü ilə bərabər yaratmaqdadır”.

C. Yusifof problemin həlli ilə bağlı konkret addımların atılmasını zəruri hesab edir: “Ümumilikdə hakimlərin seçilməsi və təyinatı prosedur qaydalarının təkmilləşdirilməyə ehtiyacı olduğu açıq-aşkar görünməkdədir. Olduqca təqdirəlayiq addım olardı ki, Məhkəmə-Hüquq Şurasının nəznində seçki komitəsi tərəfindən namizədlər üçün ehtiyat kadr bankı yaradılardı.

Həmçinin hakimlərin seçki komitəsinin tərkibində də mütləq formada dəyişiklik edilməlidi. Ölkə başçısının uzun müddətdir icra olunmayan fərmanı, bununla yanaşı hakimlərin seçki və təyinatı prosesində qarşılaşılan neqativ hallar artıq bu tip addımları zəruri edir. Son illər seçilən hakimlərin əvvəlki fəaliyyət yerlərinə nəzər salsaq bir çoxu ya Bakı Apellyasiya Məhkəməsində, ya da Azərbaycan Respublikası Ali Məhkəməsində işləmiş şəxslər olduğunu görürük. Bu isə sanki hakimlərin seçki və təyinatı prosesində varisliyə əsaslanan prosedurun, ənənənin formalaşdığı görüntüsünü yaradır. Sanki ölkədə hakimlik təyinatı “atadan oğula” prinsipi ilə aparılır. Halbuki kifayət qədər birinci instansiya məhkəmələrində, mərkəzdən kənarda yerləşən məhkəmələrdə savadlı və hakimlik adına layiq kadrlar mövcuddur. Lakin bu hallar hakimlərin seçki komitəsi tərəfindən diqqətə alınmır”.

Tanınmış vəkil saytımıza açıqlamasında digər bir mühüm məsələyə də toxunur: “Hazırda elektron məhkəmə sisteminin fəaliyyəti hər fürsətdə vurğulansa da bir çox hakimlərin bu sistemlə işləmək bacarıqlarının olmadığı da məlumdur. Yeni təyin olunacaq hakimlərə həmin bu elektron məhkəmə sistemi ilə bağlı zəruri təlimlərin keçirilməsini də nəzərə aldıqda məhkəmələrin elektron sistemlə işləmək bacarıqlarının yeni hakim təyinatları ilə düz mütənasib olduğunu görürük. Məhz bu səbəblərdən hüquq ictimaiyyəti qarşısında hakimlərin seçki komitəsinin fəaliyyəti ilə bağlı fikirlər birmənalı deyildir və hesab edirik ki, bu fəaliyyət araşdırılmalıdır.

Hörmətli İnam Kərimovun Ali Məhkəməyə sədr təyin edildikdən sonra ümumilikdə hüquq ictimaiyyətində yeni islahatların həyata keçirilməsi ilə bağlı güclü inam və xoş təəssürat yaranmışdı. Ümid edirəm ki, tezliklə bu istiqamətdə əhəmiyyətli addımlar atılacaq. Eyni zamanda cənab sədrə müraciət edərək, hakimlərin imtahan, seçki və təyinat məsələlərindəki mövcud problemlərin həll olunmasını, həmçinin hakimlərin seçki komitəsinin fəaliyyətinin araşdırılmasını təklif edirəm. Unutmayaq ki, güclü hüquq dövlətinin təməli seçilən hakimlərin vicdanlı olması ilə yanaşı, həmin hakimlərin vicdanla seçilməsindən də asılıdır”.
“AzPolitika.info”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz