İkinci Qarabağ döyüşlərində iştirak edən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) məzunu Riad Xancanovun valideyni Prezident İlham Əliyevə müraciət edib.
Unikal.org-a açıqlama verən əsgərin anası Təbəssüm Xancanova ADPU-nin rektoru , professor Cəfər Cəfərovun və Təhsil naziri Emin Əmrullayevin övladı ilə bağlı yaranmış problemə kömək etmədiyini bildirib:
"Oğlum 1999-cu il təvəllüdlü Xancanov Riad Ruslan oğlu 2016-ci ildə APDU-nin İncəsənət və Fiziki Tərbiyə fakültəsinin Fiziki Tərbiyə və Gənclərin Çağırışa qədərki hazırlığı ixtisasına qəbul olub. O, dördüncü kursda oxuyarkən Hərbi İdman Qurğuları fənnindən bir akademik borcu yaranıb. Oğlum 25.07.2020-ci il tarixində hərbi xidmətə gedib. O, 27 sentyabr 2020-ci il tarixində başlayan İkinci Qarabağ döyüşündə vuruşub. Övladım Füzuli, Cəbrayıl, Qubadlı, Hadrud, Xocavənd və Şuşanın erməni işğalından azad olunması uğrunda döyüşlərdə iştirak edib.
Mən oğlumun universitetdə yaranan, yuxarıda qeyd etdiyim akademik kəsrinin həll olunmasına kömək edilməsi üçün ADPU-nin rektoru Cəfər Cəfərova və Təhsil naziri Emin Əmrullayevə dəfələrlə müraciət etmişəm. Mənə rədd cavabı verilib, bildirilib ki, oğlunuz hərbi xidmətini başa vurduqdan sonra araşdırarıq. Mən qeyd etmək istəyirəm ki, bu məsələyə kömək olunmasa oğlum bir il deyil, əlavə olaraq 6 ay da hərbi xidmətdə olacaq.
Mən Prezident İlham Əliyevə müraciət edib, xahiş edirəm ki,mənə köməklik göstərsin. Mən universitet və Təhsil Nazirliyi arasında qalmışam. Hər iki qurum məsələnin həllini bir-birinin üzərinə atır. Cənab Prezident, oğlumun sizin-Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan böyük qələbədə əməyini nəzərə almağınızı xahiş edirəm. Ümid edirəm oğlumla bağlı yaranan bu problem aradan qalxacaq".