“Gəlib burada üzümə duranların əksəriyyətinə mən “atalıq” eləmişəm. Yusifi üç dəfə türmədən xilas eləmişəm, o da gəlib üzümə dayanacaq…“, – “Baku Steel Company”nin (poladəritmə zavodu) keçmiş rəhbəri Rasim Məmmədov oktyabrın 7-də öz məhkəməsində bildirib.
46 yaşlı Rasim Məmmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyilə baxılır.
Budəfəki məhkəmə iclasında üç şahid dindirilib. Onlardan biri – İlham Əliyev öncə “S-Steel”, daha sonra “Baku Steel Company”nin işçisi olub. O bildirib ki, “S-Steel” şirkətində işləyəndə də metal satanlardan onları alıb, “Baku Steel Company”ə verirdilər. Şahidin sözlərinə görə, o, həm metalın alışı, həm də “S-Steel”in 250-ə qədər işçisinin maaşı, bonusları və s. məsələlərlə bağlı işləri cədvəl şəklində hazırlayıb, “Baku Steel Company”nin mühasibatlığına təqdim edirdi.
Məhkəmədə ondan soruşulub ki, alınan metalın qiyməti, satıcılara ödənilən məbləğlə bağlı rəsmi sənədlərdə göstərilənlərlə real rəqəmlər arasında fərq vardımı? O bildirib ki, heç bir fərq olmayıb, neçəyə alıblarsa, o qiymətə də rəsmiləşdiriblər.
Bu zaman şahidin istintaqdakı ifadəsi onun nəzərinə çatdırılıb. Orada yazılıb ki, alınan qiymətlə sənəddə göstərilən rəqəm arasında fərq olurdu. Sənədlərdə qiymət şişirdilirdi, metalın alış qiyməti yuxarı göstərilirdi. Bununla da metal satıcılarına ödənilən məbləğdən daha çox vəsait kassadan çıxarılırdı. İfadədə qeyd olunub ki, nəticədə kassadan 3 milyon 478 min manat artıq pul çıxarılıb. Lakin o pulu kimin götürdüyünü bilmir.
Şahid İlham Əliyev bildirib ki, istintaqda ifadəsində belə deməyib. Onun sözlərinə görə, ifadəsini oxumadan imzalayıb. Şahid əlavə edib ki, bəzi hallarda satıcılar müəyyən sənədləri özlərilə gətirməyəndə, yaxud öz əllərində vermək üçün kifayət qədər pul olmayanda metal satanlara borclu qalırdılar. Sonradan gəlib pullarını aparırdılar. O, istisna etməyib ki, istintaqda satıcılara borclu qaldıqları vəsaitdən bəhs edib, müstəntiq bunu mənimsəmə kimi qeyd edib.
Rasim Məmmədov şahidə təşəkkür edib:
“Baxmayaraq ki, bu adamı ilk dəfə görürəm, onun üçün heç nə eləməmişəm, gəlib burada düzünü danışdı. Amma yaxşılıq elədiklərimin bir çoxu gəlib burada üzümə durdu”.
Məhkəmədə şahid qismində dindirilən daha bir şahid “Azərboru”nun baş direktorunun müşaviri Azad Əmirov olub. O bildirib ki, zavodda rekonstruksiya zamanı köhnə metallar yük maşınlarıyla “Baku Steel Company”ə göndərilirdi. Lakin ümumilikdə nə qədər dəmir qırıntısı göndərildiyini bilmir. Deyir ki, onları çəkmək, bu prosesə nəzarət eləmək onun səlahiyyətinə aid məsələ deyildi: “Darvazada gözətçilər vardı, gəlib-gedən maşınlara onlar baxırdı“.
Azad Əmirovun istintaqa ifadəsində yazılıb ki, “Azərboru”dan ümumilikdə “Baku Steel Company”ə 120 min ton dəmir gedib.
Amma o, məhkəmədə bunu təkzib edib. Deyib ki, nə qədər metal getməsini o bilə bilməzdi:
“Mən 120 min ton metal getdiyini deməmişəm”.
Rasim Məmmədov da bunu təkzib edib. O bildirib ki, “Azərboru” ərazisində 120 min ton metal qırıntısı ola bilməzdi.
Həbsdə olan iş adamı əlavə edib ki, “Azərboru” zavodu çox pis vəziyyətdə alınmışdı. Prezident Administrasiyasında ona təklif olunub ki, zavodu alsın:
“Azərboru”nu sökə-sökə gedirdilər, pis günə qoymuşdular. Bir gün mən ora getdim, dedim ki, qoymayacam sökməyə. Məni Prezident Administrasiyasına çağırdılar. Orada vəziyyəti danışdım, dedilər ki, istəyirsənsə, al, bərpa elə. Mən də Mərkəzi Bankdan 20 milyon kredit götürüb “Azərboru”nu aldım”, – Rasim Məmmədov bildirib.
“Baku Steel Company”dən 185 milyonluq yeyintidə ittiham olunan Rasim Məmmədovun məhkəməsi oktyabrın 10-da davam edəcək.
Rasim Məmmədov 2021-ci ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham irəli sürülüb.