Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev əhalini sudan səmərəli istifadəyə çağırıb. Nazir bildirib ki, temperatur iqlim normasından yuxarıdır, bu da içməli sudan istifadəyə məsuliyyətlə yanaşmanı daha da aktual edir. Digər tərəfdən isə bir müddətdir ki, Bakıda əhaliyə suyun verilişində qənaət rejimi tətbiq edilib. Bütün bunlar içməli su qıtlığının uzaqda olmadığından xəbər versə də, ölkəmizdə şirin sudan texniki məqsədlə istifadə hallarının qarşısı alınmır. Baxmayaraq ki, avtoyuma məntəqələrində, yaşıllaşdırmada, kənd təsərrüfatı məhsullarının becərilməsində şirin sudan istifadə edilməsi içməli su ehtiyatlarımızın tükənməsinə səbəb olur.
Sputnik Azərbaycan içməli sudan texniki məqsədlərlə istifadənin qarşısını necə almağın yollarını araşdırıb.
Sudan texniki məqsədlər üçün istifadə
Millitv.az-ın məlumatına görə, Xəzər Universitetinin müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru, ətraf məsələlər üzrə ekspert, tədqiqatçı Rövşən Abbasov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Bakıda içməli sudan başqa su mənbəyi yoxdur. Ona görə də içməli su texniki məqsədlər üçün də istifadə edilir. Onun sözlərinə görə, təmizlənmiş çirkab suları bağ və parkların sulanmasında istifadə etmək olar. Amma bu suyu Hövsandan Bakının bağlarına gətirmək problemdir. Mütəxəssis deyir ki, ona görə də, Bakının hündür yerlərində təmizlənmə qurğuları qurulmalıdır.
Həmsöhbətimiz deyir ki, yağış suları kanalizasiya xətlərinə düşmədən yağdığı ərazilərdə yığılmalı, yaşıllıqların sulanmasında, küçə və sosial ərazilərin təmizlənməsində, yuyulmasında istifadə edilə bilər: "Yağış sularının yığılmasının faydası böyükdür. Bu içməli sudan istifadəni azaltmaqla texniki sudan istifadə həcmini artıracaq. Bu gün Bakıya verilən suyun hamısı içməli sudur. Bu isə içməli su ehtiyatının azalmasına səbəb olur. Bakıətrafında bağlarda, təsərrüfatlarda içməli sudan istifadə edilir. Texniki sudan suvarma məqsədilə istifadə etmək üçün yeni sistemlər yaradılmalıdır. Bu bir qədər çətin olsa da, buna nail olmaq mümkündür. Kollektor drenaj sularını bir yolla suvarmaya yönəltmək olar. Hazırda heç bir texniki su standartı yoxdur".
İtkilər
Tədqiqatçı ekspert onu da bildirdi ki, su şəbəkəsində itkilər də çoxdur.
"Bu itkinin qarşısını almaq üçün köhnə borular dəyişdirilməlidir. Bəzi su xətlərini isə dəyişmək çətindir" deyə R. Abbasov bildirdi.
Onun sözlərinə görə, Bakının ətrafında iri bağlar var ki, onlar da içməli su ilə suvarılır: "Bakıda bağ salarkən iqlimi nəzərə alınmalıdır. Paytaxtda alma bağı salmaq düzgün deyil. Elə bağ salınmalıdır ki, o ağacları tez-tez suvarmaq istifadə edilməsin. Bakıda parklar salınarkən da bu amil nəzərə alınmalıdır. Parklara yaşıllıq üçün elə ağaclar əkilməlidir ki, çox sulamağa ehtiyac olmasın".
Rəsmilərin mövqeyi
"Azərsu" ASC-nin sədr müavini Etibar Məmmədov Sputnik Azərbaycan-ın sualına cavabda Bakıda sudan texniki məqsədlə istifadənin içməli su ehtiyatının azalmasına təsir göstərdiyini təsdiqləyib. O, bildirib ki, Sovet dövründə texniki su istehsal edilərək sənayedə, suvarmada istifadə edilib. 1990-cu ildən sonra texniki su istehsal edən qurğular sıradan çıxıb. Onun sözlərinə görə, həmin vaxtdan sonra paytaxtda yaşıllıqların sulanmasında, avtomobillərin sulanmasında içməli sudan istifadə edilir. V. Kərimov bildirib ki, "Azərsu" ASC hazırda texniki sudan istifadənin artırılması üçün təkliflər hazırlayır. Amma hələki bu məsələ öz həllini tapmadığından əhali abonentlərindən sudan qənaətlə istifadə etmək tələb olunur.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov isə Sputnik Azərbaycan-ın sualına cavabda bildirib ki, texniki suyun olmaması içməli suya təlabatı artırır. O, bildirib ki, harada imkan varsa içməli suyu texniki su ilə əvəz olunmalıdır. Nazir müavini onu da vurğulayıb ki, artıq Bakıda bəzi ərazilərdə park və yaşıllıqların sulanmasında texniki sudan istifadə edilir. Onun sözlərinə görə, artıq Xocahəsən gölünün ətrafında salınmış yaşıllıq bu göldən götürülərək təmizlənmiş su ilə suvarılır.
Bununla belə V. Kərimov qeyd etdi ki, sudan digər məqsədlər üçün istifadəyə görə cərimə tətbiq oluna bilməz: "İçməli suyun alternativini təqdim edə bilmiriksə, ondan başqa məqsədlərlə istifadəyə cərimə də tətbiq edə bilmərik". O bildirib ki, vətəndaş istifadə etdiyi suyun tarifini ödəyirsə, ona digər məqsədlər üçün istifadəyə görə cərimə tətbiq oluna bilməz.
Ölkənin su ehtiyatları
Vüqar Kərimovun sözlərinə görə, hazırda ölkənin 25 milyard kubmetr su ehtiyatı var.
"Bunun 16,5 milyard kubu yeraltı, 8,5 milyard kubu isə yerüstü sulardır. Son beş il ərzində Mingəçevir Su Anbarının ehtiyatları 50 % azalıb. Son 7-8 il ərzində ölkə ərazisində quraqlıq müşahidə edilir. Bu, yağıntıların miqdarının az olması, həmçinin, ölkəyə daxil olan transsərhəd çaylarından suların az axması ilə bağlıdır"deyə nazir müavini bildirib.
Vüqar Kərimov həmçinin qeyd edib ki, Azərbaycanın su ehtiyatlarının 2050-ci ilə kimi 15-20 % azalacağı gözlənilir: "Azərbaycanın su ehtiyatlarının 70 %-i ölkə xaricində formalaşır. Bu baxımdan Azərbaycan dünyada su stresi yaşayan ölkələrdəndir. Adambaşına düşən su ehtiyatlarına görə ölkəmiz 90-cı yerdədir. Cəmi su ehtiyatları üzrə hətta 140-cı yerdəyik".