Axtarış...

Cavid Qurbanovdan narazı fəhlələr ETİRAZA HAZIRLAŞIR... - TƏFƏRRÜAT

Cavid Qurbanovdan narazı fəhlələr ETİRAZA HAZIRLAŞIR... - TƏFƏRRÜAT

“Azərbaycan Dəmir Yolları” QSC-nin “Salyan 24 saylı Rels Qaynaqlama” idarəsi işçiləri 6 aydır əmək haqqı ala bilmirlər. “Xeber.de”yə daxil olan şikayətdə işçilər iddia edirlər ki, nümayəndələri QSC-nin sədri Cavid Qurbanovla görüşmək üçün Bakıya gedib, ancaq onu qapıdan qovublar.

“İşçilər kütləvi tətilə hazırlaşır”

“Salyan 24 saylı Rels Qaynaqlama” idarəsinin 150-ə yaxın işçisi var. İşçilər iddia edir ki, ilin əvvəlindən indiyə kimi qarşılarına qoyulan bütün planı icra ediblər. Ancaq idarə 6 aydır ki, onlara bir manat belə olsun maaş verməyib.
“Narazı olanlardan bir neçəsinini çağırıb, məzuniyyət adı ilə ciblərinə 5-3 manat basıb, yola saldılar. Prezident İlham Əliyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova yazdığımız şikayət məktubları Salyan poçtunda ilişib qalır. Məcbur olub bir nümayəndəmizi Bakıya göndərdik ki, C.Qurbanovun qəbuluna düşsün, bizim sözümüzü ona çatdırsın. Lakin adamı qapıdan qovdular. Heç kəs bizi dinləmir, bizə bir çıxış yolu göstərmir. Bu gün, sabah deyə-deyə bizi aldadırlar. Kütləvi sürətdə tətil elan edib, işi dayandırmağı düşünürük” deyə, şikayətçilər qeyd ediblər.

“PA qarşısında oturaq aksiya keçirəcəyik”

İdarə çalışanları yaxn günlərdə Prezident Administrasiyasına (PA) yürüşü edib, orada oturaq aksiya keçirmək istədiklərini deyiblər.
“PA qarşısnda oturaq aksiya keçirəcəyik. Cavid Qurbanovun istefasını tələb edəcəyik. Plakatlara yazılı şüarlarımız da hazırdır. Mətbuatdan oxuyuruq ki, fəhlələrin boğazından kəsilənlərin hesabına C.Qurbanov özünə, ailə üzvlərinə ölkədə, xaricdə milyardlıq biznes yaradıb. Nə vaxta qədər biz buna dözməliyik? 6 aydır evimizə bir manat belə apara bilməmişik. Bəs biz necə dolanaq? İdarənin həyətinə toplaşıb, etiraz etmək istədik, polisi üstümüzə göndərdilər. Prezidentə yazdığımız məktubları Salyan Mərkəzi Poçtunda cırıb atırlar. 3-5 nəfərə dilənçi pulu verib, bizi sakitləşdirməyə çalışırlar” – deyə, idarənin işçiləri vurğulayıblar.

“Xeber.de” mövzu ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” QSC ilə əlaqə yaratsa da, suallarımız cavabsız qalıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz