Axtarış...

Marketlərin `TORBA PULU` TORBASI... - Və yaxud vətəndaşa "EKOLOJİ ZƏRBƏ"...



Dünəndən etibarən marketlərdə verilən politelin torbalar pulla satılır. Artıq mağazadan hər hansı bir məhsulu alan alıcı torba üçün də ayrıca pul ödəməlidir.

Kiçik paketlər 3-5, böyük paketlər isə 10 qəpik civarında dəyişir.

Qərar plastik istifadəsini azaltmaq üçün tətbiq edilir.

Ekspertlərin fikrincə, ticarət şəbəkələrində və marketlərdə polietilen torbaların ödənişli olmasının ideya olaraq anlaşılandır, amma bunun Azərbaycanda tətbiqi, reallaşdırılması ciddi problemlərə səbəb olacaq. Polietilen torbalardan imtina insanların könüllü davranışından qaynaqlanmadığı müddətdə onun satışı ekoloji problemlərin həllində ciddi bir rol oynamayacaq.
Qeyd edək ki, dünyada belə bir yanaşma çoxdan var ki, polietilen torbalar ekologiyaya çox ciddi ziyan vurduğundan ondan imtina etmək lazımdır. Lakin həmişə olduğu kimi bu dəfə də Azərbaycanda axırda görülməli olan işi əvvəldə görürlər. Yəni Avropa ölkələrində və ABŞ-nin bəzi ştatlarında belə qaydalar var və onlar illərlə bununla bağlı təbliğat aparıb, sosial çarxlar hazırlayıblar. Bundan başqa, parça torbaların pulsuz paylanılması ilə bağlı aksiyalar keçirib, maarifləndirmə işləri aparıblar. Ancaq bundan sonra polietilen torbaların pulla satılması ilə bağlı qərar veriblər. Amma bizdə hansısa bir təbliğat, təşviqat, sosial çarxlar, maarifləndirmə işləri aparmadan birdən-birə polietilen torbaların pulla satılması ilə bu problemi həll edəcəklərini düşünürlər. Səhv yanaşma məhz bundan ibarətdir. Azərbaycan alıcısının davranışlarını bilərək, 3-5 qəpiyə görə onlar bundan imtina etməyəcəklər.

Çünki xaricdə polietilen torbalar pullu olduğuna görə inkişaf etmiş ölkələrdə ekologiyaya vurulan ziyanın insanlar tərəfindən qəbul olunmasına görə polietilen torbalardan imtina edilir.

İqtisadçı-ekspert Eldəniz Əmirovun “Şərq”ə açıqlamasına görə, marketlərdəki polietilen torbalar bu günə qədər alıcılara havayı verilmirdi. Onun sözlərinə görə, marketlərdə tavanda yanan lampalardan tutmuş havayı hesab etdiyiniz torbalara qədər hər şeyin xərci satılan məhsullar üzərinə paylanaraq istehlakçılara ötürülür:

"Maya dəyərinə nələrin daxil olduğuna baxın: Məhsulun maya dəyərinə istehsal prosesində istifadə olunan təbii ehtiyatların, xammalın, materialın, yanacağın, enerjinin, əsas fondların, əmək ehtiyatlarının qiymətləndirilmiş dəyərini, həmçinin onların istehsalına və satışına sərf olunan digər məsrəflər daxildir. Torbanın xərci də böyük hərflərlə yazdığım sonuncu hissədə gizlənirdi. İndi bu xərci sadəcə çek üzərində 3-5 qəpik göstərəcəklər ki, insanlar məsuliyyətli olub, torbalardan lazımlı-lazımsız istifadə edib, təbiətə tullamasınlar. Torbalar nisbətən ekoloji tələblərə uyğun olsun, insanlar da daha səmərəli istifadə etsin. Əlqərəz, bu günə qədər torbanın qiyməti çek üzərində yazılmadığına görə, elə bilirdik ki, market sahibi cibindən bizə polietilen torba alır. Xeyr, elə şey yoxdur, sadəlövh olmayın! Bu dünyada yalnız valideynin övladına olan məhəbbəti havayıdır, qalan heç nə havayı deyil!

Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı da açıqlamasında Azərbaycan cəmiyyətinin bu prosesə hazır olmadığını deyib. Onun sözlərinə görə, torbaları ödənişli satmaqda məqsəd ekologiyanı qorumaq yox, əhalidən pul qopartmaqdır:

“Bu kampaniya əhalidən əlavə pul qoparmaq üçün yox, sağlamlıq və ekoloji mühit üçün həyata keçirilməlidir. Ekologiyanı zərərli vərdişlərdən qorumaq üçün də müxtəlif yollar var. Bunun üçün polietilen torbaların alternativi olmalıdır ki, əhali bundan imtina etsin. Təbiətdə parçalanan, ekologiyaya zərər vurmayan materiallardan hazırlanan qablaşdırma olmalıdır. Bunlar kağız, parça torbalar və şüşə qablar olmalıdır. Ekologiyaya zərər vurmayan məhsullar istehsal olunmalıdır. Təbii paket və qablar istehsal edən müəssisələr açılmalı, vergidən azad edilməlidir ki, ucuz məhsul buraxa bilsinlər.
Hazırda insanların həyat tərzi bu cür formalaşıb. İnsanlar alış-verişi polietilen torbalar vasitəsilə edir. Ekologiyanı qorumaq məqsədilə bu vasitələri pulla satmaq çıxış yolu deyil. Həmsöhbətimiz xüsusi olaraq qeyd etdi ki, polietilen torbaların alternativi yaradılmadan onların pulla satılması düzgün deyil”.
Text-to-Speech

DİNLƏ






Şərh yaz