“Baku Steel Company” MMC – poladəritmə zavodunun Müşahidə Şurasının keçmiş sədri, 2021-ci ilin yanvarından həbsdə olan iş adamı Rasim Məmmədovun işində əsas suallardan biri “Azeri Steell-2009” şirkətilə bağlıdır. Cinayət işinin materiallarında iddia olunur ki, bu şirkət əslində, Rasim Məmmədova məxsus olub, sadəcə, rəsmi sənəddə başqasının adı gedib. O, həmin şirkət vasitəsilə də “Baku Steel Company”ə ziyan vurmaqda ittiham olunur. İddia edilir ki, Rasim Məmmədov “Baku Steel Company”nin armaturlarını bazar qiymətindən daha ucuz həmin şirkətə satıb. Sonra o şirkət armaturları müştəriyə daha baha qiymətə satıb.
Rasim Məmmədov bundan öncəki məhkəmə iclaslarında dəfələrlə deyib ki, həmin şirkət ona məxsus olmayıb. Amma kimə məxsus olduğunu da deməyib. Birbaşa ifadə etməsə də, dolayısıyla bildirib ki, həmin şəxsin adını dilə gətirmək təhlükəlidir.
Rasim Məmmədovun işi üzrə sentyabrın 30-da keçirilən məhkəmə iclasında şahidlər dindirilərkən bu məsələ yenidən sorğu-sual mövzusu olub.
Məsələn, “Baku Steel Company”də maliyyə direktoru işləmiş, eyni zamanda, “Azeri Steel”in də maliyyə məsələlərinə nəzarət etmiş Mübariz Səmədov dindiriləndə bu barədə ətraflı danışıb. O bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Rasim Məmmədovu tutmamışdan iki ay əvvəl onu çağırmışdı. O da DTX-ya getməmişdən əvvəl Rasim Məmmədovgillə görüşüb, bu haqda danışıb:
“Azeri Steel”ə getdim, Rasim, Çingiz, Yusif otaqdaydı. Dedim ki, məni DTX-ya çağırıblar, bu “Azeri Steel” kimindir, orada nə deyəcəm? Hamısı bir-birinin üzünə baxdı, heç kimdən səs çıxmadı”.
Məhkəmə zalında Rasim Məmmədov bu məqamda müdaxilə edərək deyib: “Qorxduq deməyə…”
Mübariz Səmədov deyir ki, DTX-dan çıxandan sonra “Azeri Steel”ə gəlib, şirkətin 10 illik hesabatıyla bağlı bütün məlumatları iki flaşkarta yığıb. Həmin flaşkartları özündə saxlayıb. Rasim Məmmədov həbs olunan ərəfədə onu yenə DTX-ya aparıblar. Həmin gün Rasim Məmmədova yaxın olan başqa adamlar da DTX-da olub:
“O adamları gecəyarı buraxsalar da, məni səhərə qədər saxladılar. Dedilər ki, öz ərizənlə razılıq ver, evində axtarış aparaq, yoxsa məhkəmə qərarıyla özümüz gedəcəyik. Təzyiq olunduğuna görə razılıq verdim. Birlikdə evimizə getdik, qapıya çatanda dedilər ki, evin altını-üstünə çevirib özümüz tapaq, yoxsa öz xoşunla verirsən? Mən də həmin flaşkartları onlara verdim. Həmin flaşkartda 10 ildə 92 milyon manat haralara gedib, hamısı qeyd olunmuşdu. O 92 milyon manatdan işçilərin maaşı və zavodun digər xərclərini çıxanda 85 milyon gəlir qalır. O 85 milyon manatdan da kimə nə qədər verilib, bunlar kod adları altında qeyd olunub. Məsələn, şirkətin bəzi işçilərinin Dubayda istirahət xərclərindən tutmuş, “Yuxarı-1”, “Yuxarı-2” kod adlara verilən pullara qədər…”.
Bu məqamda da Rasim Məmmədov müdaxilə edərək deyib: “O “Yuxarı” mən olmamışam”.
“Azeri Steel”in rəsmi sahibi də məhkəmədə dindirilib. Məlum olub ki, Əliməmməd Hüseynov adlı bu şəxsin şirkətə heç bir aidiyyəti yoxdur:
“Dedilər ki, Rasim müəllimin şirkətidir, sənin adına açılsın, buna görə ayda sənə 500 manat veriləcək. Mən də razılaşdım. Çünki işsiz idim, pula ehtiyacım vardı. Ayda 500 manat verirdilər. Mən ayda 1-2 dəfə şirkətə gedirdim, orada verilən sənədləri imzalayırdım. Hərdən vergi orqanına da gedirdim, orada da hansısa sənədlərə qol çəkirdim”.
Əliməmməd Hüseynov onu da bildirib ki, Rasim Məmmədovun dostu Yusif Əhmədzadə onun da uşaqlıq dostu olub. Rasim Məmmədov, Mübariz Səmədov və digərlərini də onun vasitəsilə tanıyıb:
“Xətai”də ofis vardı, hamı ora yığılırdı. Rasim Məmmədovu bir dəfə orada görmüşəm. Adıma şirkət açmaq təklifini Mübariz eləmişdi. Onları Yusifə görə tanımışam”.
Təqsirləndirilən Rasim Məmmədov isə “Azeri Steel” şirkətin ona məxsus olması barədə deyilənləri təkzib edib:
“O şirkət mənim olsaydı, öz adamımı təyin edərdim”.
“Baku Steel Company”, “Azeri Steel” şirkətlərində satış meneceri işləmiş Samir Məmmədov bildirib ki, armatur satışıyla məşğul olub. Onun sözlərinə görə, “Azeri Steel” müştəridən sifarişi götürür, ona uyğun “Baku Steel Company”dən armatur alıb, müştəriyə çatdırırdı:
“Azeri Steel” şirkətində satışdan gələn vəsait toplanırdı. Mübariz müəllim pulu hara, kimə deyirdisə, ora da verirdim. Zavodun öz xərcləri olurdu, mala da verilirdi. Rasim Məmmədova da pul verdiyim hallar olub. Özünə də vermişəm, köməkçisinə verirdim. 100 min, 200 min… Müxtəlif məbləğlərdə pul aparıb vermişəm”.
Rasim Məmmədov bu şəxsin yalan danışdığını bildirib. Deyib ki, nə bu adam ona pul gətirib verib, nə də “Azeri steel”də qərar verən şəxs olub:
“Bir dəfə tanıdığım Cəfəri direktor təyin eləmişdim, heç iki ay keçmədi, zəng gəldi ki, “çıxar onu”. Mən də çıxartdım”.
Samir Məmmədov məhkəmədə sualları cavablandırarkən Rasim Məmmədova çatan pulların hara xərcləndiyini bilmədiyini deyib.
Lakin istintaqa ifadəsində bildirib ki, “Azeri Steel” şirkətinin kassasında 39 milyondan çox çatışmazlıq olmuşdu. Çünki o vəsaitlərin bir hissəsi Rasim Məmmədovun xərclərinə getmişdi. 1 milyon “Şüşəli bazar”ın yanında torpaq sahəsi alınmasına; 1.5 milyonu Qutqaşenli küçəsində tikintiyə icazə almağa; Sabunçu bazarının yanında ərazi almağa; Rasim Məmmədovun başqa şirkətlərinə, o cümlədən “Aktau Steel”ə…
Rasim Məmmədov onun yenə yalan danışdığını vurğulayıb.
“Mən bu ölkədə bir adamla işləmişəm, bundan sonra da işləyəcəm. Heç kim mənə tapşırıq verə bilməzdi”, – Rasim Məmmədov məhkəmədə bildirib.
“Baku Steel Company”də metal qəbulu işlərinə baxan şəxslər Zaur İmanov, Bəxtiyar Kələşov da məhkəmədə şahid kimi dindirilib.
Zaur İmanov deyir ki, əhalidən və Müdafiə Nazirliyindən metal qəbul edib.
Bəxtiyar Kələşovun məhkəmədə dediklərilə istintaqdakı ifadəsi arasında ziddiyyət olduğuna görə istintaqdakı ifadə elan edilib. Həmin ifadədə yazılıb ki, zavodun 3 milyon 400 min manat kəsiri olub.
O deyir ki, istintaqa belə söz deməyib:
“Müstəntiq özü mənə dedi ki, sənədlərdə belə bir şey var. Ancaq mən özüm belə bir şey deməmişəm”.
Rasim Məmmədov bildirib ki, bu adam zavodda metal işinə baxıb, kimin zavoda nə göndərməsindən xəbəri olmayıb:
“Bu hardan bilsin ki, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib. Səlahiyyətsiz bir işçi olub”.
Məhkəmə prosesi oktyabrın 3-də davam edəcək.
Rasim Məmmədov ilk məhkəmə iclasında bildirmişdi ki, 2011-ci ildə Prezidentin şəxsi mühafizə xidmətinin rəisi Bəylər Əyyubov və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə üçlükdə söhbət edib, razılığa gəliblər. Onun sözlərinə görə, zavoddan konkret maaş almayıb. Gəlir üçlük arasında bölünüb, o da öz payını götürüb.
1976-cı il təvəllüdlü Rasim Məmmədov 2021-ci ilin yanvarından həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasında saxlanılır.
Rasim Məmmədov “Baku Steel Company” MMC-nin Müşahidə Şurasının sədri kimi, vəzifə səlahiyyətlərindən sui-istifadə edib, müəssisənin külli miqdarda pulunu mənimsəməkdə və israf etməkdə ittiham olunur.
Ona Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə emə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham verilib.
Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.