Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər.
Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.
Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.
Layihəmizdə bu dəfə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sabiq sədri Qorxmaz Hüseynovdan bəhs edəcəyik.
Hüseynov Qorxmaz Cavanşir oğlu 1965-ci ildə Cəbrayıl rayonunun İsaqlı kəndində anadan olub.
1982-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub.
1983–1985-ci illərdə SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçib. 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Əmək fəaliyyətinə 1989-cu ildə "Neft daşları" NQÇİ-də iqtisadçı-mühasib vəzifəsində başlayıb.
1990-cı ildə "28 May" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsində mühəndis, 1991–1992-ci illərdə şöbə rəisinin müavini, 1992–1995-ci illərdə şöbə rəisi vəzifəsində çalışıb.
Qorxmaz Hüseynov 1995–1997-ci illərdə "Qum adası" NQÇİ-də Əməyin təşkili və əmək haqqı şöbəsinin rəisi, 1997–2003-cü illərdə "Xəzərdənizneftqaztikinti" trestinin müdir müavini, 2003–2006-cı illərdə trestin müdiri, 2006–2007-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin rəisi vəzifələrində çalışıb.
27 dekabr 2007-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sosial məsələlər üzrə vitse-prezidenti təyin edilib.
16 fevral 2011-ci il tarixində həmin vəzifədən azad edilərək "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 may 2021-ci il imzaladığı sərəncama əsasən, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Sabiq sədrin rəhbərliyi dövründə "Azərsu"da dövlət büdcəsindən ayrılan 100 milyon vəsaiti mənimsənildiyi ilə bağlı şayiələr var.
O, hazırda bizneslə məşğul olur.
Bəzi mənbələrdə isə Qorxmaz Hüseynovun Xəzərin sahilində yerləşən şəxsi çimərliyi olan 3 mərtəbəli villasında istirahət etməsi ilə bağlı məlumatlar yayılıb.
Əldə edilən məlumatlara görə, sabiq sədr malikanəsi üçün Yaponiyadan iki it gətirib.
Qorxmaz Hüseynov ailəlidir və iki övladı var.Manset.az