Axtarış...

Ramiz Rzayevin yerinə KİMİ GƏTİRİRLƏR? - İLGİNC GƏLİŞMƏ

Ramiz Rzayevin yerinə KİMİ GƏTİRİRLƏR? - İLGİNC GƏLİŞMƏ

Fevral ayının 25-də Ali Məhkəmənin sədri Ramiz Rzayevin 70 yaşı tamam oldu. 2005-ci ilin aprel ayından ali məhkəmə orqanına rəhbərlik edən R.Rzayevin son yaş həddi ilə bağlı tezliklə təqaüdə göndəriləcəyi bildirilir.

Qeyd edək ki, əslində R.Rzayevin səlahiyyət müddəti iki il öncə bitib. Belə ki, məhkəmə və hakimlər haqqında qanunun 96-cı maddəsinin 2-ci bəndinə əsasən, ali məhkəmə hakimlərinin son yaş həddi 68-dir.

Diqqətli oxucuların xatirindədir ki, “Hürriyyət” qəzeti hələ 2021-ci ilin mart ayının əvvəlində bu mövzuya toxunmuş və bir sıra ekspertlərin rəyini dərc etmişdi. Həmin vaxt hüquqşünas Bəhruz Bayramov “Hürriyyət”ə açıqlamasında bildirmişdi ki, Ramiz Rzayev 69 yaşa keçid etdiyi zaman vəzifədən getməli olacaq: “Qanunda son yaş həddi 68 nəzərdə tutulub. Bu baxımdan onun vəzifədə qalması qanuni tələblərə uyğundur. Qanuna uyğun olaraq Ali Məhkəmənin sədri təyin edilir. 68 yaş son yaş həddidir. 69 yaşa keçdikdə artıq vəzifədə qala bilməz”.

Hüquqşünas Roman Qaraşov isə qeyd etmişdi ki, həmin vəzifəyə yeni təyinat olana qədər R.Rzayev vəzifəsini davam etdirə bilər: “Qanuna əsasən, həmin vəzifəyə yeni şəxs təyin edilənədək vəzifəsini davam etdirə bilər. Bu baxımdan, vəzifəsində qalır. Hətta bu yaxında Konistitusiya Məhkəməsində belə bir hal olub. Hakimlərdən biri pensiya yaşını da keçmişdi. Lakin yerinə təyinat olana qədər vəzifəsini davam etdirib. Daha sonra Milli Məclis tərəfindən yeni namizədlər təsdiqlənəndən sonra vəzifəsindən kənarlaşdırıldı. Əgər vəzifədə son yaş həddi 68-dirsə, o demək deyil ki, həmin yaşda da vəzifəsindən getməlidir. Mütləq həmin yerə təyinat olmalıdır. Daha sonra yaş həddi çatan şəxs vəzifəsindən gedə bilər”.

Hüquqşünas Ələsgər Məmmədli isə deyirdi ki, Ali Məhkəmənin sədri qanunla müəyyən olunan yaş həddinə gəldiyi üçün qısa müddətdə əlində olan işləri yekunlaşdıraraq vəzifədən getməlidir: “Ümumiyyətlə, dövlət sistemində işləyən hər kəsin müəyyən yaş limiti var. Buna “pensiya yaşı” deyilir. Pensiya yaşı əsasən şəxsin istirahət etməsi və əmək qabiliyyətinin effektiv olmamasından irəli gələn məsələdir. Artıq 68 yaşda insanın fiziki imkanları məhdudlaşmaq üzrədir. Həmin şəxsin daha çox istirahətə ehtiyacı var. Yəni əmək qabiliyyəti aşağı düşür. Bu qanunvericilikdən baxdığımız zaman çox güman ki, yaxın müddətdə Ali Məhkəməyə yeni sədr təyinatı gündəmə gələcək. Çünki yaş məhdudiyyəti dövlət qulluğu və digər dövlət strukturlarında mövcuddur. Bu, sistemli şəkildə nəzərdə tutulan bir prosesdir. Ali Məhkəmənin sədri də qanunla müəyyən olunan yaş həddinə gəldiyi üçün qısa müddətdə əlində olan işləri yekunlaşdıraraq vəzifədən getməli, yerinə yeni təyinat olmalıdır”.

Bir daha qeyd edək ki, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68, digər instansiya məhkəmələrinin hakimləri üçün 66-dır. Hakimlər vəzifələrini nümunəvi yerinə yetirdikdə, uzun müddət və qüsursuz işlədikdə, habelə öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfələr verdikdə Məhkəmə-Hüquq Şurası onlar barədə həvəsləndirmə tədbirləri görülür.

Yeri gəlmişkən, məhkəmə və hakimlər haqqında qanunun 96-cı maddəsində göstərilir ki, hakim vəzifəsinə namizədlər ilk dəfə üç il müddətinə təyin olunurlar. Həmin müddət ərzində onlar ildə ən azı bir dəfə tədris kurslarına cəlb edilirlər. Bu müddətin sonunda hakimlərin fəaliyyəti qiymətləndirilir. Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilməzsə, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyətləri son yaş həddinədək – 65 yaşınadək uzadılır. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər. Əgər hakimlərin səlahiyyət müddəti başa çatarsa, onların səlahiyyəti həmin işə baxılıb qurtaranadək davam edir.

Konkret olaraq Ramiz Rzayevə gəldikdə, şübhəsiz, Ali Məhkəmə sədrinin tezliklə istefaya göndəriləcəyi istisna deyil. Görünür, məhz bu səbəbdən də artıq sosial şəbəkələrdə və mətbuatda R.Rzayevi əvəzləyəcək şəxslərin adları qeyd olunur. Məsələn, sosial şəbəkələrdə yayılan məlumata görə, Ali Məhkəmənin sədri postuna Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli gətiriləcək.

Azsiyaset.com xəbər verir ki, onun namizədliyi ali orqanların müxtəlif yüksək vəzifəli şəxsləri tərəfindən dəstəklənir: “Ə.Hüseynli cəmi 4 il (1991-1995) məhkəmə orqanlarında işləyib. Onun ən iddialı namizəd olmasına baxmayaraq, məhkəmə sistemindəki problemləri həll edə biləcək iradəyə malik olduğunu düşünmək sadəlövlük olardı. O, eləcə də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri və Məhkəmə Hüquq Şurasının üzvüdür.

Buna baxmayaraq, Ali Məhkəmənin sədri vəzifəsinə gətiriləcək şəxs məhkəmə hüquq-sistemini dərindən tanıyan, “klassik” və köhnə komanda heyətindən kənar, bu sahədə illərdir yığılıb qalan və dövlət əhəmiyyətli problemlərin həll edə biləcək ciddi praktikaya sahib olmalıdır”, - deyə sayt əlavə edir.

Azsiyaset.com öz yazısında məhkəmə-hüquq sistemindəki neqativlərdən də bəhs edir. Hansı ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri və Məhkəmə Hüquq Şurasının üzvü olaraq Əli Hüseynlinin də bütün bu neqativlərdə “payı” az deyil…

Bu arada, tanınmış vəkil Əkrəm Həsənov da Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddətinin başa çatması haqda yazıb. Hüquq müdafiəçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib: “Əslində, Ramiz Rzayevin səlahiyyət müddəti 2 il əvvəl bitmişdi. Çünki qanuna görə, Ali Məhkəmənin hakimləri üçün son yaş həddi 68-dir. Sadəcə sədr 5 il müddətinə təyin olunduğu üçün qanuna zidd olaraq 2 il də sədrlik etdi”.

“Qafqazinfo” məsələ ilə bağlı Ali Məhkəmənin Mətbuat Xidməti ilə əlaqə saxlamağa çalışsa da, telefon zənglərinə cavab verilməyib.

Ramiz Rzayevi daha kimlər əvəzləyə bilər?

Qeyd edək ki, mətbuatda Ali Məhkəmənin sədri postuna gətiriləcək namizədlərdən biri kimi Milli Məclisin sədr müavini Əli Hüseynlinin adı çəkilsə də, “Hürriyyət”in əldə etdiyi məlumata əsasən, hakimiyyət daxilində Ramiz Rzayevi əvəzləyə biləcək daha ciddi fiqurlar haqqında da söhbət açılır. Bunlardan biri kimi Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərovun adı çəkilir. Məlumat üçün bildirək ki, Ç.Əsgərov həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsidir.

Bununla yanaşı, hökumət kuluarlarında Ramiz Rzayevin yerinə əsas namizədlərdən biri kimi 2003-cü ildən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri vəzifəsini daşıyan Fərhad Abdullayevin də ismi hallanır. Hansi ki, F.Abdullayev eyni zamanda Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvüdür.

Mənbə deyir ki, Ali Məhkəmənin sədri vəzifəsinə ən real namizədlərdən biri kimi, nisbətən gənc kadr olan, Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyevin də adı çəkilir. Məlumat üçün qeyd edək ki, S.Hacıyev 2010-2013-cü illərdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi, 2013-2018-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin hakimi, 2018-ci ilin 02 noyabr tarixindən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2020-ci ilin may ayından isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının sədri vəzifəsində çalışır. Məhkəmə-Hüquq Şurasının üzvüdür.

Maraqlıdır, mətbuatın yazdığı isimlər haqda tanınmışlar nə düşünür? Yuxarıda adları sadalanan namizədlərdən hər hansı birinin Ali Məhkəmənin sədri vəzifəsinə gətirilməsi məhkəmə-hüquq sahəsində islahatlara nə kimi təsir göstərə ilər? Bu və digər suallara ilk olaraq ADP sədri Sərdar Cəlaloğludan cavab almağa çalışdıq: “Təbii ki, Azərbaycanda məhkəmə islahatlarının aparılmasına ehtiyac var. Bu günə qədər məhkəmələrin müstəqilliyi məsələsi təmin edilməyib. Eləcə də hakimlərin fəaliyyəti ilə bağlı qanunvericilikdə çox ciddi boşluqlar var. Bu baxımdan, mənə elə gəlir ki, ciddi islahatlar aparılmadan məhkəmə sistemində nəticəyə nail olmaq olmaz.

Əlbəttə, eyni zamanda məmurların və kadrların da bu məsələdə ciddi rolu var. Vaxtilə Bismark deyirdi ki,“yaxşı qanunlar, pis məmurlar varsa, ölkə pis idarə olunur. Pis qanunlar, yaxşı məmurlar varsa, ölkə yaxşı idarə olunur“. Yəni vəzifələrə daha ciddi, nisbətən hüquqi şüuru olan, ölkəsinə, dövlətinə, millətinə bağlı olan adamların gətirilməsi, təbii ki, hətta qanunlar işləməsə, islahatlar aparılmasa belə, məhkəmə sistemində müəyyən dəyişikliklərə gətirib çıxara bilər.

Bu baxımdan, konkret olaraq Əli Hüseynliyə gəldikdə, perspektivli gənc siyasətçidir, dediyiniz kimi, həm də parlamentin hüquq şöbəsinin rəhbəridir… Baxaq görək, Ali Məhkəmənin sədri postuna gətirilərsə, bu vəzifədə özünü doğruldacaq, ya yox“.

S.Cəlaloğlu hesab edir ki, bu məsələdə şəxslərin özündən də çox şey asılıdır: “Əslinə baxsan, bir tərəfdən islahatlar vacibdir, digər tərəfdən kadrların kimliyi də önəm daşıyır“.

ADP sədri son illər məhkəmə-hüquq sistemində aparıldığı iddia olunan islahatlar haqda da fikir bildirib: “Mənə elə gəlir ki, məhkəmə sistemində heç bir islahat aparılmayıb. İslahat aparılsaydı, məhkəmələrin fəaliyyətində ən azından bir dönüş olardı. Yenə də qeyri-qanuni məhkəmə qərarları, Avropa Məhkəməsinin bu qərarları ləğv etməsi, vətəndaşların məhkəmələrdən narazılığı, məhkəmələrdə özbaşınalıq, korrupsiyanın baş alıb getməsinin səbəbləri olduğu kimi qalır. Hökumət deyir ki, “islahat aparmışam“. Nə islahat aparmısan? Məsələn, hansı məsələdə islahat aparmısan -hakimlərin fəaliyyəti ilə bağlı, hakimlərin seçilməsi ilə bağlı və yaxud qeyri-qanuni qərarlar verən hakimlərlə bağlı qanunvercilikdə nələrsə edilibmi? İslahatların mənası bir sahəni kökündən dəyişdirmək deməkdir. Azərbaycanda məhkəmə sistemində nə kimi dəyişikliklər var? Heç bir dəyişiklik yoxdur. Baxın, prokuror da dövlət adından ittiham irəli sürür, məhkəmə də dövlət adından hökm çıxarır. Bu ikisi dövlət adından çıxış etdiyinə görə, vətəndaşa qarşı birləşir. Yəni vətəndaşlar faktiki olaraq məhkəmə çəkişmələrində ikiqat gücsüz vəziyyətdədir.

Digər tərəfdən, hakimlər institutu müstəqil olmadığına, dövlət nəzarəti altında olduğuna görə, vəkillər də dövlətə xidmət edir. Nəticədə vətəndaş faktiki olaraq dövlətlə təkbətək, üz-üzə qalır. Belə bir cəmiyyətdə, belə bir dövlətdə siz vətəndaşların hüquq və azadlıqlarının dövlət tərəfindən qorunması və yaxud dövlətin öz məmurlarını özbaşına qoymaması ilə bağlı nəsə deyə bilərsinizmi? Əlbəttə, yox. Yəni nə qədər ki, bu vəziyyət qalır, biz heç vaxt deyə bilmərik ki, Azərbaycan məhkəmələrində vətəndaşların hüquqları qanunla müdafiə olunur. Faktiki olaraq, Azərbaycan məhkəmələri ədalət mühakiməsini həyata keçirən bir institut kimi yox, hakimiyyətin əlində bir cəza aləti kimi mövcuddur və qeyri-qanuni məhkəmə qərarları bunu sübut edir“.

“Ölkədə hüquq sistemində heç bir islahatın olmadığını qeyd etdiniz. Maraqlıdır, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğun komitəsinin, eləcə də məhkəmə-hüquq şurasının bu məsələdə rolu nə qədərdir“, - sualını isə S.Cəlaloğlu belə cavablandırdı: “Təbii ki, Milli Məclisin heç bir rolu yoxdur. Vaxtilə ABŞ Milli Məclis haqqında belə bir bəyanat vermişdi ki, Azərbaycan Milli Məclisi Prezidentin Kargüzarlıq idarəsidir. Yəni faktiki olaraq, Prezident Aparatı nə qərar verirsə, Milli Məclis sadəcə onları qəbul edir və kargüzar funksiyası yerinə yetirir. Kağız-kuğuz işi ilə bağlı işləyir. Baxmayaraq ki, Milli Məclis qanunverici orqandır, bu günə qədər hansısa millət vəkilinin hər hansı bir qanunvericilik təşəbbüsünün olduğunu biz görməmişik. Onlar yalnzı iclaslardan on dəqiqə qabaq ölkədəki problemlərlə bağlı çıxı edir, vəssəlam. Yerdə qalan hallarda, qanunlar bir qayda olaraq icra hakimiyyəti tərəfindən parlamentə göndərilir, qanuna görə isə parlamentin həmin qanunlara ciddi dəyişikliklər etməyə ixtiyarı yoxdur. Bir-iki müzakirədən sonra əgər parlamnet razılaşmırsa, o zaman həmin qanunlar Prezident Aparatı tərəfindən avtomatik təsdiq olunur. Burada Milli Məclisin heç bir rolu yoxdur“.

Azərbaycanda məhkəmə sisteminin kifayət qədər bərbad vəziyyətdə olduğunu nəzərə alsaq, Ali Məhkəmə sədrinin indiki "hüquq bataqlığı"nda olmayan, illərdir məhkəmə sistemində rüşvət və korrupsiyaya bulaşmamış, yəni bu sistemdən kənardan gətirilməsi daha düzgün olmazmı? ADP sədri hesab edir ki, Azərbaycanda sistemdən kənar bir adamın həmin posta gətirilməsi o adamın məhvi demək olar: “Yəni sistemin özü elə qurulub ki, kənar düşüncəli insanın orada işləməsi mümkün deyil. Düzdür, burada şəxslərin kimliyindən və keyfiyyətindən çox şey asılıdır. Məsələn, Əli Hüseynlinin əvvəllər korrupsiya ilə məşğul olmasına dair fikir yoxdur, onu heç kim bir cinayətkar kimi, yaxud qanunu pozan bir şəxs kimi tanımır. Onu vəzifəsi də xalqa qarşı hər hansı bir hərəkətdə iştirak etməsinə imkan vermir. Mənə elə gəlir ki, sadəcə Əlİ Hüseynli bu posta gətiriləcəksə, onun qarşısında qoyulan vəzifədən çox şey asılı olacaq. Əgər onun qarşısında vəzifə qoyulsa ki, siz hakimlərin korrupsiyasını, özbaşınalığını aradan qaldırın, nöqsanları aradan qaldırın, o, ciddi işlər görə biləcək. Yox əgər onun qarşısında belə bir vəzifə qoyulmursa, məhkəmə sistemi əvvəlki qaydada işləyəcəksə, Əli Hüseynlinin o postda olub-olmamasının vəzifəyə heç bir aidiyyəti olmur“.

Tanınmış vəkil Bəhruz Bayramov isə hesab edir ki, hansısa namizədin fəaliyyətinə indidən qiymət vermək doğru olmaz: “Gələr, görərik. Konkret olaraq Əli Hüseynliyə gəldikdə, hələlik onun iş fəaliyyəti ilə tanış deyiləm. İndidən onun fəaliyyətinə qiymət vermək düzgün deyil. Çünki fəaliyyət göstərməyib. Gərək fəaliyyət göstərə, baxaq. Fəaliyyət göstərməmiş mən heç bir şey deyə bilmərəm. Bəri başdan hər hansı bir qiymət vermək düzgün deyil“.

Ümumiyyətlə, B.Bayramov konkret olaraq Əli Hüseynlinin Ali Məhkəməyə sədr gətirilməsi ilə müsbət dəyişikliklər olacağına inamır: “Gözlənti dedikdə, kifayət qədər müstəb dəyişikliklərin olacağına inanmıram“.

Tanınmış vəkil ölkədə məhkəmə-hüquq sistemində aparıldığı iddia edilən islahatlar haqda da öz düşüncəsini açıqlayıb: “İrəliləyişlər görüntü xatirinədir. Güclü irəliləyiş yoxdur. Görüntü xatirinə bəzən olub. Bəzən ədalətli qərarlar çıxarılıb. Mən deyə bilmərəm ki, yüz faiz ədalətsizlik, qanunsuzluq olub. Ədalət təmin olunub, ancaq keçici xarakter daşıyıb. Davamiyyətli olmayıb.

Yəni köklü islahatlar yoxdur, hər şey görüntü xarakteri daşıyır. Tutaq ki, on işə çıxırsan, ikisində ədalətli qrarla rastlaşırsan, obyektiv qərar görürsən... Məsələn, elə işlər olub ki, bizim əleyhimizə qərar çıxarıblar, baxmışam ki, ədalətli qərardır“.

Bəhruz Bayramov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və Məhkəmə Hüquq Şurasının ölkədə məhkəmə-hüquq sistemindəki islahatlardakı roluna da toxunub: “Rolu çox cüzidir. Rolu yüksək səviyyədə olsaydı, kifayət qədər irəliləyişlər olardı. Biz məhkəmə sistemindəki islahatları görərdik. Amma görmürük.

“Sizcə, Ali Məhkəmənin sədri postuna tamamilə sistemdən kənar şəxsin gətirilməsi daha məqbul olmazmı“, - sualına isə B.Bayramov belə cavab verdi: “Hər bir halda mən inanmıram ki, bu köklü islahatlara gətirib çıxara. Digər tərəfdən, əgər şəxsin fəaliyyətini mən görməmişəmsə, tutaq ki, o Ali Məhkəməmnin sədri kim fəaliyyət göstərməyibsə bəri başdan qiymət vermək düzgün deyil. Amma yenə inanmıram ki, köklü islahatlar olsun“.

Qeyd edək ki, Azərbaycanda Ali Məhkəmə sədri Prezidentin sərəncamı ilə 5 il müddətə təyin olunur.

Xatırladaq ki, R.Rzayev 2005-ci ildən Ali Məhkəmənin sədridir. O, sonuncu dəfə 2018-ci ildə (65 yaşı olarkən) müvafiq vəzifəyə təyin edilib.

***

2005-ci ilin aprel ayından Ali Məhkəmənin sədri vəzifəsini daşıyan Ramiz Rzayevin son yaş həddi ilə bağlı yaxın günlərdə təqaüdə göndəriləcəyi bildirilir. Mətbuat yazır ki, 70 yaşlı R.Rzayevin səlahiyyət müddəti əslində iki il öncə bitib. Çünki məhkəmə və hakimlər haqqında qanunun 96-cı maddəsinə əsasən, ali məhkəmə hakimlərinin son yaş həddi 68-dir. Bu baxımdan, sosial şəbəkələrdə və bəzi saytlarda R.Rzayevin yerinə gətiriləcək namizədlərin adı da çəkilir.

Qeyd edək ki, Ali Məhkəmənin rəhbəri vəzifəsinə şanslı namizədlərdən biri Milli Məclis sədrinin 1-ci müavini Əli Hüseynli hesab olunur. Azsiyaset.com xəbər verir ki, onun namizədliyi ali orqanların müxtəlif yüksək vəzifəli şəxsləri tərəfindən dəstəklənir.

Sayt daha sonra əlavə edir: “Əli Hüseynli cəmi 4 il (1991-1995) məhkəmə orqanlarında işləyib. Onun ən iddialı namizəd olmasına baxmayaraq, məhkəmə sistemindəki problemləri həll edə biləcək iradəyə malik olduğunu düşünmək sadəlövlük olardı. O, eləcə də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri və Məhkəmə Hüquq Şurasının üzvüdür.

Buna baxmayaraq, Ali Məhkəmənin sədri vəzifəsinə gətiriləcək şəxs məhkəmə hüquq-sistemini dərindən tanıyan, “klassik” və köhnə komanda heyətindən kənar, bu sahədə illərdir yığılıb qalan və dövlət əhəmiyyətli problemlərin həll edə biləcək ciddi praktikaya sahib olmalıdır.

Ləğv edilmiş MTN-nin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun müsadirə olunmuş əmlaklarının geri qaytarılması ölkə ictimaiyyəti tərəfindən ciddi etirazalara səbəb olmuşdu. Sosial mediada minlərlə fəal bu qərarı məhkəmə orqanları tarixinin ən ədalətsiz qərarlarından biri kimi qiymətləndirmiş və ölkənin məhkəmə-hüquq sistemindəki ciddi neqativləri yenidən gündəmə gətirmişdi.

İstənilən demokratik cəmiyyətin əsas sütunu onun müstəqil məhkəmə hakimiyyətinin olmasıdır. Bu sahədəki ən ciddi problem uzun illər məhkəmə hakimiyyətinin işğal altında olmasıdır.

Acınacaqlı hal odur ki, hələ də Azərbaycanda kommersiya mübahisələrini müstəqil həll edə biləcək arbitraj sistemi mövcud deyil. İnsanlar ədalətsiz məhkəmə qərarlarından əziyyət çəkirlər. Azərbaycan məhkəmələrindəki köklü problemlər ölkədə xalqın ən çox etiraz etdiyi sahələrin ilk üçlüyündə yer alır.

Əgər məhkəmə islahatları ən yüksək səviyyədə aparılmasa, bir müddət sonra ölkədə hüquq adına olan hər şey gülüş doğuracaq, eləcə də xarici investisiyaların həcmi ciddi şəkildə azalacaq, bəlkə də sıfırlanacaq”.

Ramiz Rzayev öz postunu təhvil vermək fikrində deyil…

Ali Məhkəmənin sədri Ramiz Rzayev səlahiyyət müddətinin başa çatması və yaxın günlərdə vəzifəsini tərk edəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

R.Rzayev Manset.az-a açıqlamasında qanunda hakimlərin yaşı ilə bağlı tələbin ona şamil edilmədiyini bildirib:

“Biz qanunda dəyişiklik elədik. Qanunla yaş 65 olanda 5 il də uzadılırdı. Kim bu qanunun dövründə təyin olunubsa, onlara şamil olunur. O qanun qəbul olunandan sonra yaş həddi 68 oldu. Yəni iki fərq var: Bir var qanun qəbul olunana kimi hakim qəbul olunanlar, bir də var yeni qəbul olunandan sonra təyin olunanlar. Yeni qəbul olunanlara birinci instansiya məhkəməsində son yaş həddi 66 yaş, Ali Məhkəmədə isə 68 yaşdır. Mən 2005-ci ildən bu vəzifədə çalışıram. Həmin qanun 2015-ci ildə qəbul olunub. Bəzi adamlar qanunu bilmir, eşitdiyini danışır. Mətni açıb oxusalar, düzgün şərhini verə bilərlər. O qanun mənim təyinatımdan sonra olduğu üçün mənə aidiyyəti yoxdur. Mən köhnə qanunun vaxtından bu vəzifədəyəm”.

Qeyd edək ki, tanınmış vəkil Əkrəm Həsənov Ali Məhkəmənin sədri Ramiz Rzayevin səlahiyyət müddətinin başa çatdığını iddia edib. O bildirib ki, bu yaxınlarda R.Rzayevin 70 yaşı tamam olub və o, qanunazidd olaraq 2 il də quruma sədrlik edib. //HURRİYYET.AZ//
Text-to-Speech

DİNLƏ






Şərh yaz