Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Kinder Surprise” yumurtalarının satışdan yığışdırılması ilə bağlı sahibkarlara müraciət edib.
Agentlik müraciətində bildirib ki, İtaliyanın “Ferrero” şirkətinin Belçikada yerləşən müəssisəsində istehsal olunan son istifadə müddəti 20 aprel – 21 avqust, 11 iyul – 7 oktyabr 2022-ci il tarixli bəzi məhsullarında “Salmonella” virusunun olması ehtimalı ilə bağlı həmin məhsulun istehsal edilən partiyaları geri çağırılıb.
AQTA bəyan edib ki, “Ferrero” şirkətinə məxsus son istifadə müddəti 20 aprel - 21 avqust, 11 iyul - 7 oktyabr 2022-ci il tarixli qeyd olunan məhsulların idxalçı şirkətlər tərəfindən geri çağırılması qısa müddətdə təmin olunmalı və bununla bağlı Agentliyə məlumat verilməlidir.
Agentlik qabaqlayıcı tədbirlər çərçivəsində insanların həyat və sağlamlığının qorunması məqsədilə istehlakçıları Belçikada istehsal edilən və son istifadə müddəti yuxarıda qeyd olunan tarixləri əhatə edən bu məhsulları istehlak etməməyə çağırır, həmçinin Belçikada istehsal edilən, son istifadə müddəti həmin dövrə aid olan məhsulları satış şəbəkələrində aşkar etdikdə AQTA-nın “1003 - Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edib.
Azərbaycanda demək olar ki, hər marketdə kinder yumurtalarına rast gəlmək mümkündür.
Bəs mağazalar agentliyin bu çağırışından sonra satışda hər hansı bir dəyişiklik ediblərmi?
Suala cavab tapmaq üçün Musavat.com-un əməkdaşları mağazalarda olublar.
Mağazalarda müşahidə etdik ki, çağırışlara baxmayaraq hələ də kinder yumurtalarının satışı davam edir.
İri mağazaların administratorlarının sözlərinə görə, onlara “Kinder Surprise” yumurtaları ilə bağlı hələ xüsusi xəbərdarlıq gəlməyib. Hətta bildirdilər ki, yayılan məlumatlardan xəbərləri yoxdur. Onu da söylədilər ki, indiyə qədər bu məhsuldan alıcılar tərəfindən şikayət olmayıb.
Bəs sözügedən virus xəbərinin əsasında nə dayanır?
Təkcə Azərbaycanda deyil, Avropa ölkələrində bu məsələ qabardılıb və bir çox ölkələrdə “Kinder Surprise” yumurtalarının satışı məhdudlaşdırılıb. İngiltərə və Böyük Britaniyada 60-dan çox uşaqda “Salmonella” virusuna yoluxma faktı qeydə alınıb. Gürcüstanda isə “Kinder”in müxtəlif şokolad növlərinin konkret partiyalarının aşkarlanması və satışdan çıxarılması prosesinə başlanılıb.
Şirkət bütün bunlarla bağlı əsaslı açıqlama verməyib. Lakin qardaş ölkə Türkiyədə “Kinder Surprise” məhsullarını istehsal edən şirkət mövzu ilə bağlı yazılı məlumat yayıb, münasibət bildirib.
“Ferrero Chocolate Turkey” Türkiyə tərəfindən idxal edilən və satışa təqdim olunan heç bir məhsulda yoluxma halı aşkarlanmadığını bildirib: “Test və analiz götürülən Kinder məhsullarında virus aşkar edilməsə də, biz istehlakçı sağlamlığını ən əsas amil hesab edirik və bu məsələyə çox ciddi yanaşırıq. Belçika fabrikimizdə istehsal olunan 11 iyul 2022-ci il və 7 oktyabr 2022-ci il tarixlərində olan məhsullarımızı könüllü olaraq yığırıq”.
Bütün bu məlumatların fonunda bəzi şəxslər hesab edirlər ki, xəbərlər kommersiya məqsədi daşıya və şirkətə qarşı aparılan bir aksiya ola bilər.
Bu barədə danışan ekspert Eyyub Hüseynov bildirib ki, belə hallarda adətən bir markanın digərini gözdən salmaq üçün kampaniya apardığını görürük:
“Təhlükəli məhsul müəyyən partiyaya aid olan anlayışdır. Yəni demək olmaz ki, zavod tamamilə xarab məhsul istehsal edir. Qida Təhlükəsizliyi Agentliyindən aldığım məlumata görə, bu partiya məhsul Azərbaycana gəlməyib. Lakin onu da qeyd etmək lazımdır ki, ölkədə qidanın təhlükəsizliyi kifayət qədər izlənilmir. Gömrükdə Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyası yoxdur. Məhsulları gömrükdən AGTA-nın nümayəndəsi yox, gömrük şirkəti özü buraxır. Buna görə də, təhlükəli qidalar ölkədə dövr edir. Müştəri məhsulun keyfiyyəti ilə bağlı yoxlanma tələb edərsə bizdə bu prosesi sürətli şəkildə həyata keçirə biləcək sistem yoxdur. Bu da onu göstərir ki, zərərli qidalar ölkəmizə gəlir və bazarda dövr edir”,- deyə o qeyd edib.
Amia.az