"Ötən illər ərzində dövlət büdcəsindən Azərbaycan Milli Elmlər Akademiyasına ayrılan vəsaitlər artırılsa da, akademiya özü qazanc əldə etməyib".
Bu sözləri AMEA-nın akademik-katibi, akademik Adil Qəribov deyib.
Akademik bildirib ki, Rusiya Elmlər Akademiyasına (REA) dövlət büdcəsindən 1,5 faiz həcmində maliyyə ayrılır və bunun əvəzində rusiyalı alimlər həmin məbləğin 1 faizi həcmində büdcəyə geri ödəniş edirlər: "Hazırda REA rəhbərliyi geri ödənişlərin həcminin artırılması istiqamətində daha çox səy göstərilməsinin tərəfdarıdır. Belarus Elmlər Akademiyasının 60 faizi özü tərəfindən, 40 faizi isə dövlət büdcəsindən maliyyələşir. Özbəkistan Elmlər Akademiyasında isə bu göstərici yarı-yarıyadır".
Azərbaycanda elmə ayrılan vəsaitin 81-82 faizinin əməkhaqlarının ödənişinə sərf olunduğunu deyən A.Qəribov qalan vəsaitin isə müəssisələrin gündəlik tələbatlarına xərcləndiyini bildirib.
Bundan əlavə, "Elmin İnkişafı Fondu" və SOCAR-ın "Elm Fondu"ndan qazanılan qrantlar hesabına alınan cihazların səmərəli istifadə göstəricisinin 20 faizi ötmədiyi vurğulanıb: "Son illərin təhlili göstərir ki, bir neçə institut xaricində heç bir əməli işlər aparılmayıb.
AMEA-da yeni, gənc kadrların yetişdirilməsinə ehtiyac var. İnstitutlarda gənclərin sayı 10-20 faizdən çox deyil. Akademiyada fundamental sahə yetəri qədər inkişaf etməyib".
Xəzər Universitetinin təsisçisi və rektoru, professor Hamlet İsaxanlı məsələ ilə bağlı fikirlərini "Şərq"ə bildirib:
"Məsələ belədir ki, dünyada Elmlər Akademiyası sistemi iki cürdür. Onlardan biri sosializm sistemində mövcud olub ki, məhz SSRİ bundan istifadə edib və Azərbaycan da bu sistemi davam etdirir. Yəni çoxlu elmi-tədqiqat institutları var və dövlət də onları maliyyələşdirir. Bu növ elmlər akademiyaları kapitalist dünyasının heç birində yoxdur. Amerikada, İngiltərədə, Albaniyada, Fransada və digər yerlərdə isə akademiya belədir ki, bir dəstə elm adamının hərəsinin işlədiyi bir universiteti var, onlar bir yerə yığışıb müəyyən kitablar yazıb nəşr edirlər, jurnallar dərc edirlər və dövlətdən də heç nə almırlar.
SSRİ dağılandan sonra akademiyalarda böyük islahatlar oldu. Bunu birinci Baltik ölkələri, sonra isə Gürcüstan həyata keçirdi. Onlar dərs keçirilməsi və tədqiqatla universitetlər məşğul olduğu üçün akademiyanın elmi-tədqiqat institutlarını universitetlərə birləşdirdilər. Akademiya isə alimlərin bir növ klubudur.
Təəssüf ki, bizdə islahatlar olmadı. İslahatın kəskin pilləsi olaraq ixtisarlar aparılmalıdır. Eləcə də bu, kiçik bir təşkilat olmalıdır. Belə bir ağır vaxtda dövlətin belə bir təşkilatı maliyyələşdirməyə imkanı yoxdur, olsa belə bunu etməməlidir.
Dövlət heç ali məktəbləri maliyyələşdirmir. Bu dəqiqə dövlət universitetlərinin əksəri özünü saxlayır. Həmçinin, dövlətə də böyük həcmdə vergi verirlər.
Belə olan halda dövlət nə üçün nəhəng bir akademiya saxlamalıdır, onun dövlətə xeyri və faydası nədən ibarətdir?"
Professor, həmçinin, akademiyada həqiqətən də çalışan alimlərin sayının az olduğunu və ciddi islahatlar aparılmasının vacibliyini vurğulayıb:
"Heç şübhə yoxdur ki, orada yaxşı alimlər də çalışırlar. Lakin həmin alimlər o akademiyada işləyənlərin 5, maksimum 10 faizini təşkil edirlər. Yəni bu, 10 faiz təşkil edirsə, deməli, onların sayı da 10 dəfə azaldılmalıdır. Ona görə də akademiyada islahat həddindən artıq həyati və vacib məsələdir.
Açığı, mən anlamıram ki, dövlət niyə məcburi islahat aparmır? Bu reformları akademiyanın özü aparmalıdır, əgər apara bilmirsə, bunu dövlət özü həyata keçirməlidir".