Ağstafa rayon sakini Məmmədova Zinaida Firudin qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu Beynəlxalq Bankdan haqsız yerə işdən çıxarıblar:
“Mən, Məmmədova Zinaida Firudin qızı, yazaraq sizdən xahiş edirəm ki, mənim problemimi işıqlandırasınız.
41 il bankda işləməyimə baxmayaraq, 60 yaşımda ixtisara salıb, məni işdən azad etdilər. Yəni rəhbərlik dəyişdi, işimə son verdilər.
İşdən çıxarılma səbəbini bilmək istədikdə isə, mənə bildirdilər ki, “köhnə işçilərin cavabdehliyini daşımırıq”.
2004-cü ildən ABB bankda işləyirdim. 2014-cü ilə kimi 3 nəfər işçi ilə bankı işlətmişik. Pandemiya dövründə isə bütün işçilər xəstələndi, mən təkcə işlədim. “Zoom” proqramı ilə mənimlə görüş keçirdilər, necə çətinliklərlə işlədiyimizdən danışdım. Onlardan xahiş etdim ki, ofis işçisi kimi saxlamasanız da, arxa fon işçisi kimi işdə qalım. Razılaşmadılar. Mənim yerimə heç bir bank ixtisası olmayan, bank stajı olmayan bir insanı inzibatçı vəzifəsinə götürdülər. Səbəb isə odur ki, həmin xanımı deputat tapşırmışdır.
Mənim də deputat qohumum olsaydı, işim əlimdən getməzdi. Mən haqqım olan işimi sizin sayt vasitəsilə tələb və xahiş edirəm.
Deputat Nizami Cəfərovun qəbulunda olmaq istədim, amma mümkün olmadı. Telefon vasitəsilə danışıb, şikayətimi etdim, amma bir faydası olmadı.
Xahiş edirəm səsləndirin, bəlkə bu yaşımda bir iş sahibi olaram”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.