"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyi Bakının qəsəbədaxili yollarının təmirini planlaşdırır. Millitv.az modern.az-a istinadla xəbər verir ki, bunu "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, hazırda Bakının 11 rayonunda yolların təmirinə start verilib:
"Bakıda abadlıq işləri vüsət alıb. Artıq Xəzər, Binəqədi, Sabunçu, Xətai, Qaradağ, Nəsimi rayonlarının ərazisində bərbad vəziyyətdə olan yolların yenidən qurulmasına başlanılıb. Həmin yollar üzərində yeraltı və yerüstü piyada keçidlərinin inşası bu il başa çatdırılacaq".
O qeyd edib ki, gələcəkdə qəsəbədaxili və məhəllələrarası yolların yenidən təmir olunması da var.
S.Məmmədovun sözlərinə görə, Bakı-Quba yolunun Gəndobdan Hacı Zeynəlabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsi bu il yenidən qurulacaq.
O bildirib ki, hazırda həmin yolda təmir-bərpa işləri aparılır: "Bu yolda vaxtilə yoilun çəkilişində bəzi texnoloji məsələlərə riayət olunmayıb. Digər tərəfdən isə həmin beton yolda ağır tonlu yük maşınlarının hərəkətinin tənzimlənməsinə zəif nəzarət olunduğundan bu yolun Gəndob qəsəbəsindən Hacı Zeynəlabdin Tağıyev qəsəbəsinə qədər olan hissəsində müəyyən qüsurlar yaranıb. Biz hazırda bu yolda yaranan qüsurların aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər görürük. Müəyyən hissəslərdə isə bu il təmamilə bərpa və yenidənqurma işləri görəcəyik".
S. Məmmədov bildirib ki, həmin beton yolun asfaltla əvəz olunması nəzərdə tutulmayıb: "Beton yolu hissə-hissə bərpa edəcəyik".