Axtarış...

NATO Azərbaycan üçün nə etsin? - ŞƏRH

NATO Azərbaycan üçün nə etsin? - ŞƏRH


NATO baş katibi Yens Stoltenberqlə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə görüşüblər.

NATO hərbi-siyasi alyans kimi Cənubi Qafqazda irəliləyiş əldə etmək üçün region dövlətləri ilə əlaqələrini inkişaf etdirir.

Stoltenberqlə Mirzoyanın danışıqlarında NATO-nun irəliləmə planlarına əngəl olan maneələrin aradan qaldırılması üçün müzakirələr üstünlük təşkil edə bilər.

NATO qavrayır ki, Cənubi Qafqazdakı addımlarını itiləşdirməyin yolunda Azərbaycanla anlaşmaq, Türkiyəni bu razılaşmanın mayasında saxlamaq və Rusiyanın təcridini sürətləndirmək lazımdır.

Strateji vizyondakı tənliklərin həllini tapması üçün isə situativ problemlərin yoluna qoyulması vacibdir.

Ona görə də NATO Laçın yolundakı vəziyyətin tənzimlənməsində maraqlıdır.

Hərçənd ki, bəzən reallıqlar arzulara şapalaq ilişdirir, məsələn, NATO digər problemlərin öhdəsindən gəlməmiş, Rusiya Ermənistanı caynağında tutmaq, Gürcüstana hərbi müdaxilə imkanlarını genişləndirmək üçün tutarlı alətlər qazanır.

NATO belə həyəcanlı mənzərədə Rusiya və Qərb arasında nazik pərdəni saxlayan Azərbaycana dəstək verməklə proseslərdə önə çıxmaq potensialını artıra bilər.

Alyans Azərbaycanı vacib tərəfdaş kimi görür, beynəlxalq terrorizmə qarşı mübarizədən tutmuş kibertəhlükəsizlik sahəsinə qədər geniş spektrli əməkdaşlıq mövcuddur.

NATO sülh və təhlükəsizlik istəyirsə, bu əməkdaşlığı Ermənistanın revanşist meyillərinə dəstəklə paralel saxlamamalıdır.

Əks təqdirdə, NATO-nun özü üçün vakuum yaranacaq və boşluğu Rusiyanın ambisiyaları dolduracaq.

NATO Qərbin Azərbaycana qarşı cəbhəsində qərarlaşan Avropa Parlamentinin qərəzli bəyanat və qətnamələrinə heyranlıq duymaqdan çəkinməlidir. NATO əgər AP-nin qətnamələri üzərindən tezislər qursa, burada onun Azərbaycana münasibətində neqativ çalarlar ərsəyə gələr.

NATO özünü Avropa İttifaqının Ermənistan ərazisində fəaliyyətə başlayacaq missiyasına töhfə verməyə kökləyə bilər, burada təəccüblü bir şey yoxdur.

Amma bu, anti-Azərbaycan reaksiyasını gücləndirmək vasitəsinə çevrilməməlidir. NATO, sadəcə, elementar bitərəflilik prinsipinə sadiq qalaraq töhfəverici xüsusiyyətini inkişaf etdirə bilər.

NATO Ermənistanın silahlanmasını və öz himayədarlarına arxalanaraq Azərbaycana qarşı sistematik hücum planı risklərini düzgün hesablamalıdır.

NATO Azərbaycan-Ermənistan münasibətlərindəki mübahisələrin həllinə yanaşmasını regionu poliqon olmaqdan kənar tutan alqoritmlər üzərində qurmalıdır.

NATO öz üzvü olan Fransanın Azərbaycana qarşı sxemdə yer aldığına görə Parisi düzgün istiqamətdə təlimatlandırmağı da bacarmalıdır. Hərçənd ki, Fransa NATO-nun sözünə baxmaqdan imtina edir və bunu Ukraynadakı müharibənin ştrixlərində görmək olur.

Oxu.az
Text-to-Speech

DİNLƏ






Şərh yaz