Media Məlumat Mərkəzinin Baş redaktoru Rövşən Qasımovun "VƏTƏNDAŞ və CƏMİYYƏT" məqaləsi Biz 2016- cı ildə “Milli tv. az” olaraq informasiya məkanına daxil olan vaxt ölkədə kifayət qədər media qurumu fəaliyyət göstərirdi. Məntiqi sual ortaya çıxa bilər ki, bu bolluqda yeni bir sayta niyə görə ehtiyac duyduq? Bəli, bu gün Kütləvi İnformasiya Vasitələrinin sayı kiçik bir məmləkətin oxucu kütləsi üçün həqiqətən də çoxdur. Amma əslində bu, aysberqin sadəcə görünən tərəfidir. Mənzərənin görünməyən tərəfləri odur ki, bu bolluq keyfiyyəti yox, kəmiyyəti ifadə edir. Məsələ burasındadır ki, mətbu orqanların bəziləri sarı mətbuata aiddir və onların təqdim etdiyi informasiya cəmiyyət üçün qətiyyən faydalı deyil. Əksinə, millətin zövqünü korlamaqla böyük ziyan verir. Başqa sözlə desək, bu saytlar ictimai fikri problemlərdən yayındırmaq, yalnız ucuz əyləncə ilə zövqləri bayağılaşdırmaqdan başqa heç nəyə nail olmayıblar. Bəzi saytlar ölkədə baş verənləri yalnız tünd rənglərlə təqdim edir, inkişaf proseslərindən bəhs etməkdən qərəzli şəkildə yayınırlar. Elə media qurumlarına da rast gəlinir ki, səhifələrində ya məddahlıq dolu, ya da pul qoparmaq üçün mahiyyəti şantaj və təhdiddən ibarət sifarişli yazılar yer alır. Adətən reket KİV kimi tanınsalar da onlar özlərini nüfuzlu qəzet və sayt kimi təqdim etməyi bacarırlar. Belələri dərk etmir ki, medianın qarşısında duran əsas vəzifə maarifləndirici missiyadır. Vətəndaşların problemlərini ictimailəşdirmək, onların həllində çarəsiz qalmış adamlara dəstək olmaq da KİV nümayəndələrinin başlıca vəzifələri sırasındadır.
Bu gün informasiya qurumlarının əsas problemlərindən biri oxucu itkisidir desək, yanılmarıq. İctimaiyyət arasında belə bir fikir formalaşıb ki, artıq saytların hamısını izləməyə ehtiyac yoxdur, cünki əksəriyyətində eyni yazılar, eyni xəbərlər toplusu yer alır. Qeyd edim ki, vaxtilə qəzetlərin iflas etməsində bu amil böyük rol oynadı. Qəzetlərin tarixin arxivinə atılması, eyni xəbərlərin hətta başlıqlarına toxunulmadan, xəbər agentliklərinin göndərdiyi formada verilməsindən qaynaqlanırdı. Halbuki peşakar jurnalist istənilən mənbədən götürdüyü informasiyanı maraqlı şəkildə işləyib xəbəri özününküləşdirməyi bacarmalıdlr. Təvazökarlıqdan uzaq olsa da qeyd edim ki, fəaliyyət göstərməyə başladığımız ilk gündən biz fərqli yol tutduq. Bizim saytı izləyənlər təsdiq edə bilər ki, ilk növbədə oxucularımızın şikayətlərini işıqlandıran yazılara daha çox üstünlük verir, həmin problemlərin həllinə nail olmağa çalışırıq. Eyni zamanda müxtəlif mövzulu müəllif yazılarına, jurnalist araşdırmalarına, o cümlədən, reportajlara da yer ayırırıq. Müxalifətin və ya iqtidarın tərəfində deyil, xalqın yanında olmağa səy göstəririk. Buna nə dərəcə nail olmağımız isə hər gün bizə ünvanlanan və sayı getdikcə artan oxucu məktublarından, onlayn müraciətlərdən bəlli olur.
Bizim məqsədimiz, sözün həqiqi mənasında, müstəqil fəaliyyət göstərmək, maarifləndirici missiyanı yerinə yetirmək, cəmiyyətdaxili qütbləşməni aradan qaldırmaq, gənc nəslin düşüncəsini manqurtlaşdıran, onların mədəni -sosial zövqünü bayağılaşdıran və mədəniyyətimizi aşağı səviyyəyə gətirib çıxaran dövlət və media qurumlarına qarşı mübarizə aparmaq, bəzi insanların cahilliyindən, hüquqi savadsızlığından yararlanıb onları aldadan, vəzifəsi xalqa xidmət etmək olsa da özünü “balaca padşah” sayan məmurlara “dur” demək, bu istiqamətdə ictimai fəallığı artıracaq bir media orqanı formalaşdırmaqdır. Bizə olan inamın getdikcə artması göstərir ki, öz hədəflərimizə doğru getdikcə daha əzmlə addımlayırıq. Ətrafımda mənə dəstək olan savadlı, peşakar və mübariz insanlar toplaşıb və biz əl-ələ verib üzərimizə götürdüyümüz bu çətin missiyanı cələcəkdə daha qətiyyətlə reallaşdırmağı hədəfləyirik. Əməkdaşlarımız rüşvətxorluq və korrupsiyaya qarşı tənqidi yazlır vasitəsilə mübarizə aparmaq, təhsildə, səhiyyədə və digər sahələrdə baş verən xoşagəlməz hallar zamanı vətəndaşın yanında olmaq, onlara hüquqi yardım göstərmək üçün ilk gündən səfərbər olublar. Əsas istəyimiz Azərbaycanda hüquqi dövlətin qurulması istiqamətində ardıcıl və prinsipial addımlar atan ölkə başçısının fəaliyyətini dəstəkləmək, cəmiyyətdə qanunun sözün həqiqi mənasında “şah” statusuna yüksəlməsinə öz töhvəmizi verməkdir. Bu məqamda oxucularda məram və məqsədimizlə bağlı daha aydın təsəvvür yaratmaq üçün dövlət və dövlətçiliklə bağlı mövqeyimizi açıqlamaq yerinə düşər. Birmənalı olaraq bu fikirdəyik ki, milli dövlətçilik maraqları hər yerdə və hər zaman qorunmalıdır. Bu, bizim üçün etirazsız qəbul olunan və dönmədən əməl edilən bir konsepsiya və qırmızı cizgimizdir. Bununla bağlı ilginc bir fakti xatırlatmaq istərdim. Bir neçə il əvvəl ABŞ-da milyonlarla insanın telefonlarının dinlənilməsi barədə informasiya KİV-ə sızmışdı.
Mənə bu məsələdə sadə vətəndaşların reaksiyası maraqlı gəlmişdi. İctimaiyyətin münasibətini öyrənmək üçün keçirilən sörğu zamanı insanlar telofonların dinlənilməsini deyil, bu məlumatın KİV-ə ötürülməsini qinamiş, bunu edənləri hətta satqın belə adlandırmışdılar. Bu məsələ əslində vətəndaşın şəxsi hüquqlarını pozmağa yönəlsə belə, terrorizmlə mübarizənin səmərəli təşkili naminə vətəndaşlar dövlətin yanında olduqlarını nümayiş etdirdilər. Milli dövlətçilik maraqlarını öz şəxsi maraqlarından üstün tutmaq əsil vətəndaş təəssübkeşliyinin bariz nümunəsi idi. Amma biz bəzən milliliklə millətçilik, dövlət və iqtidar arasında fərqi düzgün qiymətləndirmirik. Halbuki millilik xalqa, millətçilik isə kütləyə xas anlayışdır. Dövlət öz vətəndaşına məxsusdur, iqtidar isə dövləti təmsil edir. İqtidarla müxalifətdə olmaq normaldır, hətta inkişafın sürətlənməsi üçün bu, vacibdir. Dövlətə müxalif olmaq isə ictimai və milli maraqlara qarşı çıxmaq deməkdir. Əsil vətənpərvərlik də məhz Milli maraqları şəxsi maraqlardan öndə tutmaqdır. Çernişevski yazırdı ki, insanın ləyaqəti onun vətənpərvərliyinin gücü ilə ölçülür. Başqa bir rus mütəfəkkiri Belinski isə hesab edirdi ki, öz vətəninə mənsub olmayan adam bəşəriyyətə də mənsub ola bilməz. Bu fikirlər günümüz üçün də aktuallığını qoruyub saxlayır.
Belə ki, 44 günlük Vətən savaşında misilsiz qəhrəmanlıq nümayiş etdirən ordumuzu hünərlə irəli aparıb şanlı qələbəyə imza atan Ali Baş Komandanımız, ölkə rəhbəri cənab İlham Əliyevin torpaqlarımızı işğaldan azad etməsi faktı bütün dünyada təqdir ediərək mümkünsüzü mümkünə çevirmək kimi dəyərləndirdi. Amma vətənin çörəyi ilə böyüyüb ərsəyə çatandan sonra özünü kosmopolit adlandırıb bütün milli dəyərlərə arxa çevirənlər bu parlaq qələbənin miqyasını kiciltməyə çalışmaqla qalmayıb, ölkəmizə, onun rəhbərinə yalan və böhtanlar atmaqdan çəkinmədilər. Belələri “günüm harda xoş keçərsə ora mənə vətəndir” prinsipi ilə yaşamağa adət ediblər. Onların azərbaycanlı mahiyyətindən geridə qalan yalnız ad və soyadlarıdır. Bu adamlar üçün ictimai və milli maraqlar heç bir əhəmiyyət kəsb etmir. Çünki şəxsi maraqlarını hər şeydən, hətta Vətəndən belə üstün tuturlar.Guya dedikləri böhtan-şər deyil, ictimaiyyətin maraqlarını qorumaq üçündür. Onlara xalqin verdiyi “vətənşüvənlər” adı əsil mahiyyətlərini ortaya çıxarır. Nə yaxşı ki, belələri dəryada damla kimidir. Ölkə hüdüdlarından kənarda yaşayan nə qədər soydaşımız var ki, Azərbaycanın milli dövlətçilik maraqlarının qorunması yolunda əllərindən gələni əsirgəmirlər. Elə 44 günlük Vətən müharibəsində və ondan sonra da cəsur həmvətənlərimizin dünyanın müxtəlif ölkələrində qəhrəman ordumuza, Siahlı Qüvvələrimizin rəşadətli komandanına dəstək üçün təşkil etdikləri nümayşlər, ermənilərin fitnəkar fəaliyyətlərinin qarşısını almaq üçün səfirliklərimizin qarşısında gecə -gündüz növbə çəkmələri, yaşadıqları ölkədə Qarabaq həqiqətlərini yaymaq üçün etdikləri fədakarlıqlar təqdir olunur və ounmalıdır.
Şəhidlik zirvəsinə yüksələn, ölkəsi-xalqı yolunda hər iki müharibə zamanı cəsarət-igidliklə ölməzlik qazanan on minlərlə vətən övladının adı qəlblərimizə əbədi həkk olunub. Əbədiyyətə qovuşan şəhidlərimiz arasında Mubariz İbrahimovun göstərdiyi mislisiz qəhrəmanlıq dastanı sərhədləri aşdı və bütün dünyanı heyrətə salaraq, dostlarımızın qürur, iftixar mənbəyinə çevrildi, düşmənlərimizin qəlbinə isə sonsuz qorxu saldı. Onun qısa ömür payı kəsimində yazdığı igidlik səlnaməsi gənclərimizə əsil örnək nümunəsi olmaqla, yeni qəhrəmanlar ordusunun yetisməsinə böyük təkan verdi. 44 gün ərzində yeni-yeni Mubarizlər öz mislisiz qəhrəmanlıqları ilə tarix səhəfələrinə inanılmaz dastanlar həkk etdilər. Həqiqətən də qəhrəman o adamdır ki, həlledici anda özünün deyil, cəmiyyətin nənafeyini öndə tutur. Qəhrəmanlıq təkcə cəbhədə vuruşmaqla qəzanılmır. Vətəndaş olaraq da görülən vacib işlər, ölkə yüklü problemlərin uğurlu həlli yolunda ürəklə çalışmaq insanı fərqləndirə bilir. Bu baxımdan, milli-dövlətçilik maraqlarının qorunmasında vətəndaş fəallığı və təəssübkeşliyi vacib amillərdəndir. Çünki ictimai fəallıq cəmiyyəti inkişaf etdirməklə yanaşı, zərərli təsirlərdən də qorumaq iqtidarındadır. Digər tərəfdən, vətəndaş dövlətin mənafeyini qoruduğu kimi, dövlət də öz vətəndaşının rifahı qayğısına qalmalıdır. Başqa sözlə desək, bu qarşılıqlı olmalıdır.
Vaxtilə N. Nərimanov da bu amili nəzərdə tutaraq yazırdı:”Siz özünüzü bir millətdən hesab edirsinizsə, özünüzün müəyyən bir vətəniniz varsa, həmin millətin, həmin vətənin dərd-qəmi sizin dərdiniz, qəminizdir və ya bir millət , vətən sizi öz üzvü hesab edirsə, sizin dərdiniz qəminiz millət və vətən üçün ümumi dərd və qəm olmalıdır. Yəni vətəndaş öz dövlətinin, dövlət də öz vətəndaşının dərdinə biganə qalmamalıdır. Çünki Milli dövlətçilik maraqlarının qorunmasında vətəndaş təəssübkeşliyinə əngəl törədən əsas amillərdən biri məhz biganəlikdir. Sevdiyim yazıçılardan biri olan Kafka biganəliyi ruhun xərçəngi adlandırmışdı. Bu qorxulu “xəstəlik” özünü “məndən ötsün, başqasına dəysin”formasında təcəccüm etdirir. J. Penar isə yazırdı:” Dilənçiliyin kiçik bacısı var, həmişə böyük bacısının yanında olur və ona altdan-altdan təsəlli verir. Bu biganəlikdir.”Təəssüf ki, biz də bu “xəstəlikdən” sığortalanmamışıq. Yolda gedərkən su borusunun partladığını görür, müvafiq quruma zəng etrmədən ordan uzaqlaşırıq. Bu işi görməyi başqalarından gozləyirik və nəticədə xeyli içməli su itkiyə gedir. Biri siqaretin kötüyünü söndürmədən otluğa atıb gedir və yanğın başlayır. Yanan kiçik yeri dərhal söndürmək əvəzinə yolumuza davam edir, axşam isə efirdən böyük yanğın barədə sujeti təəccüblə izləyirik. Digər qarşılaşdığımız qusurlara da mudaxillə etmədiyimiz üçün bizim laqeydliyimizdən böyük fəsadlar törəyir. Məhz bu səbəbdən biganəlik-laqeydlik kimi zərərli vərdişin qarşısı vaxtında alınmalıdır.
Məni narahar edən digər məqam bəzi həmkarlarımın ölkədə gedən quruculuq, abadlıq, işğaldan azad edilən bölgələrdə görülən irihəcmli işlər prosesinə obyektiv nəzər salmaq əvəzinə qara eynək arxasından baxmaları, Cəfər Cabbarlının “”Sevil” pyesinin Məmmədəlisi kimi, hər şeyi inkar edib pozitiv hər nə varsa görməzlikdən gəlmələri, nöqsanları isə əksinə şişirdib dağ böyda göstərmələridir. Belələri hansı məqsədi güdürlər, kimin dəyirmanına su tökürlər, məlum deyil. Mən heç də cərəyan edən proseslərə sadəcə cəhrayı eynək arxasından baxaraq qüsurları, problemləri yox saymağın tərəfdarı deyiləm. İş olan yerdə problemlərin mövcudluğu qaçılmazdır. Digər tərəfdən, ölkənin idarəetmə sistemindəki ciddi qüsurlar məni də az narahat eləmir. Məsələn məmur özbaşınalıqları, hakimlərin çlxardığı haqsız qərarlar, hökümət eşalonunda rüşvət və korrupsiya bataqlığının mövcudluğu, qanunlardakl boşluqlar, arabanın besinci təkərinə çevrilmis izafi qurumların (Məsələn MİS-lər... Ölkə qanuynvericilyinə əsasən bu qurumlar de- yure mövcud olmasalar da, de -fakto fəaliyyət göstərirlər və onların insanlardan hansı əsasla pul toplamasına açıqlama gətirən yoxdur) ləğvinin yubanması kimi problemlər barədə biz də hər gün yazır və səlahiyyətli qurumların diqqətinə çatdırırıq. Amma görülən nəhəng miqyaslı işləri görməzdən gəlmək ən azından insafsızlıqdır. Elə Asan Xidmətlər şəbəkəsini göturək. Həmin qurumların fəaliyyətə başlamasına qədər nə qədər əsəb, vaxt və maliyyə itkisinə məruz qaldığımızı unutmaq olarmı? Bakının vaxtilə ən “çirkli şəhər” adlandırılmasını da unutmamışıq. Halbuki beynəlxaq sorğu mərkəzlərinin son reytinq cədvəllərinə əsasən Bakı,hazırda ən təmiz şəhərlər sırasında yer alır. Paytaxtın zibilliklərdən birdəfəlik xilas olunmasında Ramanada tikilən poliqonun xidmətini qeyd etməmək mümkün deyil. Son 10 ildə respublikanın yol tikintisi, nəqliyyat sistemi, qeyri-neft sektoru sahəsində aydın nəzərə çarpan nəhəng inkişafı görməmək üçün sadəcə kor olmaq lazımdır.
Vətəni sevmək, onun uğrunda can verməyə hazlr olmaq gəlişigözəl sözlər deyil. Bizim cəmiyyət vətənsevən olduğunu 44 günlük çətin savaş günlərində nümayiş etdirdi. İqtidarlı müxalifətli bütün millətin bir yumruq kimi ordumuz, All Baş komandan ətrafında birləşməsi bunun bariz göstəricisinə çevrildi. Biz həm döyüş meydanlarında, həm də informasiya müharibəsində zəfər çalmağı bacardıq. Çünki media döyüşçülərinin bu mübarizədə əsas silahı düşmən tərəfi kimi dezinformasiya yox, həqiqət idi. Həqiqət isə elə müdhiş gücə malik “silahdır” ki, onunla qələbə çalmamaq mümkün deyil. Sevindirici haldır ki, virtual rəqabət məkanında bizim vətəndaşlar fəal iştirak edərək ümumi qələbəmizə töhvə verməyə naul oldular. Məlum məsələdir ki, insanın xarakteri kiçik yaşlardan formalaşır. Xarakter isə prinsipial olmaq bacarığından ibarətdir. Vətəni sevməyi, bu ölkənin vətəndaşı olmaqla fəxr etməyi, milli və ictimai maraqların mahiyyətini gənc nəslə öyrətmək hər bir valideyn və müəllim kimi biz media nümayəndələrinin də borcudur. Keçmiş ABŞ prezidenti Vilson da vaxtilə ölkə pedaqoqlarının belə vəzifə daşıdığını qeyd edərək, vətənin böyüklüyünün onun siravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunduğunu bildirmişdı. Gəlin biz də böyük olmağa və Vətənimizi də böyük tutmağa çalışaq. Ümummilli liderimiz Heydər Əliev kimi hər birimiz azərbaycanlı olmağımızıla fəxr etməyi bacaraq.
Qarşıdakı uzun və incə yolda biz əsas dəstək kimi sizə güvənirik əziz oxucular!İlk çağırışları sizdən çoxdan almışıq və davamını hər zaman gözləyirik. Bizə öz problemlərinizdən yazın, yazın ki, sizə kömək etmək üçün qələmimizi itiləyib yola çıxmağa tələsək. Biz ilk gündən sizin yanınızda olduq və bundan sonra da olmağa davam edəcəyik. Buna əmin ola bilərsiniz.
Baş redaktor Rövşən Qasımov.