Cəmi ik il bundan əvvələ qədər səhiyyə sahəsində olan problemlərdən, özbaşınalıqlardan şikayətlər çoxluq təşkil edirdisə, bu gün oxucularımız tibb müəssisələrində icbari tibbi slğortanın tətbiqi sayəsində baş verən müsbət dəyişikliklər barədə daha çox yazmağa başlayıblar. Əməkdaşılıq etdiyim sayt illərdir ki, vətəndaşın yanında olub, problemlərini işıqlandırıb. Bu gün də “Millitv. Az -ın səhifələrində daha çox tənqidi yazılara rast gəlmək olar. Lakin bu, o demək deyil ki, biz ölkədə baş verənlərə yalnız “qara eynək” arxasından baxırıq. Respublikada baş verən bütün müsbət yenilikləri, aparılan islahatları da gözdən qaçırmır və bu barədə hər dəfə oxucularımıza geniş məlumat verir, təşəkkür məktublarına da şikayət ərizələri kimi eyni həssaslıqla yanaşırıq. Sadəcə olaraq hadisələrə “çəhrayı eynək” arxasından baxanlardan fərqli olaraq , əsassız və boş təriflərdən uzaq qaçırıq. Elə hesab edirik ki, görülən işlər uğurumuzdur, əsas yarımçıq qalan işlər, talan edilən büdcə vəsaitləri, paytaxtda və bölgələrdə icra qurumları tərəfindən əhalinin incildilməsi, ədalətsiz məhkəmə qərarları, məmur özbaşınalıqları əsas diqqət ayırdığımız problemlər olaraq qalmalıdır.
Amma görülən işləri də gözardı etmirik. Elə bu yaxınlarda Nəsimi rayon sakini Mədinə Qarayevanın qızının 5 nömrəli doğum evində diqqət və qayğı ilə əhatə olunmasından, analiz və müayinələrdən tutmuş doğuma qədər ondan bir qəpik də pul tələb edilməməsindən yazaraq həkim Nigar Yusifovanın peşakarlığından, mehriban və qayğıkeşliyindən bəhs edib. Təşəkkür məktubunun izi ilə həmin doğum evində və digər tibb müəssisələrində olduq. Mənzərə isə həqiqətən ürəkaçan idi. Bildiyimiz kimi, 2020-ci idən başlayaraq Azərbaycanda icbari tibbi sığortanın tətbiq edilməsinə başlanıb. Qeyd edək ki, bu qaydaların bütün respublika ərazisində tətbiq edilməsindən əvvəl bəzi bölgələrdə pilot layihələr həyata keçirildi. Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonlarında icbari tibbi sığorta sisteminin tətbiqi uğurlu nəticə ilə sonuclandıqdan sonra paytaxda və digər bölgələrdə də həmin işlərin icrasına start verildi. Müsbət nəticə isə göz önündədir. Rəsmi məlumatlara görə, tibb müəssisələrinin idarəedilməsi strukturu dəyişdirilib, tibbi təchizatı yaxşılaşdırılıb və diaqnostik laboratoriyaların işi təkmilləşdirilib.
Xəstəxanalarda 24 saat fəaliyyət göstərən diaqnostik laboratoriyalarda müasir tibbi avadanlıqlar quraşdırılıb ki, onlar qanın nəinki ümumi və biokimyəvi analizini, hətta qanda hormonların müayinəsini də həyata keçirməyə imkan verir.
Laborator müayinələrin aparılması tamamilə avtomatlaşdırılıb. Eyni zamanda, tibbi xidmətlərlə bağlı bir sıra digər yeniliklər də baş verib. Belə ki, beynəlxalq təcrübənin tətbiqi nəticəsində xəstəxanada yatış müddəti azalıb. Bu layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyulub, tibb işçilərinin əməkhaqları artırılıb. İcbari tibbi sığortanın tətbiqindən sonra cərrahi əməliyyat olunanlar arasında tibbi xidmətlərin əldə edilməsi ilə bağlı maddi sıxıntı keçirənlərin sayı kəskin azalıb. Qeyd edək ki, icbari tibbi sığortanın tətbiqi hökumətin səhiyyə sahəsində apardığı islahatların tərkib hissəsidir. Onun tətbiqi nəticəsində əhalinin tibbi xidmətlərə əlçatanlığı artıb.
Hökumətin
hazırladığı xidmətlər zərfinə ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, ambulator, stasionar və həyati vacib-dəyəri yüksək olan xidmətlər daxildir. Hələ sövet dövründən fəaliyyət göstərən uşaqlar və böyüklər üçün poliklinikalar və qadın məsləhətxanalarının tibbi xidmət səviyyəsi də əvvəlki illərlə müqayisədə xeyli yüksəlib. Yasamal rayonu 16 nömrəli poliklinikada olarkən qəbulda gözləyən vətəndaşlarla söhbət etdik. (təbii ki, KİV nümayəndəsi qısmində deyil, həkim qəbuluna gələn xəstə kimi) Əksəriyyət burdakı həkimlərin peşakarlığından ağızdolusu söz açdı. Terapevt Sevil Nəcəfquliyeva, nevropotoloq İmadəddin Manafov və oftolmoloq Fəridə Abbasovanın xəstəlikləri analiz və rentgenin köməyi olmadan belə bacarıqla təyin etdiklərini, ona görə də onların kabineti qarşısnda daha çox insanın gözlədiyini dedilər. Elə adamların əsas narazılığı da qəbulda gözləyənlərin sayının çox olduğuna görə, saatlarla gözləmələri ilə bağlı idi.
Mən həkimlərin pul tələb edib etmədiklərini öyrənmək üçün suallar verdim. Söhbət etdiyim şəxslərin hər biri müayinə və müalicə üçün onlardan heç vaxt pul tələb edilmədiyini vurğuladılar. Analiz üçün qan götürən tibb bacısının yaşlı bir qadının verdiyi pulu geri qaytardığının isə özüm şahidi oldum. Daha bir neçə tibb müəssisəsini gəzib vəziyyətlə maraqlandım. Gördüklərim cəmi 5-6 il bundan əvvəlki vəziyyətdən yaxşı mənada xeyli fərqlənirdi. Daha bir təşəkkür məktubunun sahibi Günel Quliyevanın bəhs etdiyi 2 saylı qadın məsləhətxanasına gedib ordakı vəziyyətlə də tanış oldum. Açığı narazılıq edənlərlə rastlaşmadım. İkinci uşağına hamilə olan qadın ilk doğum və müayinələrinin özəl xəstəxanada baş tutduğunu və doğumla birgə orda üç min manata qədər xərci çıxdığını deyib dövlət tibb müəssisəsi ilə özəl xəstəxanalar arasında böyük fərq olduğunu, eyni zamanda, hazırda xidmət baxımından brincinin bir çox hallarda daha üstün xidmət səviyyəsinə malik olduğunu dilə gətirdi.
Gənc qadının sözlərinə görə, həmin özəl xəstəxanada hər ay qəbul haqqı olaraq 170 manat ödəyib və bu pula müayinə və analizlərin xidmət haqqı daxil olmayıb. Həmçinin təkcə qan analizi üçün 150 manat ödəmə edib. Bir neçə ay əvvəl isə 2 nömrəli qadın məsləhətxanasına qeydiyyata düşüb. Sahə həkimi Svetlana Yusifova təyin edilib. Söhbət əsnasında sevimli həkiminin adını məmnuniyyətlə çəkərək ondan xeyli razılıq etdi və Svetlana xanımın öz işinə həddən artıq məsuliyyətlə yanaşdığını , xəstələri üçün narahatlıq keçirdiyini, risqli hamiləlik keçirənlərə tez-tez zəng edib vəziyyətləri ilə maraqlandığını, lazımi məsləhətlər verdiyini bildirdi. Son baş çəkdiyimiz məkan isə oxucumuz Mədinə Qarayevanın bəhs etdiyi, Bayılda yerləşən 5 nömrəli doğum evi oldu. Qeydiyyat aparan qızlardan analizlər üçün nə qədər pul ödəyəcəklərini soruşan hamilə qadının anasına ” bura dövlət xəstəxanasıdır, bütün xərclər tibbi sığorta hesabına ödənir. O cümlədən müayinə və analizlər da daxil olmaqla hamısı ödənişsizdiz” cavabı verildi. Etiraf edim ki, bu sözləri esidəndə qulaqlarıma inanmadım və son illərədək “burası Azərbaycan, rüşvətsiz heç nə mümkün deyil” fikrinin hakim kəsildiyinı xatırladım. Nə qədər gənc qadının kasıblıq ucbatından evdə özbaşına, həkim nəzarətindən uzaqda doğuş keçirdiyi, bu səbəbdən bir çox ananın və ya uşağın, bəzi hallarda hər ikisinin həyatını itirməsi yadıma düşdü. Demək, hətta ən bərbad vəziyyətdə olan səhiyyədə belə qayda-qanun yaratmaq mümkünmüş. Sadəcə vəzifə borcuna vicdanla, bir də öz işinə sevgi və məsliyyətlə yanaşmaq lazım idi.
İllər boyu özbaşınalıq hökm sürən səhiyyə sahəsində bu ürəkaçan vəziyyətin yaradılması həqiqətən də məndə məmnunluq hissi doğurdu. Oxucumuz Mədinə xanımın bəhs etdiyi həkim Nigar Yusifova ilə görüşmək istədiyimi deyərək bu dəfə özümü jurnalist olaraq təqdim etdim. Oxucumuzin bizə müraciət etdiyini söyləyib Mədinə xanımın təşəkkürünü özüm şəxsan bu gülərüz, mehriban həkimə çatdırdım. Onunla ayaqüstü səhbət zamanı öyrəndim ki, Nigar xanım təhsilini Rusiyada alıb və 17 il bu ölkədə ginekoloq-həkim olaraq fəaliyyət göstərib, böyük təcrübə qazanıb. Tələssə də mənim xahişimi yerə salmayan Nigar xanımın qeysəriyyə əməliyyatı zamanı, təbii doğuşla dünyaya gəlmiş körpə ilə birlikdə, çətin doğuş zamanı ananı və körpəni xilas etdiyinə görə minnətdarlıq əlaməti olaraq ona hədiyyə edilən güllərin arasında şəkillərini çəkdim.
P.SBu yazı ilə Azərbaycan səhiyyəsində hazırda ideal vəziyyətin hökm sürdüyünü iddia etməkdən uzağam. Təbii ki, müəyyən problemlər, ayrı -ayrı tibb əməkdaşlarının məsuliyyətsiz yanaşmaları, pulu insan həyatından üstün bilən həkimlər var və gələcəkdə də olacaq. Necə deyərlər, iş olan yerdə problemlər qaçılmazdır. O cümlədən, inzibatı və hüquqi cəzalarla ləyaqət hissindən məhrum olanları cəmiyyətdən təcrid etmək və ya düz yola çəkmək göründüyü qədər də asan deyil. Zaman özü belə adamları səhiyyə sistemindən təcricən uzaqlaşdıracaq. Həkim adına layıq olmayanlar bu sahədə işləmək imkanını birdəfəlik itirəcəklər. Doymaq bilməyən nəfsləri onları geç-tez ifşa edəcək. Əsas olan müsbətə doğru atılan addımlardır, vəziyyətin düzəlməsinə istiqamətlənən böyük səy və istəyin olmasıdır. Bu cəhdlərin gələcəkdə daha effektiv nəticələr verəcəyinə isə gördüklərimdən sonra daha çox əminəm.