Adətən “lal deputat” kimi tanınan Milli Məclisin üzvü Kəmaləddin Qafarovun dili birdən-birə açılıb və bildirib ki, “Azərbaycanda bəzi dərmanların qiymətləri Türkiyədən ucuzdur”. Deputatın qəfil olan bu çıxışı lətifəyə bənzəyirdi, çünki reallıqda Azərbaycanda dərman qiymətlərinin süni şəkildə şişirdildiyi və onun nümunə gətirdiyi Türkiyə ilə müqayisədə qat-qat baha olduğu heç kəsə sirr deyil. Bunu elə parlamentin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov da Kəmaləddin Qafarovun çıxışına cavabında bildirib. “Mən görməmişəm ki, Türkiyədə baha olan dərman Azərbaycanda ucuz olsun. Düzdür, son vaxtlar Türkiyədə də dərmanların qiymətləri bahalaşıb. Amma deyə bilmərik ki, bəzi dərmanların qiyməti bizdə Türkiyədəkindən ucuzdur”, – komitə sədri deyib.
Kəmaləddin Qafarovun dilə gəlməsi və belə bir iddia irəli sürməsi maraqlı olduğu qədər də gülüş doğurur. Təkcə ona görə yox ki, deputatın iddiası doğru deyil, həm də bu iddianı irəli sürən Kəmaləddin Qafarov ölkədə dərmanların qiymətinin baha olmasının əsas baiskarlarından biridir və belə bir şəxsin “Azərbaycanda dərmanlar ucuzdur” deməsi yumşaq desək gülüncdür, həm də məqsədin qanunverici orqanın tribunasından öz biznesini legitimləşdirmək məqsədi daşıdığı aydın görünür.
AzToday.az xəbər verir ki, açıq mənbələrdə yayılan məlumatlara görə, deputat olan Kəmaləddin Qafarovun müxtəlif sahələrdə biznesi var, lakin onun əsas gəlir mənbəyi məhz dərman satışındandır. “AzəriMed” MMC şirkəti Kəmaləddin Qafarovun ən böyük dərman firmasıdır. Şirkət həm də “Tibbi Market”də tibbi ləvazimatların və avadanlıqların satışını həyata keçirir. O cümlədən, “Zəfəran” apteklər şəbəkəsi və “Zəfəran Hospital” da şirkətə daxildir. Şirkət kağız üzərində Kəmaləddin Qafarovun yaxın qohumu Canliya Qafarova Rəhim qızının adınadır. “Kanon” MMC Qafarovun digər firmasıdır. Şirkətə “Kanon” apteklər şəbəkəsi daxildir.
Qanuni təmsilçisi Kəmaləddin Qafarovun əmisi oğlu Hüsaməddin Qafarovun olduğu “Shafran” MMC də dolayısı ilə deputata məxsusdur. Deputatın dərman biznesinə “Avestafarm” MMC, “Naturalist” firması da daxildir. “Naturalist” firmasının təsisçisi kağız üzərində Qafarovun qardaşı Cəlaləddin Qafarovdur.
Mediada yayılan məlumatlara görə, Kəmaləddin Qafarovun əczaçılıq biznesi ölkə sərhədlərinin hüdudlarını aşır. Misal üçün, Gürcüstanda fəaliyyət göstərən, Tbilisi, İsani-Samqor rayonu, Qorqasali küçəsi 41 ünvanında hüquqi qeydiyyatda olan “Helios Pharma” LTD-nin də K.Qafarova məxsus olduğu deyilir. Şirkət Tamara Qamzaşvili adlı gürcü qadın tərəfindən idarə olunur. Eləcə də yunan Kiprində fəaliyyət göstərən “SALİDONT LTD”-nin də deputatın biznes imperiyasına bağlı olduğuna dair məlumatlar yayılıb.
Dərman biznesində böyük paya sahib olan K.Qafarov həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir və dövlətin bura ayırdığı pulların böyük əksəriyyətinin deputata məxsus “AzəriMed” şirkətinə transfer edildiyi, dərmanların oradan alındığı haqda məlumatlar var. Milli Onkologiya Mərkəzinin “AzəriMed”lə imzaladığı rəsmi müqavilələr də bunu deməyə əsas verir. Onkologiya Mərkəzində dəhşətli bahalığın arxasında da məhz Kəmaləddin Qafarov dayanır.
Kəmaləddin Qafarovun biznesi dərman sahəsi ilə də yekunlaşmır. Paytaxtın ən dəbdəbəli və bahalı şadlıq evlərindən olan “Versal Palace” Qafarovlar aləsinə məxsusdur. “Versal Palace” MMC tərəfindən idarə olunan şadlıq evinin qanuni təmsilçisi deputatın qardaşı Cəlaləddin Qafarovdur.
Qanun deputatların biznes fəaliyyətini qadağan edir, lakin göründüyü kimi, bunun Kəmaləddin Qafarova aidiyyəti yoxdur. O, qanunverici orqanda əyləşsə də, müxtəlif şəxslər üzərindən biznesini idarə etməyə davam edir və ölkədə dərmanların “əl yandıran” qiymətlərinin əsas səbəbkarıdır. Amma Milli Məclisin kürsüsündən “dərmanlar ucuzdur” çıxışını edəcək qədər də yalan danışır.
Görünür, Milli Məclisdəki deputat mandatı Kəmaləddin Qafarova xalqı təmsil etmək üçün yox, biznesini qorumaq və yeri gələndə qanunsuz fəaliyyətlərini legitimləşdirmək üçün lazımdır.
Əslində depuatatların bu kimi reallıqdan uzaq bəyanatları adi hal alıb. Amma indiki halda K.Qafarovun fikrinə komitə sədri Ə.Əmiraslanovun sərt reaksiyası xüsusi diqqət çəkir. Hakim komandaya yaxın mənbələrdən daxil olan məlumata görə, bu əslində Qafarovun “qələminin qırılmasının” ilkin işartılarıdır: “Kamaləddin Qafarov “Naxçıvan klanı”nın nümayəndəsi kimi tanınır və onun biznesinin çiçəklənməsində Vasif Talıbov faktoru da rol oynayıb. İnki iqtidar daxilində gedən kadr islahatı və “köhnə qvardiya” ilə vidalaşma dalğası Qafarova da öz təsirini göstərəcək” //AzToday.az//