44 günlük Vətən müharibəsindən sonra Azərbaycan ardıcıl olaraq, addım-addım Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Qarabağdakı ərazisi üzərində tam suverenliyini bərpa etməyə çalışır. Eyni zamanda, Bakı bu istiqamətdə uğurlu diplomatik addımları bəzən, ehtiyac yarandıqda “yumşaq güc”dən ehtiyatla istifadə etməklə birləşdirir.
Ən azı müharibə başa çatdıqdan sonra ikinci ilin sonunda Qarabağda yaşayan etnik ermənilər Azərbaycan dövlətinə yenidən inteqrasiyanın qaçılmazlığını tədricən dərk edirlər. Görürlər ki, Bakı sözdə deyil, əməldə onlara bir vaxtlar münbit olan torpağın tənəzzülünə və viran qalmasına səbəb olan 30 illik Ermənistanın diktaturası dövründə olduğundan daha yaxşı həyat şəraiti təklif edir.
Xüsusilə, sosial şəbəkələrdəki məlumatlara əsasən, Qarabağ erməniləri Ermənistanla nəqliyyat əlaqəsi üçün Azərbaycan hökumətinin onlar üçün çəkdiyi yeni magistralın keyfiyyətindən məmnundurlar.
Eyni zamanda, Azərbaycan təkcə bu yolu deyil, Qarabağ ermənilərinin istəklərini nəzərə alaraq, qısa müddət ərzində marşrutu Ermənistanla sərhəddəki keçmiş magistral yolu ilə birləşdirəcək daha 5 kilometrlik müvəqqəti hissəni çəkdi. İrəvan isə bu müddətdə öz üzərinə düşən ərazidə hələ işə də başlamamışdı.
Sərsəng su anbarının sərvətlərindən birgə istifadə üçün azərbaycanlı hidroloqların erməni mütəxəssislərlə görüşləri proseslərin inkişafının müsbət istiqamətinə daha bir addım oldu.
Amma, görünür, Qarabağda 30 illik hərbi xunta idarəçiliyindən sonra bölgəni sivil dünyadan təcrid edən erməni diasporuna və onun dünya siyasətinin müxtəlif mərkəzlərindəki nüfuzlu himayədarlarına dinc həyatın bərqərar olması sərf etmir.
Bəziləri çoxdan “ölmüş” ATƏT-in Minsk Qrupunu dirçəltməyə çalışır. Digərləri, görünür, başqa yol tutmaq, sülh prosesini pozmaq üçün kapitaldan istifadə etmək qərarına gəliblər.
Birdən-birə “vətənpərvərlik” və “milli həmrəylik” hissləri oyanmış erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Qarabağda peyda olmasını belə qiymətləndirmək lazımdır. Qarabağ ermənilərini səfalətdən çıxarmaq üçün otuz il ərzində heç bir iş görməyən Vardanyan birdən-birə onları xatırlayaraq, Moskvadakı dəbdəbəli həyatı tərk etmək, Rusiya vətəndaşlığından imtina etmək və hərbi əməliyyatlar təhlükəsinin hələ də qaldığı əraziyə köçmək qərarına gəlib. Vardanyan təmtəraqla qondarma "Artsax Təhlükəsizlik və İnkişaf Fondu"nun təsis edildiyini elan etdi və sərvətinin bir hissəsini ona bağışladı.
Bütün bunlar Qarabağı regionda gərginlik mənbəyi, onu orbitində saxlamaq üçün regionda növbəti təxribatlara tramplin kimi saxlamağa çalışan Rusiyanın, Kremlin müəyyən siyasi dairələrinin pərdələnmiş ssenarisinə çox oxşayır. Eyni zamanda, Vardanyan üçün Qarabağda “uğurlu hekayə” təqdim edə, bu qüvvələr onu Ermənistanın lideri postuna da yüksəldə, bununla da, nəhayət, indiki rəhbərlik altında İrəvanın Qərbə rəvan və ehtiyatlı dönüşünün qarşısını ala bilər.
Rusiyanın Cənubi Qafqazda maraqlarını təbliğ etmək üçün siyasətə oliqarxların daxil edilməsi texnologiyası yeni deyil. Bir vaxtlar Gürcüstanda bu model uğurla sınaqdan keçirildi, o zaman ictimai əhval-ruhiyyəni dəyişmək üçün Rusiyada milyardlarla sərvət qazanmış və hələ də “Qazprom”un səhmdarları arasında qalan oliqarx Bidzina İvanişvilinin “vətənpərvər” imicini təbliğ etmək layihəsinə start verildi. Məhz İvanişvilinin Gürcüstan siyasətində dominant fiqura çevrilməsindən və prosesləri (bu gün də kölgədən) idarə etməsindən sonra bu ölkənin Avropaya inteqrasiyası prosesi xeyli səngidi. Xarakterikdir ki, Rusiya-Ukrayna müharibəsində rəsmi Tiflis Ukraynanı dəstəkləməkdən qəti surətdə çəkinir və eyni zamanda, anti-Rusiya sanksiyalarından da məsafə saxlayır.
Ola bilsin ki, rusiyalı siyasi texnoloqlar Vardanyana arxalanaraq Qarabağda oxşar ssenari üzərində işləyirlər. Aydındır ki, ona burada sönən aqressiv separatizm alovunun alovlandırıcısı rolu verilir. Vardanyan Qarabağda erməni silahlı millətçiliyinə yeni nəfəs verməyə, “Artsaxın müstəqilliyi” illüziyasına sarsıdılmış inamı bərpa etməyə, separatizm ideyalarına inamını itirərək, bölgəni tərk etməyə başlayanların qarşısını almağa çalışır. Əsas məqsəd Azərbaycanın bir parçası kimi firavan yaşamanın alternativinin olmadığını anlamağa başlayanların qarşısını almaqdır.
Vardanyana həm də erməni diasporunun Qarabağa maliyyə yardımını birləşdirmək vəzifəsi həvalə olunub. Axı 44 günlük müharibə bir çox həqiqətləri, o cümlədən Qarabağdan olan Ermənistanın kleptokrat liderlərinin və separatçı rejimin özünün uzun illər ermənilərin xaricdən göndərdiyi yardımları sadəcə olaraq oğurladığı həqiqəti üzə çıxardı.
İndi Vardanyan bu yardımı bərpa etməyə çalışacaq. Təsadüfi deyil ki, Qarabağdakı erməni separatizminin yeni “xilaskarı” qədim çinarın yarpaqları altında Qarabağda öz ambisiyalarını yüksək səslə bəyan etdikdən sonra, dərhal Fransaya, bu ölkədəki diaspor rəhbərləri ilə görüşə yollandı. Məlumdur ki, dünyada ermənilərin ən böyük icması məhz Fransada yerləşir.
Amma əgər Vardanyan və onun himayədarları Azərbaycanın “Artsaxın müstəqilliyi” və ya Qarabağ ermənilərinin “miatsumu” ideyalarının “ana Ermənistan”la reinkarnasiyasını düşünəcəyini ciddi şəkildə gözləyirlərsə, o zaman dərindən yanılırlar. 44 günlük müharibənin nəticələrini müəyyən edən sazişdən imtina etmək cəhdləri, hərbi qisas qətiyyətlə yatırılacaq.
Avqustun əvvəllərində keçirilən “Qisas” anti-terror əməliyyatı isə Azərbaycan Ordusunun gücünü və qüdrətini, milli təhlükəsizliyə təhdidləri beşiyindəcə dayandırmaq əzmini göstərdi. Azərbaycan göstərdi ki, ərazidə Rusiya sülhməramlıları olsa belə, heç bir təxribat cavabsız qoyulmayacaq.
Buna görə də revanşistlərin rus hərbçilərinin arxasında gizlənməklə Azərbaycan əsgərlərinə hücum planı tamamilə iflasa uğradı. Azərbaycan ordusunun cavabı asimmetrik və sarsıdıcı oldu.
Odur ki, Vardanyan və ermənilərin lideri olduqlarını iddia edən digər fiqurlar yaxşı düşünməlidirlər. Əgər doğrudan da xalqına yaxşılıq etmək istəyirlərsə, xeyriyyəçiliklə məşğul olsunlar, siyasətə qarışmasınlar.
Azərbaycan dövləti isə Qarabağda yaşayan erməni millətindən olan vətəndaşlarının hüquq və təhlükəsizliyinin qayğısına özü qalacaq. 44 günlük müharibə göstərdi ki, heç bir xarici qüvvə Azərbaycan rəhbərliyinin siyasətinə təsir göstərə bilmir. Azərbaycanla Türkiyə arasında müttəfiqliyə dair Şuşa Bəyannaməsi isə üçüncü qüvvələrin istənilən hərbi müdaxiləsinin qarşısını alacaq qarantdır. //AYNA//