Bu ilin iyul ayının 16-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev işdən çıxarıldı. Avqustun 8-də isə ölkə mediasında S.Mehdiyevin idarə etdiyi avtomobilin yol polisi tərəfindən saxlanılmasını əks etdirən görüntülər yayıld. 90-AA-978 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobili saxlanılması zamanı sabiq gömrük generalının yol polisləri ilə kobud davrandığı görünürdü.
Maraqlıdır ki, 90AA978 dövlət qeydiyyat nişanlı avtomobil nə DGK-ya, nə də Səfər Mehdiyevə məxsus deyildi. Gundeminfo.az-a daxil olan məlumata əsasən sabiq sədr adətən özünə məxsus olan və ölkə gömrüyündə böyük imtiyazlara sahib olan şirkətlərə məxsus bahalı, lüks avtomobillərdən istifadə edir.
Elə 90AA978 qeydiyyat nişanlı avtomobil də S.Mehdiyevə məxsus, lakin rəsmi sənədlərdə başqa bir iş adamının adına olan həmin lüks avtomobillərdən biri idi.
Mənbə iddia edir ki, “Vadi MMC”yə məxsus olan bu avtomobil, əslində elə Səfər Mehdiyev tərəfindən yaradılmış və gömrükdə xüsusi imtiyazlara malik şirkətə məxsus olub.
Araşdırmalar zamanı məlum olub ki, həmin bahalı avtomobil "Vadi-4" MMC adlı şirkətin üzərinə qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Nəsir Məhərrəm oğlu Cəfərovdur. O isə Dövlət Gömrük Komitəsinin sabiq sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyevin həmkəndlisi, Naxçıvanın Babək rayonu Nehrəm kəndinin sakini və S.Mehdiyevin qohumudur.
Gömrük Komitəsinin sədri olduğu dönəmdə məhz vadi.az karqo daşımaçılıq şirkətinə böyük imtiyazlar verilibmiş. Məlumatlara əsasən bəyan edilən məhsullar digər karqo şirkətlərinin məhsullarından daha sürətlə gömrükdən keçə bilirmi. “Vadi” çuvalları (bir çuvalda 70 bağlama olur) heç bir maneə olmadan daxili anbarlara çata və bir gün sonra müştəriyə verilirmiş. Rəqabət mühitində “Vadi” daha sürətlə çalışır və digər karqo şirkətləri ilə müqayisədə tarifləri çox aşağı olaraq təklif edib. “Qrama-qram” kampaniyası ilə bazarda aldığı xüsusi imtiyazlar hesabına bui karqo şirkəti ciddi uğurlar əldə edib.
Səfər Mehdiyev öz “Vadisi”ndə pusuya düşdü
Lakin Səfər Mehdiyevin vəzifəsindən azad edilməsindən dərhal sonra adıçəkilən şirkətə verilmiş “imtiyazlar” ləğv edilib. Redaksiyamıza danışan “Vadi” müştəriləri bildirir ki, artıq onlar həmin şirkətin qiymətləri kəskin bahalaşdırması səbəbindən imtina edirlər. Artıq bir aydan da çoxdur ki, qeyd etdiyimiz və Səfər Mehdiyevə məxsus olduğu iddia edilən “Vadi”də karqo qiymətləri bahalaşıb. “Standrt tarif” olaraq tətbiq edilən qiymətlər isə kütləvi olaraq narazılıqlara, müştərilərin isə həmin şirkətdən üz döndərməsinə səbəb olub.
Bundan başqa saytımıza daxil olan informasiyaya əsasən qeyd edilən şirkətdə artıq gömrükdə bəyan etmə, çuvallara baxış keçirilməsi də ləngiyib. Bildirilir ki, son bir ayda bir neçə dəfə daxili anbarlara təslim alma prossedurunda problem olduğuna görə, həmin karqo şirkətinin işçilərinə gömrük məntəqələrinə dəvət ediblər.
Onu da əlavə edək ki, karqo bazarında inhisarçılıq olmasına dair yerli mediada dəfələrlə məlumatlar yayılıb. Əsasən də Səfər Mehdiyevin yaxın qohumları, dostları və həmkəndliləri tərəfindən bu sektorun inhisara alınması narazılıqlara səbəb olurdu. Hazırda DGK-nın yeni sədri Şahin Bağırovun bu sektorda hansı yenilikləri edəcəyi, bu sahədə normal rəqabət yaradıb-yaratmayacağı da bəlli deyil. Çünki DGK hər zaman olduğu kimi media üçün qapılarını bərk-bərk qıfıllayır.
Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. //Gundeminfo.az//