"Həyat yoldaşımla birgə heç bir paylaşım etmirəm. Ailəmlə gündəmə gəlməyi sevmirəm və mənim şəxsi həyatım paylaşılmır. Sənətim paylaşıla bilər. Həyatım niyə manşet olsun ki? İnşallah, elə bir durum olmaz. Nəyə lazımdır, bilsinlər ki, Elməddin bu gün nə yedi evdə? Bunu edənlər də var. Bu sözüm kimlərinsə xətrinə dəyə bilər, amma vallah mən yaxşı baxmıram".
Bu sözləri aktyor Elməddin Cəfərov "Düzünə qalsa" verilişində deyib. Sənətçi yaşadığı həyatı sosial şəbəkədə nümayiş etdirənləri tənqid edib:
"Yediyi yeməyi, yatdığı otağı, çimdiyi hamamı paylaşırlar. Axı nəyin axtarışındasınız? Nəyə ehtiyac var? Bəlkə kiminsə evində o yeməyi yoxdur... Camaata niyə travma verirsən? Bəlkə onun elə otağı, hamamı yoxdur. Dağ çəkir olmayanlara".
Elməddin "Tək səbr"in dağılma səbəblərindən danışıb:
"Heydər Əliyev Sarayında konsert verirdik, bütün biletlər satılırdı, hətta pilləkənlərdə adamlar da otururdu. Əvəzində 75 dollar - 60 manat pul alırdıq. 20-30 min pul qalırdı, Fərda ilə mən 60 manat alırdıq. Gerisini siz düşünün ki, o biri yoldaşlarımız nə qədər alırdı. Bölgələrdə 5 gün ardıcıl konsert verirdik, konsert sonu pul itirdi, oğurlanırdı. Nə möcüzə idisə, hər dəfə də pul oğurlanırdı. Pul necə oğurlanırdı? Pulqabından... Amma pul kisədə olurdu. Maraqlı gəlirdi ki, axı 30 min pulqabına necə sığırdı? Desəydilər ki, kisə oğurlanıb, hə. Amma pulqabı niyə? Bu kimi nüanslar var idi. Biz 5 gün konsert verib pulsuz qayıdırdıq, Bakıda hansı yarım saatlıq tədbirdən o pulu çıxarırdıq. Hamımız evlənmişdik, ailəmiz, kirayə haqqımız var idi. Yoxsa biz pul dalınca deyildik. Ailəm, 1 yaşlı uşağımla necə kirayədə qalım? Mən onlardan maşın, ev almaq pulu istəmirdim ki, işlədiyim maaşımı istəyirdim. Sonda da 3-4 ayın maaşı batdı, ondan sonra da hamı dağılıb getdi. Övladım olanda xəstəxana üçün 200 dollar tapa bilmədim, onda ilk dəfə məcbur olub toya getdim".
Elməddin ona təklif edilən 100 min manatdan danışıb:
"Həmişə yüksək məbləğlərdən öz imicimə görə imtina etmişəm. Mobil şəbəkələrdən biri həmin filmə baş sponsorluq edirdi. Deməli, çəkiliş günümə 6000 manat verirdilər, 1 aya qədər çəkiliş olacaqdı. 100000-dən yüksək qonoara razı idilər. İstədiyim maşın var idi, onu almaq istəyirdim. Pulu da gətirmişdilər, pula baxırdım, bir də ssenariyə, psixoloji təsir edirdi. Amma bəyənmədiyim üçün imtina etdim. Ard-arda ilin ən yaxşı aktyoru seçilmişəm. O vaxt film bazarında Azərbaycanda ən bahalı aktyor idim. Pandemiyadan öncə. Üstəlik Türkiyədə də Azərbaycandan kənar ən bahalı aktyor kimi tanınırdım. Adamların pulu olmayanda məni hansısa filmə şərik edirdilər. Yetər ki, mən baş rola çəkilim".
Axşam.az