“Ən böyük arzum budur ki, şəhid oğlumun adı itməsin, yaşasın. Oğlum böyük qəhrəman övlad olub. Baş kəşfiyyatçı olaraq həm döyüşlərdə, həm dronla peşəkar iş qabiliyyətində, həm də əsgərlərinə qarşı insani münasibətdə fərqli olub. Əsgərləri belə deyirdi ki, oğlum ikinci Polad Həşimov idi”.
Balakən sakini, 44 günlük İkinci Qarabağ müharibəsində həyatını itirmiş Harun Alqayevin anası Kifayət Alqayeva belə deyir. O, oğlunun adının əbədiləşdirilməsini istəyir:
“Cibindəki pulu əsgərlərinə xərcləyib, digərləri kimi əsgərdən pul almayıb. Öz arzusu ilə hərbçi, kəşfiyyatçı olub. Ali hərbi təhsili vardı. Milli Qəhrəman adına layiq oğludur. Biz demirik bunu, keçdiyi döyüş yolu, hərbçi yoldaşları deyir. Hazırda məni Balakəndə qəhrəmanın anası deyə çağırırlar. Camaatın dilindədir övladım. Ümüd edirik ki, müraciətimizə müsbət cavab gələr və oğlumuzun adı məktəbə verilər”.
“Uşaqların təhsil aldığı yerdən oğlumun adı çəkilsin”
Kifayət Alqayevanın digər övladı da müharibə qazisidir. İki övladının Vətən üçün döyüşdüyünü, Harun Alqayevin layiq görüldüyü 8 medal, bir bayraq ordenini əsas gətirən ana deyir ki, qanun oğlunun adının əbədiləşdirilməsinə imkan verir. O, övladının adının oxuduğu orta məktəbə verilməsini arzulayır.
Harun Alqayev 28 yaşında həyatını itirib. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurub, 2015-ci ildə leytenant rütbəsi alaraq Goranboy rayonundakı “N”saylı hərbi hissədə kəşfiyyat tağım komandiri kimi çalışıb. Bir il sonra müşahidə kəşfiyyat tağım komandiri, 2018-ci ildə isə baş leytenant rütbəsinə layiq görülüb.
Tərcümeyi-halında göstərilir ki, Harun Alqayev bu müddət ərzində peşəkar kəşfiyyatçı kimi yetişib və ən ağır əməliyyatları həyata keçirib. 2020-ci ilin martında kəşfiyyat bölüyünün komandiri vəzifəsinə layiq görüldükdən sonra xüsusi təyinatlı qüvvələrin heyətinə qoşulub və baş kəşfiyyatçı olub. O, Murovdağ və Füzuli uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 15-də həyatını itirib. Erməni, rus dilləri daxil, 4 dil bilib.
Şəhid atası Məhəmməd Alqayev deyir ki, ölümündən sonra ailə öz büdcəsi hesabına bulaq memorial kompleksi inşa edib. Bu ilin yazında oğlunun adının əbədiləşdirilməsi üçün Balakən rayon 1 saylı Talalar kənd tam orta məktəbi adından və eləcə də ailənin yaşadığı küçənin sakinləri adından Nazirlər Kabinetinə müraciət göndərilib. Deyir ki, yaşadıqları Fikrət Əmirov adına küçənin adı dəyişdirilərək oğlunun adını daşısa da, məktəbin adı ilə bağlı müraciətə cavab gəlməyib:
“Martda məktub hazırlandı. Apreldə Balakən Rayon İcra Hakimiyyəti məktubu yola saldı Nazirlər Kabinetinə. Məktubda şəhidin adının Balakən rayon Talalar kənd 1 saylı tam orta məktəbə verilməsi qeyd olunub. Artıq 7 aydır ki, məktuba cavab yoxdur. Niyə gecikir, yekun cavab nə olacaq, bilinmir. Mənim oğlum uşaqları çox sevən övlad olub. Onlarla səmimi münasibəti vardı. Onun şəhid olması xəbəri daha çox qohum, qonşu uşaqlarını kədərləndirmişdi. İndi uşaqların yanında ola bilməsə də, istəyirik adı məktəbə verilsin. Uşaqların təhsil aldığı yerdə oğlumun adı çəkilsin. Hətta oğlumun Milli Qəhrəman adını almasını istəyirəm. Onun cəsarəti, xidməti bunu haqq edir”.
“Əvvəl iki orden, iki dəfə Milli Qəhrəman adı daşımaq tələb olunurdu”
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə nizamlanır. Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları Nazilər Kabineti qarşısına vəsatət qaldıra bilər. Həmin qərara əsasən Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycan Milli Qəhrəmanı, həmçinin vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunan şəxslərin adları küçələrə, meydanlara verilir. Təşkilatlara, müəssislərə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırılmalıdır. Həmçinin icra hakimiyyətləri “Şəhid” Memorial kompleksini yaratmalıdır. Vətən uğrunda göstərilən qəhrəmanlıqla bağlı döyüş yerləri , dəfn yerləri qorunmalı, abadlaşdırılmalı, qəbirüstü daşların, xatirə abidələrinin qorunması da təşkil edilməlidir. Döyüş əməliyyatları getmiş yerlərdə isə xatirə nişanları qoyula bilər. Büstlər isə Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı və Azərbaycan Milli Qəhrəmanı olan şəxslərə ucaldılır.
Balakən Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ağa Ağayev Meydan TV-yə deyib ki, ölkədəki 14 557 şəhiddən 193-ü Balakənin payına düşür. 30 nəfəri İkinci Qarabağ müharibəsində həlak olub. Onlardan üçü ordenə layiq görülüb, biri isə Vətən Müharibəsi qəhrəmanıdır. Məhz Nazirlər Kabinetinin qərarına əsasən yalnız onların adından müraciət göndərilib. Ölkə prezidetinin qərara etdiyi son dəyişiklik isə proseduru qismən asanlaşdırıb:
“Vətən Müharibəsi qəhrəmanı Novruzov Amin Taciddin oğluna artıq büst qoyulub, liseyə və küçələrdən birinə adı verilib. Əvvəl iki orden, iki dəfə Milli Qəhrəman adı daşımaq tələb olunurdu, indi bir ordeni, Milli Qəhrəman adı olana verilməlidir. Müraciətlər əsasında ölkə prezidenti qərarda dəyişklik etdi. İki sözü ləğv olundu. Harun Alqayev bayraq ordeni olandır, Əlisoltanov Vahid Tahir oğlunun üçüncü dərəcəli medalı, Rəşidov Tural Fazil oğlunun isə Qarabağ ordeni var. Orden fərq etmir, yetər ki, orden olsun. Üçünün də adından vəsatət qaldırılıb icra hakimiyyəti adından və hələ cavab gəlməyib. Memorial komplekslərin isə hər bir şəhid üçün təşkili mümkündür. Əslində icra hakimiyyəti etməlidir, bəzən ailələri, imkanlı şəxslər, bələdiyyə də edə bilər. Büst isə ancaq icra hakimiyyəti büdcəsi ilə qoyulmalıdır, o da Milli Qəhrəmanlara və Vətən Müharibəsi qəhrəmanlarına”.
“Sonradan bu imtiyazdan sui- istifadə olundu…”
Ölkədə indiyə qədər 83 nəfər Vətən Qəhrəmanı, 221 nəfər isə Milli Qəhrəman adına layiq görülüb. 18 adda orden, 59 adda medal var.
Millət vəkili Fazil Mustafa Meydan TV-yə açıqlamasında bildirib ki, qanunun sadələşdirilməsinə ehtiyac yoxdur. Çünki bu, vəziyyətdən sui- istifadənin qarşısını alır. O, müraciətlərin gecikməsini isə uzun araşdırma prosesi ilə əlaqələndirib:
“Bu, sadə məsələ deyil, müəyyən prosedurlar var ki, onların əsasında olur. Tələblərə cavab verməlidir. Hansı döyüş bölgəsində, hansı döyüş şəraitində olub və əldə etdiyi nəticələrə əsasən bunu vermək olur. Yoxlama, araşdırma prosesi ciddi olmalıdır ki, müraciət əsasında müəyyən vaxt aparan məsələlər, araşdırmalar tam həyata keçsin. Kifayət qədər səbəblər var ki, müraciətlər tez araşdırıla bilmir”.
“Qarabağ müharibəsində sadə vəziyyətdə dünyasını dəyişmiş şəxslərə də bu ad verildi. Sonradan bu imtiyazdan sui- istifadə olundu. Digər haqqı çatan şəhidin haqqına girmək idi, bu. Ona görə biz elə etməliyik ki, həqiqətən bu adı alanlar statusa layiq olsun. Layiq olmayanda da ciddi problem yaradır”, – deputat deyib.
“Qoysunlar, məktəb kollektivi özü qərar qəbul etsin”
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları, Şəhid ailələri İctimai Birliyinin sədr müavini Arif Məmmədov isə şəhid adının əbədiləşdirilməsi prosedurunun asanlaşdırılmasını məqbul sayır. Deyir ki, hətta ötən ilin payızından təmsil olunduqları təşkilatın adından Nazirlər Kabinetinə rəsmi müraciət də ünvanlanlanıb. Müraciət ad almayan və prosedurdan kənarda qalan bütün həlak olan əsgərlər üçündür:
“Bu gün hansısa məktəbə, küçəyə simvolik olaraq o şəhidin adı verilsə, nə itirə bilərik? Onun adı yaşayar. Pis nə var burda? O qədər küçələr, meydanlar, təşkilatlar, məktəblər, sinif guşələri var ki. Prezidentin qərarına ehtiyac yoxdur. Qoysunlar, məktəb kollektivi özü qərar qəbul etsin”.
“Valideyn üçün fərqi yoxdur, onun oğlu Milli Qəhrəman adına layiq görülüb, ya yox. Ordeni var, ya yoxdur. Onlar doğmaları və bizim üçün şəhiddir. Ayrı-seçkilik olmamalıdır. Övlad itib, vətəndaş itib. Əksinə bu addım analara təskinlik, mənəvi rahatlıq verəcək. Ancaq hələ də müraciətimizə cavab yoxdur”, – Arif Məmmədov deyib.
Birlik yetkilisi hesab edir ki, kriteriyalara uyğun gəlməyən, amma müharibədə həlak olan şəxslərin də adı əbədiləşdirilməlidir. Elə birliyin müraciəti d bu yöndədir.
“Ailələr səbrlə gözləməli, dövlət də o ailələrə dəstək olmalıdır”
Qarabağ qazisi, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu isə şəhid ailələrinin istəyini normal saysa da, indiki məqamda ad əbədiləşdirilməsinin kütləviləşdirilməsini uyğun hesab etmir. Bu mənada Türkiyə, İran kimi ölkələrin təcrübəsini təqdir edən QHT rəhbəri eyni döyüş yolunu keçən qazilərə də həssas yanaşılmasını vacib sayır:
“Düzdür, biz işləyirik onlarla, valideynlər, xüsusilə analar narazıdır bu mövzuda. Onlar istəyir ki, hər birinin övladının adı əbədiləşdirilsin. İndiki halda axı mümkün deyil. Çünki Nazirlər Kabinetinin məlum qərarı var. Konkret kimlərin ala biləcəyinə dair maddələr var. Sahibkarlar da bu mənada iş görə bilər. Məsələn, öz şirkətlərində adverməni təşkil edə bilərlər. Düşünürəm, bu kimi mübahisələrə son qoymaq lazımdır. Ailələr səbrlə gözləməli, dövlət də o ailələrə dəstək olmalıdır”. Şamil Sabiroğlu hesab edir ki, çətin və həssas dönəmdir:
“44 qazi intihar edib. Qazilərin müraciətlərinə baxılmalı, onlara qarşı həssas davranılmalıdır. Axı onlar da o döyüş yolunu keçib. Dövlət əsas diqqəti hələ şəhid ailələrinə çəkir. Bizə müraciətlər çox olur. Konkret istiqamətləri veririk, kömək edirik ki, necə müraciət etsin. Yaxud müraciətin əsası varmı, başa salırıq. Ancaq o saat cavab gəlmir müraciətə, xırdalığa qədər gedilir. Məsələn, Harun Alqayevin o qədər xidməti olsa da, hələ araşdırma gedir və ikinci bir orden alması gözlənilir. Onun adının əbədiləşdirilməsi isə Nazirlər Kabinetinin apardığı araşdırmanın yekununda bilinəcək”. //Meydan TV//