Axtarış...

Məmurlara ictimai nəzarət necə olmalıdır - GƏLİŞMƏ

Məmurlara ictimai nəzarət necə olmalıdır - GƏLİŞMƏ

Azərbaycanda ictimai nəzarətin güclənməsi indi su-hava qədər əhəmiyyətini artırıb. İstər mətbuatın, istər vətəndaş cəmiyyətinin üzərinə daha fəal olmaq məsuliyyəti düşür. Bu problemləri QHT-lər araşdırıb təqdim etməlidir. Mətbuat əgər güzgü rolu oynayıb bu nöqsanları göstərirsə, QHT həm də bundan çıxış yollarını təqdim etməlidir.

Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə bu barədə danışıb və ictimai nəzarət institutunun vacibliyini vurğulayıb. Dövlət başçısı AzTV-yə son müsahibəsində də məmurları ciddi tənqid edəndə, ictimai nəzarətin vacibliyinə toxunub. Ölkə başçısı bildirib ki, bəzi məmurlar digər yerlərdə olduğu kimi, indi də işğaldan azad olunan ərazilərə göz dikib, orada özlərinə iqamətgahlar qurmaq istəyirlər. “Şuşada ancaq və ancaq tarixi binalar bərpa edilməlidir. Amma necə olacaq, onu mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram.

Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bilin ki, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək", - deyə Prezident söyləyib.

Eyni zamanda ötən ilin sonunda Prezidentin köməkçisi Hikmət Hacıyev mərkəzi icra hakimiyyəti orqanlarında ictimai nəzarətin həyata keçirilməsi, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması, mövcud hüquqi bazanın təkmilləşdirilməsi məsələləri ilə bağlı həmin qurumların rəhbər şəxsləri ilə görüş keçirmişdi. Prezident köməkçisi 2013-cü ildə ölkədə ictimai nəzarət mexanizminin hüquqi bazasının yaradıldığını, “İctimai iştirakçılıq haqqında” qanun qəbul edildiyini, qanuna əsasən, mərkəzi və yerli icra hakimiyyəti, habelə yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti təşkil etmək üçün həmin qurumların nəzdində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının seçkili nümayəndələrindən ibarət ictimai şuraların yaradılması mexanizminin təsbit edildiyini vurğulamışdı. O, sözügedən qanunun qəbul edilməsindən 7 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun tətbiqində ciddi problemlərin qaldığını, bir sıra mərkəzi icra hakimiyyəti orqanlarında ictimai şuraların yaradılmadığını, mövcud olan əksər şuraların isə yaradılmasında və fəaliyyətində kifayət qədər nöqsanlara yol verildiyini bildirmişdi.

Bəs qanunun və nəzarət mexanizminin işləməsi üçün hansı zəruri addımlar atılmalıdır? Bu istiqamətdə boşluqları aradan qaldırmaq üçün nə kimi tədbirlər görülməlidir? Prezident cəmiyyətdən dəstək gözlədiyi halda ictimai nəzarət qrupları və yaxud institutu yaradılmalıdırmı? Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a bildirdi ki, təkcə Qarabağda gedən abadlıq-quruculuq işlərinə deyil, bütövlükdə ölkədə bütün məsələlərə ictimai nəzarətin olması dövlətin güclənməsi, şəffaflığın təmin olunması üçün vacib amildir. Komitə sədri hesab edir ki, Prezident bundan əvvəl də bir neçə dəfə ictimai nəzarətlə bağlı fikirlərini cəmiyyətə açıqlayıb: “Dövlətin verdiyi qərarlar, qəbul etdiyi qanunlar var. İctimai təşkilatların, mətbuatın məmurların bu qərarları icra etməsində ictimai nəzarətinin olması vacibdir ki, onlar öz istədikləri kimi qərarları tətbiq etməsinlər. Prezidentin Şuşa ilə bağlı dediklərinə gəlincə, həmin fikirlər cəmiyyət tərəfindən alqışlandı. Çünki Şuşa unikal yerdir, tariximizin, mənəviyyatımızın qürur yeridir. Bu mənada Şuşa ilə bağlı bütün hərəkətlərimizdə diqqətli olmalıyıq”.

Deputat hesab edir ki, ümumi strategiya müəyyən olunmalıdır: “Biz bilməliyik ki, Şuşada nəyi söküb, nəyi tikməliyik. Bu, həm də gələcək nəsillərin daşıdığı məsuliyyət olacaq. Ona görə hər bir vətəndaş davranışında qanunlara söykənməlidir. Ümumiyyətlə, təkcə Qarabağda gedən işlərlə bağlı deyil, o cümlədən şəhid ailələri, qazilərimiz var, onların hüquq və imtiyazları fərmanlarla müəyyənləşib, bu məsələdə də vətəndaş cəmiyyətinin fəallığı özünü göstərməlidir.Nəzərə almaq lazımdır ki, xeyli sayda şəhid ailəsi, qazilər kənd yerlərində yaşayırlar, hansısa məlumata çıxış imkanları olmaya bilər. O baxımdan sığorta haqları, pensiya təminatı, mənzil növbəsi, reabilitasiya ilə bağlı onları yönləndirməliyik. Bu məsələdə vətəndaş cəmiyyəti aktivlik göstərməlidir”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə “Yeni Müsavat”a qeyd etdi ki, antoqonist qüvvələrin bir-birinə nəzarət etməsinə ictimai nəzarət deyilir: “Əgər hansısa nəzarət qrupları yaradılacaqsa, müxalifət orada iştirak edəcəksə, real ictimai nəzarətdən danışa bilərik. Amma hökumət özü-özünə nəzarət mexanizmi təşkil edəcəksə, heç bir nəticəsi olmayacaq”.

Prezident Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli hesab edir ki, Prezident son zamanlar bu məsələyə daha çox önəm verir. Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin və onun elementləri olan mətbuatın, qeyri-hökumət təşkilatlarının üzərinə iş düşür. E.Həsənli hesab edir ki, ölkə başçısı ASAN Xidməti yaratdı, ordu sistemində islahatlar etdi, çağırış və səfərbərlik sistemini şəffaflaşdırdı, DOST Mərkəzləri yaradılır, elektron hökumətə keçid edilir: “Ölkədə vətəndaş cəmiyyətinin inkişafı üçün ard-arda addımlar atılır. Vətəndaş özü də istədiyi zaman Prezidentin saytına müraciət edə bilər. Eyni zamanda, QHT və media bunu məsələləri gündəmdə saxlaya bilər. Neqativ hallar təbii ki, tənqid olunmalıdır. Burada da qərəz olmamalıdır, nizam, ədalət prinsipi qorunmalıdır. Təəssüflər olsun ki, bəzən kiminsə kiməsə qərəzi varsa, böhtandan istifadə edir. Bu istiqamətdə də qeyri-qanuni fəaliyyətə nəzarət edib, nəticəni dövlət rəhbərinə təqdim etməliyik. Xalq hər şeyi bilməlidir”.

Onun fikrincə, məmur-vətəndaş münasibətləri çox sivil qaydada həll olunmalı, vətəndaş məmnunluğu təmin edilməlidir: “Prezident hər dəfə məmurlara deyir ki, təvəzökar olun, vətəndaşlara qayğı göstərin, siz onların xidmətçilərisiniz, biz hamımız Azərbaycan dövlətinə xidmət etməliyik. Bu, Ali Baş Komandanın iradəsidir. Buna tabe olmayanlar, əməl etməyənlər cəzalandırılır. Bu proses davamlı xarakter alacaq. Burada vətəndaş cəmiyyətinin, mətbuatın və QHT-nin rolu həm də ictimai qınaqdan, maarifləndirmədən ibarət olmalıdır ki, məsələlər öz həllini tapsın”.

Onun sözlərinə görə, bu istiqamətdə müəyyən addımlar atılıb, amma həll edilməyən məsələlər də var, yaxın bir neçə ildə bu istiqamətdə böyük islahatların şahidi olacağıq.
“Yeni Müsavat”
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz