Bakının məşhur İdman və Əyləncə Mərkəzi olan “Olimpik Star”da oğurluq hadisəsi baş verib.
Millitv.az bildirir ki, Bakupost.az -a daxil olan məlumata görə, əyləncə mərkəzinin xidmətlərindən istifadə edən bir ailə sürprizlə qarşılaşıb. “Olimpik Star”a daxil olan ailənin azyaşlı üzvlərindən birinin “Uşaq labrinti” adlanan məkanda yeni alınmış bahalı ayaqqabıları oğurlanıb.
Məlumat üçün qeyd edək ki, Mərkəzin daxilində yerləşən “Uşaq labrinti”nin girişində uşaqlara ayaqqabılarını çıxarmaları və müştərilər üçün ayrılmış xüsusi saxlanc yerinə qoymaları tələb olunur.
Ayaqqabıları oğurlanan uşağın valideyni bu qaydadan istifadə edib və bunun üçün “Uşaq labrinti”nə pul ödəyib. Ayaqqabılar işçilərin birbaşa nəzarətində olan və digər istifadəçilər üçün qapalı məkanda xüsusi açıq qutulara qoyulub.
Uşaqlar əyləndikdən sonra ailə “Uşaq labrinti”ni tərk etmək istəyəndə məlum olub ki, ayaqqabı yoxdur.
Mərkəz əməkdaşları ilk əvvəl bu halın təsadüfi olduğunu bildirərək anlaşılmazlığın qısa müddət ərzində aradan qaldırılacağını vəd ediblər. Lakin hadisədən 3-4 gün keçdikdən sonra ailəyə məlumat verilib ki, bu oğurluq məsələsində onlar heç bir məsuliyyət daşımır.
Bundan sonra valideyn kamera görüntüsünü tələb edib, lakin bu da yerinə yetirilməyib.
Daha doğrusu “Olimpik Star”ın rəhbərliyi videogörüntüləri nə ailəyə verir, nə də özləri araşdırma aparır…
Valideyn iddia edir ki, “Olimpik Star”ın bu kimi xoşagəlməz hadisələrin baş verməsində marağı var: “Ya ayaqqabıları öz əməkdaşları oğurlayıb, ya da özlərinə yaxın adamlar aparıblar…
Əks təqdirdə hamıdan çox onlar baş verən bu hadisənin aydınlığa çıxmasında maraqlı olmalı, müştəri məmnuniyyətini təmin etməli idilər. Bunu etmirlərsə, ya işlərini doğru-düzgün bacarmırlar, ya da baş verən oğurluq hadisəsinin bilavasitə iştirakçılarıdırlar.
Əgər həqiqətən onlar işlərini bacarmırlarsa biz balaca fidanlarımızı onlara niyə etibar etməliyik? Bu gün ayaqqabısı oğurlanan uşağın sabah özünün oğurlanmayacağına kim zəmanət verə bilər ki?”
Məsələ ilə ilə bağlı “Olimpik Star”la əlaqə saxladıq.
Mərkəzin Rüstəm adlı əməkdaşı Bakupost.az –a hadisənin baş verdiyini təsdiqlədi:
“İtən əşyalara görə rəhbərlik məsuliyyət daşımır. Biz hər zaman buraya gələnlərin rahatlığını düşünmüşük. Mərkəzdə şkaflar var ki, gələnlər rahat şəkildə ayaqqabılarını, əşyalarını yerləşdirsinlər. Yəqin ki, başqa bir uşaq çaşıb həmin ayaqqabını geyinib gedib. Biz valideynə də dedik, biraz gözləyək bəlkə geri qayıdıb verərlər. Bir neçə gün gözləsək də, qaytaran olmadı. Görünür, burada valideyn prinsip aparır...”.