Axtarış...

QHT sədri pensiyaya çıxanları işə dəvət etdi - Yemək və nəqliyyat xərcləri...

QHT sədri pensiyaya çıxanları işə dəvət etdi - Yemək və nəqliyyat xərcləri...


“Niyə ölkəmizdə 50-60 yaşlı insanları könüllü işlərə cəlb etmək dəb deyil? Halbuki onlar vaxtını səmərəli keçirmək, kiməsə xeyr verməkdən məmnun olurlar. Cəmiyyətdə lazımlılığını hiss etməkdən zövq alırlar. Daha faydalı nəticələr göstərirlər. Böyük məmnuniyyətlə onları təşkilatımda görmək istərdim”.

Millitv.az teleqraf.com-a istinadla xəbər verir ki, bu təkliflə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova çıxış edib.

QHT sədri bildirib ki, bəzən pensiyaya çıxan, amma cəmiyyətə faydalı olan insanları heç yerdə işə qəbul etmirlər: “Müəyyən ixtisas sahibləri var ki, onlar 63 yaşında pensiyaya çıxırlar. Onlar sağlamdırlar, gündəlik həyatlarında öz bilik və bacarığını bölüşməyə öyrəşiblər. Gündəlik həyat tərzi kiçildikcə insan yaşaya bilmir. Çünki həmişə insanlara hansısa məsələdə dəstək olublar. Sağlamlığında problem olanları nəzərdə tutmuram, kim sərbəst hərəkət edə bilir, qayğıları azdır, övladları böyüyüb, onlar sığınacaq tipli təşkilatlarda könüllü işlərə cəlb olunub öz potensiallarını göstərə bilərlər. Məsələn, uşaqlarla işləyə, yaxud işlə bağlı öz təcrübəsini bölüşələr. Həm mentor kimi, daha az təcrübəli insanlara professional şəkildə karyera və şəxsi həyatlarında yol göstərə bilərlər, həm də bir könüllü kimi vaxtının müəyyən hissəsini bu təşkilatlarda keçirərlər. Bu şəxslərin ələlxüsus uşaqlara çox faydası var”.

Mehriban Zeynalova hesab edir ki, Azərbaycanda gənclər arasında könüllü işlərə meyl yoxdur: “Gənclərin heç bir potensialı və təcrübəsi yoxdur, amma gözləyirlər ki, bu dəqiqə onlara pul verəcəklər. Bizim iş elədir ki, təcrübə olmadan onları götürmək olmur. Ola bilsin, onun stereotipləri var, baxış bucaqları fərqlidir və amiranə davranışa malikdir.

Amma bir az yaşlı adamlarda təcrübə fərqlidir və onlar ünsiyyət strategiyasını necə qurmağı, uşaqlarla, qadınlarla necə danışmağı bilirlər. Doğrudur, yaşlılar arasında da eləsinə rast gəlmək olur, təbii ki, bu zaman da seçim etməli olursan. Ortayaşlı insanları əksəriyyətinin həm keyfiyyətli iş əmsalı olur, işi axıra çatdırmaqda məsuliyyət hissi olur.

Amma gənclər arasında könüllü işlərdə o qədər keyfiyyət əldə edə bilmirəm. Onların çoxu karyera arxasınca qaçmağa çalışırlar, öyrənməyə meyllənmirlər. Bir az öyrənən kimi harasa getməyə cəhd göstərirlər, öz yollarını müəyyən etmək, yüksəlmək, çoxlu pul qazanmağa çalışırlar. Bu da normaldır.

Amma orta yaş kateqoriyasında elə insanlar var ki, onların çox ehtiyacı yoxdur, daha çox özünü realizə edərək insanlara kömək etmək istəyir”.

Dünya təcrübəsindən danışan Mehriban Zeynalova qeyd edib ki, xaricdə pensiyaya çıxan qadınlar çox vaxt QHT-lərdə olurlar: “Onlar həm ianə toplamağa kömək edirlər, həm özləri ianə edirlər, həm də bilik və bacarıqlarını tətbiq edirlər. Müəyyən dövlət müəssisələrindən pensiyaya çıxdıqdan sonra özlərini lazımlı bilir və həyatlarını davam etdirirlər.

Hesab edirəm ki, biz bu modeli götürüb tətbiq etməliyik. Çalışmalıyıq ki, onlar özlərini lazımsız hiss etməsinlər”.

Könüllülərə yemək və nəqliyyat xərcləri nəzərdə tutulmalıdırmı?

Ekspertin qənaətincə, könüllülərə yemək və nəqliyyat xərcləri nəzərdə tutulmalıdır: “Amma əksər hallarda bizdə o maliyyə imkanları olmur. Bəzən də həmin insanlar hansısa güzəştlərə ehtiyac görmürlər. Amma istəyirlər ki, kiməsə kömək etsinlər".
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz