Axtarış...

Şərur sakinləri dərdlərini KİMƏ DESİN? - NARAZILIQ!

Şərur sakinləri dərdlərini KİMƏ DESİN? - NARAZILIQ!

Şərur şəhərindəki "Stansiya ərazisi" adlan məhəllənin əhalisi bir aydan artıqdır ki, içməli susuz qalıb.

Millitv.az xəbər verir ki, məhəllə sakinlərinin "Gündəlik Naxçıvan"a bildirdiyinə görə, buna səbəb məhəlləni içməli su ilə təmin edən artezian quyusunun xarab olmasıdır. Sakinlər deyir ki, bununla bağlı aidiyyəti qurumlara şikayət etsələr də nəticəsiz qalıb. Təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən məhəllə sakini deyir ki, məcbur qalıb, içməli suyu uzun məsafədən əllərində daşımalı olurlar:

"Rəsmən su səfaləti çəkirik. Problem tək içməli su deyil. Hamam və həyət-bacada da o sudan işlədirik. Deyirlər ki, artezian xarab olub. Bir aydan çoxdur düzəldən yoxdur. İndi hansı zamanədir ki, adi bir problemə görə bu qədər adam əziyyət çəksin? Demək, bunlar üçün əhalinin təminatı vacib deyil. Bir artezian düzəltmək niyə belə çətin olmalıdır? İndi məcbur olub, içməli suyu 15-20 dəqiqəlik məsafə qət edib, əlimizdə daşıyırıq. Tək içməli su olsa, dərd yarı. Yuyunmaq istəyəndə, həmin yolu gün ərzində bir neçə dəfə gedib-gəlməli oluruq. Nə vaxt düzələcəyini ilə bağlı heç bir söz demirlər. Şərur Rayon İcra Hakimiyyəti də buna reaksiya vermir. Başqa hara şikayət edək, bikmirik".
Şərur Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsindən verilən məlumata görə, rayona yeni içməli su çəkilib, sakinlərin dedikləri isə əsassızdır:
"Bu ərazidə elə bir yoxdu ki, içməli su olmasın. Ola bilər ki, sakinlər arteziyanların dayandırılmasından narazıdırlar. Keçən il nazirlər kabinetinin qərarıyla rayon ərazisində olan içməli su ehtiyatlarının təyinatını dəyişib suvarma arteziyanları etdik. Amma bunun əvəzində binaların əksəriyyətinə təzə içməli su çəkildi".
İdarədən bildirilib ki, Şərur şəhərində təkcə "Zavod həyəti" deyilən yerə içməli su çəkilməyib, orda da arteziyanlar fəaliyyət göstərir.
Adı çəkilən məhəllədə 30-a yaxın ailənin yaşadığı bildirilir. Məhəlləni su ilə təmin edən artezian şəhər kənarında yerləşir. Evlərə su, həmin ərazidən borular vasitəsi ilə çatdırılır. Sakinlər bu xidmət üçün, ailə üzvlərinin sayına görə 5-10 manat aralığında aylıq pul ödəyirlər.

"Gündəlik Naxçıvan"
Text-to-Speech

DİNLƏ






Şərh yaz