Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Millitv.az yeniavaz.com-a istinadən bildirir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ofis yerinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirib.
Müsabiqənin qalibi Heydərova Ruhəngiz Muxtar qızı (VÖEN – 1404729342) olub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Heydərova Ruhəngiz Muxtar qızına məxsus qeyri-yaşayış sahəsini 5 yanvar – 31 dekabr 2022-ci il tarixləri üçün icarəyə götürüb. Multikulturalizm Mərkəzi icarə haqqı olaraq Heydərova Ruhəngiz Muxtar qızına 97 min 680 manat ödəyəcək.
Onu da bildirək ki, Multikulturalizm Mərkəzi ötən illər ərzində də ofisin icrası məqsədilə Heydərova Ruhəngiz Muxtar qızı ilə müqavilə imzalayıb.
5 yanvar – 31 dekabr 2021-ci il tarixlərini əhatə edən icarə müqaviləsinin dəyəri 97 min 680 manat olub.
20 fevral – 31 dekabr 2020-ci il tarixlərini əhatə edən icarə müqaviləsinin dəyəri 48 min 840 manat olub.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə ofis icarəyə verən Heydərova Ruhəngiz Muxtar qızının adı, soyadı və ata adı Fövqəladə Hallar naziri (FHN) Kəmaləddin Heydərovun həyat yoldaşının adı, soyadı və ata adı ilə eynidir. Eyni zamanada Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərovanın fəaliyyəti də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzininin fəaliyyət sahəsilə eynilik təşkil edir. Belə ki, Kəmaləddin Heydərovun həyat yoldaşı “SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası” İctimai Birliyinin rəhbəridir.
Ruhəngiz Heydərova eyni zamanda YAP Qadınlar Şurası İdarə Heyətinin üzvü, həmçinin biologiya üzrə fəlsəfə doktorudur. İctimai Birliyin rəsmi veb-səhifəsində qeyd olunur ki, Birliyin tərkibində Şərq Təbabatı Klinikası da fəaliyyət göstərir.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Bakının mərkəzi küçələrindən hesab olunan Mikayıl Useynov prospektində (Səbail rayonu) yerləşən tarixi binaların birində fəaliyyət göstərir.