Axtarış...

6 aydır ki, əmək haqqı ala bilmirlər... - GİLEY

6 aydır ki, əmək haqqı ala bilmirlər... - GİLEY


Mərkəzi Dənizçilər Xəstəxanasının işçiləri 6 aydır ki, əmək haqqı almırlar.

Xadimə, rəngsaz da daxil 200-ə yaxın işçi maaşdan məhrum olub.

"Camaatın min dənə problemi, krediti var. Gəlmişiksə, işləyiriksə, pulumuzu verməlisiz. Çatdıra bilmirsinizsə, kommunala, vergiyə işləyəcəyiksə, bağlayın buranı, biz də işimizi bilək. Xəstəxana əlavə pul ödəyə bilmir, sırf gedir hökumətə. Kommunala, vergiyə, sosiala, həmkarlar ittifaqına. Mən bura gəlmişəm ki, onlar üçün işləyim? Mən bura gəlmişəm öz ailəmi dolandırmağa. Belə olmaz axı. Sonra deyirlər, qayda-qanun Azərbaycanda işləyir", - qazanxanada operator vəzifəsində çalışan Vaqif Baxşıyev deyir.

Rəhbərlik işçilərə "xəstə azdır, büdcədə pul yoxdur” deyir. İşçilərsə bununla razılaşmır.

Vergilər Nazirliyinin məlumatına görə, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus "Mərkəzi Dənizçilər Xəstəxanası” 2017-ci ildə kommersiya qurumuna çevrilib.

Xəstəxana reyestr məlumatlarında "Baku Caspian Hospital" adı ilə qeydiyyatdan keçib. Qanuni təmsilçi xəstəxananın baş həkimi Gerasim Rüstəmovdur. Nizamnamə kapitalı 20 milyondan çoxdur.

Müəssisə işçisinin Gerasim Rüstəmovla görüntülədiyi həvəskar çəkilişdə baş həkim xəstəxananın ağır durumda olduğunu, gəlirlərin yalnız vergiyə ödəndiyini söyləyir.

Baş həkim Gerasim Rüstəmovla əlaqə saxlaya bilməsək də, dəstəyi açan tibb bacısı Əmlak Məsələləri Dövlət Komitəsinin müəssisəni satışa çıxardığını bildirdi.

Elə komitənin rəsmi saytında da "Baku Caspian Hospital" özəlləşdirilməyə açılan dövlət müəssisələri siyahısındadır. Daha ətraflı informasiya üçün komitə ilə əlaqə saxlamaq mümkün olmadı.

Ölkə başçısı İlham Əliyevin 2016-cı ildə imzaladığı fərmanla ümumilikdə 352 dövlət müəssisə və obyekti özəlləşdirilməyə açılıb. Özəlləşdirilmədə əsas məqsəd kimi dövlət büdcəsindən xərclərin azaldılması, belə müəssisələrin tam profil üzrə səmərəli fəaliyyətə başlaması və yeni iş yerlərinin açılması göstərilib. Ancaq Dənizçilər Xəstəxanasının işçiləri aylardır gündəlik ehtiyaclarını da ödəyə bilmirlər.

dia.az
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz