“Nəqşicahan Holdinq”in 300-ə yaxın işçisi dörd aydır ki, maaş ala bilmir. Buna səbəb, Naxçıvandakı hakimiyyət dəyişikliyindən sonra holdinqə daxil olan müəssisələrdə istehsalın tam dayanması, yaxud minimuma endirilməsidir.
Millitv.az bildirir ki, bu haqda “Gündəlik Naxçıvan“a holdinqdə çalışan işçilər məlumat verib. Şikayətçilər bildirir ki, rəhbərlik dekabr ayından bəri onlara evdə oturub gözləməyi məsləhət bilib. İşləmədikləri üçün maaş ala bilməyən fəhlələr onsuz da ağır olan sosial vəziyyətlərinin daha da çətinləşdiyini deyirlər.
Holdinqdəki müəssisələrin birində çalışan Cahangir Vəliyev deyir ki, ailəsini dolandırmaq üçün bankdan kredit götürüb:
“Dörd ayda yaxındır ki, bizi havada saxlayıblar. Nə işlədib maaş verirlər, nə də ki, iş olmayacaq deyirlər. Bizə bu gün-sabah açılacaq deyib, ümid verirlər deyə, başqa iş də axtara bilmirik. Son olaraq demişdilər ki, martın 15-də işlər başlayacaq. Mart ayı bitib, hələ də bir xəbər yoxdur. Onsuz da başqa yerdə iş də tapmaq çətindir. Vəziyyətimiz həddindən artıq ağırlaşıb. Borca düşənimiz, banklardan kredit götürənimiz var. Evimizə bayramlıq da edə bilmədik. Ailəmizin, uşağımızın üzünə baxa bilmirik. Axı, biz də insanıq. Bizim də övladlarımız var”.
Digər şikayətçi Cavad Qasımov isə deyir ki, problemlə bağlı Naxçıvan MR Ali Məclisinə şikayət etsələr də nəticəsi olmayıb:
“Vəzifədən kimin getməsində, kimin gəlməsində, yaxud şirkətin kimə məxsus olmasında biz 300 nəfərin heç bir günahı yoxdur. Faktiki olaraq 300 ailə pis vəziyyətə salınıb. Hamı bor içindədir. Borclular borclarını, banklar isə kreditlərini istəyir. İşçilər isə ailələrini dolandıra bilmirlər. Mən də kredit ödəyirəm, bilmirəm nə edəm. Başqa iş də tapa bilmirəm. Ailəmə çörəkpulu tapa bilmirəm. Bank da bir tərəfdən problem yaradır. 4 aydır bizi aldadırlar. Deyirlər pul ayırılmır. Pul ayırılmırsa, bəs rəhbərlikdə olan işçilər pulu haradan alırlar?”
Məsələyə münasibət öyrənmək üçün “Nəqşicahan Holdinq”lə əlaqə saxlamaq mümkün olmadı. Onların da mıvqeyini işıqlandırmağa hazırıq.