Dekabrın 14-də Nizami Rayon Məhkəməsində hakim Həqiqət Əhmədovanın sədrliyi ilə Nizami rayonu, Çobanzadə küçəsi 45 ünvanında yerləşən və xüsusi dövlət mülkiyyəti olan, Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasının qanunsuz olaraq icarəyə verilməsindən iddiaya baxılacaq. DİA.AZ bildirir ki, bu barədə "Yeni Müsavat" qəzeti məlumat yayıb.
İddiaçı Bahadur Əli qanunsuz bağlanmış müqavilənin ləğvini tələb edir. Bildirir ki, əslində müqavilə formal olaraq ruhi xəstə ilə bağlanıb. Torpaq sahəsi Cəlal Həmidovun adına rəsmiləşdirilsə də, faktiki olaraq vaxtilə Bakı Şəhər İcra Hakimiyyətində mühasib işləmiş, ağbirçək yaşında xuliqanlığa görə məhkum olunmuş Tamara Əliyevna Həmidovanın istifadəsindədir.
İddiaçı Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Hacıbala Abutalıbovdan alınan sənədlərin çox ciddi şəkildə araşdırılmasına ehtiyac olmasını vurğulayır: “Hacıbala Abutalıbov işdən çıxarılan gün - 2018-ci il aprelin 20-də Tamara Həmidovanın maraqlarına uyğun bir sənəd imzalayıb. Bu gün də bəlli deyil ki, Hacıbala Abutalıbovun həmin sənəddəki imzadan xəbəri olub və ya əksinə, olmayıb.
Məsələnin mahiyyəti budur ki, Tamara Həmidova qəyyumu olduğu qardaşı Cəlal Əli oğlu ilə Həmidovla Bakı Şəhər İcra Hakimiyyəti arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsi bağlanıb. İcarəyə verilən həmin torpaq vətəndaş Bahadur Əlinin Çobanzadə küçəsi 45A ünvanında yerləşən torpaq sahəsinə bitişik ərazidə yerləşir. İcarəyə verilmiş torpaq sahəsinin dönmə nöqtələrini yerə köçürərkən aydın olub ki, Tamara Həmidovanın qəyyumu olduğu qardaşına icarəyə verilən torpağın bir hissəsi Bahadur Əlinin torpaq sahəsini zəbt edir. Qalan hissəsi isə Bakı şəhərinin şərq hissəsini içməli su ilə təmin edən, diametri 1200-1400 mm olan yüksək təzyiqli magistral su kəmərlərinin sanitar mühafizə zonasına düşür".
Buna görə də Bahadur Əli Bakı Şəhər İcra Hakimiyyətinə və Cəlal Həmidova verilən icarə müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi, Cəlal Həmidovun həmin torpaq sahəsindən çıxarılmasına dair iddia ilə məhkəməyə müraciət edib. Nizami Rayon Məhkəməsində ekspertiza rəyi və toplanmış başqa sübutlarla icarə müqaviləsinin əsasında ayrılmış torpağın Bahadur Əliyə məxsus torpaq sahəsinin zəbt etməsi tam təsdiq olunub. Məhkəmədə Tamara Həmidovanın qardaşı ilə bağlanan icarə müqaviləsinin ləğv edilməsi və iş üzrə xüsusi qərardadın çıxarılması qaçılmaz olub.
Vəziyyətdən çıxış yolu kimi növbəti, cinayətə bərabər ağlasığmaz qanunsuzluq baş verib!
Tamara Həmidova məhkəməyə qardaşı ilə BŞİH-in 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv edilməsi barədə 20 aprel 2018-ci il tarixli, 7-183/10q saylı bildirişi təqdim edib.
Məhkəmə icarə müqaviləsinin ləğv edilməsini əsas götürərək Bahadur Əlinin iddiasını həmin hissədə təmin etməyib. Bahadur Əli ağbirçək qonşusunun məhkəmədə bu cür geri çəkilməsindən şübhələnib. Ortada yeni bir hiylə və cinayətin ola biləcəyini ehtimal edib. Yanılmayıb, məlum olub ki, Tamara Həmidova qəyyumu olduğu qardaşı Cəlal Həmidovun adına verilmiş 20 avqust 2010-cu il tarixli, 0912 saylı icarə müqaviləsinin ləğv etdiyi gün elə həmin torpaq sahəsinə Hacıbala Abutalıbovun imzası ilə yeni - 1460 nömrəli, 20 aprel 2018-ci il tarixli icarə müqaviləsi alıb.
Bahadur Əli Nizami rayonu, Çobanzadə küçəsi, 45 ünvanında yerləşən torpaq sahəsinin icarəyə verilməsinə dair Bakı Şəhər İcra Hakimiyyəti ilə Cəlal Əli oğlu Həmidovun qanuni nümayəndəsi Tamara Əliyevna (Əli qızı) Həmidova arasında bağlanmış 20 aprel 2018-ci il tarixli, 1460 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsi və Cəlal Əli oğlu Həmidovun həmin torpaq sahəsindən çıxarılması tələb edir.