Axtarış...

Azərbaycanda müdhiş mənzil cinayətləri: yeni Hacı Məmmədov kimdir? - İLGİNC FAKTLAR



Azərbaycan vətəndaşı, Bakıda məktəblərin birində tarix fənnindən dərs deyən stajlı müəllimə S.Şirvanovanın müdhiş mənzil cinayətləri ilə məşğul olan dələduz dəstənin qurbanına çevrilməsi haqda yazmışdıq.

Apardığımız araşdırmalardan məlum olur ki, müəllimənin 70 min manatını alıb ona 46 saylı notariusun əli ilə saxta sənədlər verən küçədən keçən adi dələduzlar deyil. Bakıda müdhiş mənzil cinayətlərini himayə edən məmur dəstəsi fəaliyyətdədir. Bu dəstə məşhur qanster Hacı Məmmədovun dəstəsi tək insanların başına güllə vurub həyatdan məhrum etmir. Amma törətdikləri cinayət faktiki olaraq Hacı Məmmədovun cinayətindən nəticə etibarı ilə ciddi fərqlənmir. Vəzifəli şəxslərin himayə etdiyi dəstə Azərbaycan vətəndaşlarını evsiz-eşiksiz qoymaqla faktiki olaraq elə yaşayış hüququndan, həyatdan məhrum edir.

Ötən sayımızda “Bakıda "Əzizbəyov KM" MMC-də müdhiş mənzil cinayətləri, 1 mənzili 11 nəfərə satıb azadlıqda gəzirlər" sərlövhəli araşdırma yazı dərc etmişdik. Zərərçəkən S.Şirvanova bildirmişdi ki, “Əzizbəyov KM” MMC-nin 46 saylı notariusla əlaqəsi var və həmin notariusda onun aldığı əmlakla bağlı sənədlər arxivdən yoxa çıxarılıb. Bundan başqa, hüquq-mühafizə orqanlarının “Əzizbəyov KM” MMC-dəki müdhiş mənzil cinayətlərini araşdırmaqdan yayınmalarına dəlalət edən faktlar da üzə çıxmışdı.

İndi isə bəlli olur ki, “Əzizbəyov KM” MMC illərdir ki, “Etalon” MTK ilə birgə dələduzların oylağı şəklində fəaliyyətdədir və onun daimi, mütəşəkkil qaydada fəaliyyətinin təmini də Azərbaycanda vəzifə daşıyan şəxslərin marağındadır. Həmin vəzifəli şəxslərin kimliyi ilə bağlı bəzi ipucları əldə etmişik və yaxın saylarımızda barələrindəki məlumatları bölüşəcəyik.

İndilik isə 2018-ci ilin oktyabrında “Əzizbəyov KM” MMC və bərabər fəaliyyətdə olan “Etalon İnşaat” MTK rəsmiləri barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmlə tanış olaq.

Həmin vaxt vətəndaşlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1976-cı il təvəllüdlü Azad Həsənov və 1980-ci il təvəllüdlü Elnur Vəliyevin cinayət işi hakim Cavid Hüseynovun sədrliyi ilə araşdırılıb. Məhkəmənin hökmü ilə Azad Həsənov 8 il, Elnur Vəliyev isə 10 müddətinə azadlıqdan məhrum edilib.

O zaman iş üzrə vətəndaşların şikayətlərinə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində baxılıb. İdarə rəsmiləri “Etalon İnşaat” MTK tərəfindən paytaxtın Xətai rayonu ərazisində tikilməkdə olan yaşayış binasındakı mənzillərin aldatma yolu ilə təkrar olaraq ayrı-ayrı şəxslərə satılmasını aşkar edib.

İlkin araşdırmalarla müəyyən edilib ki, “Əzizbəyov-KM” MMC-nin sifarişi ilə 2006-cı ildə inşasına başlanılmış yaşayış binasındakı bir neçə mənzil “Etalon İnşaat” MTK-nın vəzifəli şəxsləri tərəfindən öz qulluq mövqelərindən sui-istifadə etməklə ayrı-ayrı şəxslərə satılıb.

Xətai rayonu, Xocalı küçəsi 2347-48-ci məhəllədə yerləşən bina “Etalon inşaat” MTK tərəfindən tikilib. Bina tam başa çatmamış “Əzizbəyov-KM” MMC-yə verilib. Amma binanı inşa edən MTK mənzillərdən bəzilərini satıb. Ancaq “Əzizbəyov-KM” MMC həmin satılan mənzillərə verilən sənədləri etibarsız sayaraq yenidən satışa çıxarıb. Bunun nəticəsi olaraq da bir çox mənzillərlə bağlı mübahisəli vəziyyət yaranıb. O zaman cinayət işi üzrə 50-dən çox zərərçəkmişdən dələduzluq yolu ilə 600 min manatdan çox vəsait alındığı üzə çıxmışdı.

“Əzizbəyov-KM” MMC və “Etalon İnşaat” MTK-nın rəhbər şəxsləri Elnur Vəliyevlə Azad Həsənov həbsdə ola-ola eyni cinayətlərin törədən kimlərdir? Kimdir mütəşəkkil cinayətkarlığın bu növünün yenidən ayaq açmasında maraqlı olan məmur?

Mövzuya qayıdacağıq.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz