"Son vaxtlarda, əsas xidmət sahələrindən birinə çevrilmiş karqo sektorundakı hərc-mərclik, hələ də aktuallığını qorumaqdadır. Antiinhisar qurumu, karqolarla bağlı mövcud qanunlara nəzarət etmədiyi üçün, bu sahədə, yazılmamış qanunlar hakimdir. Bu yazılmamış qanunlar isə, əksər hallarda vətəndaşın ziyanına işləyir. Bəli, bəzi daşınma şirkətləri ağlasığmaz vədlər verərək, fövqaladə kampaniyalar elan edirlər. Lakin, bir çox hallarda, vəd etdiklərini vermirlər və bədəlini də təbii ki, vətəndaş ödəməli olur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "Bu dəfə, sizə, “Kargolux” şirkətinin, bu yaxınlarda təşkil etdiyi və sosial şəbəkədə haqlı narazılığa səbəb olan kampaniyası barədə danışacağıq. Bəribaşdan, ədalət naminə bunu qeyd edək ki, sözügedən karqo, indiyəqədər, mənfi imiclə tanınmırdı və ümumilikdə, şikayətlər də çox deyildi.
Amma və lakin, gəlin tələsməyək, çünki şikayətin az ya da çox olması, aldadıcı da ola bilər. Bu barədə bir az sonra.
Deməli, şirkət, bu günlərdə, feysbukda, bir qrupda, kampaniya təşkil edib və 1kq=1 dollar deyib. Belə ki, qrupun üzvlərinə özəl olaraq elan edilən bu orqanizasiyada, başqa heç bir şərt bildirilməyib. Yəni, köhnə ya da yeni olsun, bütün müştərilər, sadəcə bu qrupun üzvü olmaqla və paylaşımın altına öz müştəri kodlarını yazmaqla, kampaniyaya qoşula bilərdilər.
Buraya qədər hər şey normaldır.
Amma və lakin, sifarişlər ediləndən və bağlamalar, xarici anbara təslim ediləndən sonra, insanlar, şok keçirməyə başlayıblar! 1 dollarla hesablanmalı olan bağlamalar, 3.7 dollarla, yəni adi tariflə hesablanıb! Sən demə ki, kampaniya, yalnız yeni qeydiyyatdan keçmiş ya da xidmətdən istifadə etməmiş müştərilərə şamil imiş! Halbuki, kampaniyadan istifadə etmək üçün əlavə şərtin olmadığını, köhnə müştərilərə də şamil olunduğunu, özləri bəyan etmişdilər. Ekranda gördüyünüz kimi.
Əlbəttə, müştərilər, bu və ya digər formada etirazlarını bildiriblər və qruplarda, Kargolux-un maxinasiyasını ifşa ediblər. Nəticədə, gözləmədiyi təpkiylə qarşılaşan şirkət rəhbərliyi, isterik vəziyyətə düşərək, ard-arda səhvlərə, gülünclüklərə yol verib.
Normalda, istənilən menecer, vəziyyəti qurtarmaq üçün, çıxıb üzr istəməli və kampaniyadan, müştərilərin zərər çəkməyəcəyini bəyan etməliydi. Beləcə, ziyanın yarısından dönmək və şirkətin etibarını xilas etmək mümkün olacaqdı. Lakin, sözügedən karqonun diletant rəhbərləri, problemin məsuliyyətindən öz yaxalarını kənara çəkərək, müştəriləri borclu çıxaran açıqlamalar veriblər. Sən demə ki, kampaniyanın şərtini, əslində, beyinlərində başqa cür düşünüblər, müştərilər onların beyinlərini oxumayıblar... Necə deyərlər, “suçluluq psixologiyası”...
Beləcə, gülməli və ağlamalı açıqlamalar, fevri davranışlar, “U dönüşləri” ilə.. şirkət, 2 ilə topladığı imic kapitalını, bir neçə günə xərcləyib....
Məsələnin, elektron mediada, 30-40 saytda gündəmə gələcəyini bilən karqo rəhbərliyi, “Biz saytlardan qorxmuruq, 30-40 sayt azdır” deyə isterik reaksiya verib, lakin elə sosial mediadakı ifşalardan sonra, durumun dramatik olduğunu anlayıb və tezbazar tədbirlərə əl atıb. Feysbukda, zəkasız qrup rəhbərlərinə, şirkət əleyhinə yazılan postları sildirmək üçün təzyiq edən şirkət rəhbərliyi, anlamır ki, eyni metodlar, daha zəkalı olan sayt rəhbərləri üçün keçərli olmayacaq. Necə ki, 1 il əvvəl, saytları təhdid edən başqa bir karqo rəhbərinin şüvənliyindən, heç bir sayt təsirlənməmişdi və yazını silməmişdi.
P.S. Bu arada, onu da qeyd etməliyik ki, şirkətdən təmənna güdüb reklamını edən qrupun rəhbəri ilə bağlı, çoxsaylı şikayətlər gəlməkdədir. Belə ki, müştərilər, elə həmin postun altında, kampaniyadakı saxtakarlığa etirazlarını bildirmək istəyiblər, lakin şərhləri silinib və blok olunublar.
“Trendol Azərbaycan” qrupunun rəhbərinə, müştərilərdən biri, anlamlı mesaj ünvanlayıb;
“Ülkər xanım, pul alıb karqonu reklam etməklə, iş bitmir! Gerisinə də cavabdehsiz! Unutmayın ki, siz “Kargolux”un harama bulaşmış kampaniyasında onun günahına şəriksiz. Özü də bir halda ki, etiraz edənlərə, əks fikirlərə yer vermirsiz!""
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...