Axtarış...

"Dərman mafiyası"ndan iqtisadi sabotaj - Süni bahalaşma yaradırlar

"Dərman mafiyası"ndan iqtisadi sabotaj - Süni bahalaşma yaradırlar

Məlum olduğu kimi, ölkəmizdə bir sıra məhsullarla yanaşı, dərmanların qiyməti də dövlət tərəfindən tənzimlənir.

Qeyd edək ki, 5 iyun 2015-ci ildə Nazirlər Kabineti "Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi qaydası"nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Qərara görə, Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq "Azərbaycan Respublikasının dərman vasitələrinin reyestri"nə daxil edilmiş dərman vasitələrinin qiymətləri Tarif Şurası tərəfindən tənzimlənir.

Qeyd edək ki, bu qərar bundan əvvəl müxtəlif apteklərdə dərman qiymətləri arasında mövcud olan kəskin fərqin və dərman qiymətlərində bahaçılığın qarşısının alınması məqsədilə verilib.

Qərar dövlət qeydiyyatına alınan dərmanların qiymətlərində müəyyən tənzimlə yaratsa da, yəni əvvəlki illərdə olan ciddi fərq aradan qalxsa da, heç də problemin köklü şəkildə həllinə gətirib çıxarmadı. Dərman qiymətlərinin baha olması və müxtəlif satış mərkəzlərində fərqli qiymətlərin tətbiq olunması ilə bağlı faktlar ara-sıra mətbuat səhifələrində yer almaqdadır. Dərman bazarında bəzi qiymətlərin tələbə uyğun müəyyənləşməsi də vaxtaşırı hiss olunmaqdadır. Məsələn, qış fəslində zökəm və soyuqdəymə əleyhinə olan dərmanların qiymət artımı hiss olunur.

Bir sıra satış mərkəzlərinin dərman vaistələrini yalnız vahid siyahıda qeyd olunduğundan baha deyil, həm də daha ucuz satmaqla Tarif Şurasının qərarından çıxma halları müşahidə olunur.

“Cümhuriyət” qəzetinə dərman qiymətlərinin bahalaşması ilə bağlı ünvanlanan növbəti şikayət “Goladek” boğaz və tənəffüs yollarının iltibahı əleyhinə olan vasitənin qiyməti ilə bağlı olub. Şikayətçi bildirib ki, əvvəllər 10 manata təklif olunan bu vasitə, sonra bahalaşaraq 14 manata qalxıb. Bir neçə gün əvvəl isə həmin vasitə apteklərdən birində18 manata təklif olunub.

Qeyd edək ki, bu qiyməti bahalaşan yeganə vasitə deyil. Apteklərdə müşahidə aparıldıqda, müstəlif vaistələrin qiymətlərində fərq müşahidə olunur.

Bəs, Tarif Şurasında qiymət arımı ilə bağlı mövqe necədir?

Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev “Cümhuriyət” qəzetinə açıqlamasında bahalaşmanın olmasını istisna edib:

“Qiymətlərin tənzimlənməsi prosesi davamlı prosesdir. Amma tənzimlənmiş qiymətlərin dəyişilməsi ilə bağlı Tarif Şurasının hər hansı bir qərarı olmayıb. Bu dövlət qeydiyyatına alınmış bütün dərman vasitələlərinə aiddir”.

Abbas Əliyev xatırladıb ki, ümumilikdə dərman vasitələri satışa çıxarılmazdan əvvəl dövlət qeydiyyatına alınır, Tarif Şurasına müraciət olunur və Şura qiyməti müəyyənləşdirir.

Apteklərdə dövlət qeydiyyatında olmayan dərman vasitələrinin olub-olmamasına gəlincə, Abbas Əliyev bildirib ki, bu məsələyə Səhiyyə Nazirliyi cavabdehdir. Eləcə də Tarif Şurasının rəsmisi şikayət daxil olan dərmanlarla bağlı araşdırma aparıldığını deyib.(“Cümhuriyət”)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz